AQTA koronavirusun profilaktikası çərçivəsində nəzarət tədbirlərini gücləndirib
7 İyul 2020 10:25
Ölkə ərazisində koronavirusun (COVİD-19) yayılmasının qarşısının alınması məqsədi ilə tətbiq edilən xüsusi karantin rejimi dövründə əhalinin sağlamlığının qorunması, təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə, xidmət və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində nəzarət tədbirləri davam etdirilir.
Belə ki, AQTA əməkdaşları tərəfindən 21 may-05 iyul 2020-ci il tarixlərində Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 876 turizm və otelçilik, 7 099 ictimai iaşə obyekti, 9 023 ərzaq satışı mağazası olmaqla ümumilikdə 16 998 müəssisədə reydlər keçirilib. Keçirilən reydlər zamanı uyğunsuzluq aşkarlanan 5 turizm və otelçilik, 209 ictimai iaşə və 326 ərzaq satışı ilə məşğul olan müəssisələr barəsində inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Həmçinin 13 ərzaq məhsullarının satışı ilə məşğul olan müəssisə və 27 ictimai iaşə müəssisəsi barəsində məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilmişdir.
Qeyd edək ki, Agentlik tərəfindən bu sahədə bir neçə metodiki göstəriş hazırlanaraq müvafiq sahibkarlıq subyektlərinə rəsmi şəkildə təqdim olunub. Maarifləndirmə tədbirləri çərçivəsində respublikamızın bütün bölgələrində, eləcə də Bakı şəhərində fəaliyyət göstərən ərzaq məhsullarının satışı məntəqələrində AQTA əməkdaşları tərəfindən hazırlanmış təşviqat xarakterli çap materialları da ərzaq satışı məntəqələrində yerləşdirilib.
Görülən bütün tədbirlərə, verilən tövsiyələrə baxmayaraq bəzi ictimai iaşə və ərzaq məhsullarının satışı ilə məşğul olan subyektlərdə Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərinin pozulması halları hələ də aşkarlanmaqdadır.
Təəssüflə bildiririk ki, cəmiyyətdə koronavirusla (COVID-19) mübarizə tədbirlərinin pozulması halları davam etdiyindən hər gün yüzlərlə vətəndaşımız virusa yoluxmaya məruz qalır. Yoluxma sayının artmasında əsas səbəblərdən biri də bəzi vətəndaşların istər sahibkar, istər istehlakçı üzərinə düşən, əslində çox sadə məsələlərin- sosial məsafə, maska taxmaq və əllərin mütəmadi dezinfeksiyası və s. bu kimi qaydalara əməl etməməsidir.
Bu səbəblə prosesdə iştirak edən bütün tərəflərin-sahibkarların, istehlakçıların, eyni zamanda hər bir vətəndaşın sosial məsuliyyətini dərk etməsi, özünün, sevdiklərinin və ailə üzvlərinin sağlamlığı naminə təhlükəsiz qida nəzarətçisinə çevrilməsi vacibdir. AQTA hər bir sahibkarı və istehlakçını bu istiqamətdə nümunəvi vətəndaş mövqeyi ortaya qoymağa və ictimai nəzarətin təmin olunmasında aktiv iştiraka dəvət edir.
Qida Təhlükəsizliyi Agentliyi bir daha ərzaq məhsullarının ticarəti ilə məşğul olan sahibkarlara və ictimai iaşə subyektlərinə müraciət edərək, koronavirusla bağlı tətbiq olunmuş xüsusi rejimə əməl etməyə, bu sahədə Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş metodiki göstərişlərin tələblərinə ciddi şəkildə riayət etməyə çağırır.
