AQTA Lənkəran, Masallı və Cəlilabadda antisanitar şəraitdə süd və süd məhsulları istehsal edən sexlər aşkarlayıb
8 İyul 2019 07:59
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Agentliyə Lənkəran, Masallı və Cəlilabad rayonlarında yerləşən, sanitar-gigiyena və texniki normativ sənədlərin tələblərinə əməl etmədən fəaliyyət göstərən süd və süd emalı müəssisələrində qanunsuz yollarla süd məhsullarının- saxta kərə yağının istehsal olunması ilə bağlı məlumat daxil olub.
Daxil olan məlumat əsasında Cəlilabad rayonunun Ocaqlı kəndi, Masallı rayonunun Boradigah qəsəbəsində süd qəbulu və emalı sexlərində, Masallı rayonunun Şərəfə, Viləş və Çaxırlı kəndlərində və Lənkəran şəhərinin Boladi kəndində yerləşən süd qəbulu məntəqələrində reydlər keçirilmiş, xammalın qəbulu və istehsalı sahələrində anti-sanitar vəziyyətin hökm sürdüyü və emal prosesində müxtəlif bitki yağları – marqarin, spred yağlarından istifadə edilərək “nehrə yağı”, “kərə yağı” adları altında qanunsuz yollarla yağların, süd məhsullarının istehsal olunması faktları öz təsdiqini tapmışdır. Yerlərdə aparılan araşdırmalar zamanı qəbul və istehsal müəssisələrində xammalın qəbulu, istehsalı zamanı sanitar-gigiyena və texniki-normativ tələblərin ciddi şəkildə pozulduğu müəyyən olunub.
Aşkar olunan faktlar əsasında aşağıda adları qeyd olunan istehsal və emal müəssisələri ilə bağlı qanunvericilik çərçivəsində tədbirlər həyata keçirilir.
1) Masallı rayonu, Boradigah qəsəbəsində yerləşən Qəniyev Fərhad Allahşükür oğluna məxsus süd qəbulu və emalı sexi
2) Cəlilabad rayonu, Ocaqlı kəndində yerləşən Əsgərov Zakir Vəli oğluna məxsus süd qəbulu və emalı sexi
3) Masallı rayonu, Şərəfə kəndində yerləşən Cəbrayılov Elçin Cabir oğluna məxsus süd qəbulu məntəqəsi
4) Masallı rayonu, Viləş kəndində yerləşən Məmmədov Elmidar Vaqif oğluna məxsus süd qəbulu məntəqəsi
5) Lənkəran şəhəri, Boladi kəndində yerləşən Babayev Xasay Cəbrayıl oğluna məxsus süd qəbulu məntəqəsi
6) Masallı rayonu, Çaxırlı kəndində yerləşən Qədirov