Oxşar xəbərlər
Fındıq istehsalçıları və ixracatçıları ilə görüş keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fındıq istehsalçıları və ixracatçılarının iştirakı ilə onlayn görüş keçirib. Görüşdə fındıq bağlarında zərərli orqanizmlərin, xüsusilə qəhvəyi mərmər bağacığının (Halyomorpha halys) yayılmasının qarşısının alınması, mütəmadi monitorinqlərin aparılması və kompleks mübarizə tədbirlərinin tətbiqi müzakirə olunub. Həmçinin bitki mühafizə vasitələrindən düzgün istifadə, pestisid qalıqlarına dair normalar və ixrac ölkələrinin fitosanitar tələbləri barədə məlumat verilib. İstehsalçı və ixracatçıların qarşılaşdıqları problemlər dinlənilib, onların həlli yolları və müvafiq tədbirlərin görülməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Qax rayonunda qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Şəki-Zaqatala regional bölməsinin fitosanitar müfəttişləri tərəfindən qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib. Tədbirlər zamanı Qax rayonunun Qaradolaq, Qındırğa və Alatəmir kəndlərində sakinlərlə görüşlər keçirilib. Sakinlərə zərərvericinin yayılma xüsusiyyətləri, kənd təsərrüfatı bitkilərinə, xüsusilə meyvə və digər bitkilərə vurduğu zərər, məhsul itkisinə səbəb ola bilən amillər, eləcə də zərərvericiyə qarşı mübarizə üsulları barədə ətraflı məlumat verilib. Bildirilib ki, hazırda havaların soyuması və zərərvericinin mövsümi inkişaf xüsusiyyətləri ilə əlaqədar qışlama yerlərinə doğru kütləvi miqrasiyası müşahidə olunur. Payız-qış dövründə ən səmərəli və təhlükəsiz yanaşmalardan biri zərərvericinin mexaniki üsulla (əl ilə, süpürgə və ya tozsoran vasitəsilə) toplanaraq məhv edilməsidir. Bu tədbirlərin vaxtında və kütləvi şəkildə həyata keçirilməsi növbəti vegetasiya dövründə zərərvericinin sayının və yayılma ehtimalının azaldılmasında mühüm əhəmiyyət daşıyır. Tədbirlərdə kənd sakinlərini maraqlandıran suallar cavablandırılıb, praktiki tövsiyələr verilib, maarifləndirici bukletlər paylanılıb. İctimai yerlərdə isə zərərverici ilə mübarizəyə dair məlumatlandırıcı posterlər yerləşdirilib.
Ağsu və Qobustan rayonlarında nar istehsalçıları ilə görüşlər keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Dağlıq Şirvan regional bölməsi Ağsu rayonunun Cəlayir, Kəndoba, Hacıuşağı, eləcə də Qobustan rayonunun Poladlı, Təsi və Yekəxana kəndlərində nar istehsalçıları ilə görüşlər keçirib. Tədbirlərdə nar bağlarında bitki sağlamlığının qorunması məsələləri müzakirə olunub, zərərverici və xəstəliklərə qarşı effektiv mübarizə üsulları, aqrotexniki qulluq qaydaları və fitosanitar tələblər barədə ətraflı məlumat verilib. Narın həm yerli, həm də xarici bazarlara çıxışı zamanı karantin tələblərinə əməl edilməsinin vacibliyi vurğulanıb. İstehsalçılara daxili karantin sertifikatının əhəmiyyəti, ixrac olunan məhsullarda pestisid qalıqlarının icazə verilən norması izah edilib, ixrac prosesində məhsullardan götürülən nümunələrin laborator müayinələrə cəlb edilməsinin əhəmiyyəti diqqətə çatdırılıb. Bildirilib ki, zərərvericilərin erkən aşkarlanması üçün mütəmadi fitosanitar müşahidələr aparılmalı, təsərrüfatlarda bitki mühafizə vasitələrindən istifadə edərkən tətbiq reqlamentinə və təhlükəsizlik qaydalarına ciddi riayət olunmalıdır. Daha sonra təsərrüfat sahiblərinin sualları cavablandırılıb və qarşılıqlı fikir mübadiləsi aparılıb. Nar istehsalçılarının maarifləndirilməsi məqsədilə təşkil olunan görüşlər regionun digər rayonlarında da davam etdiriləcək.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş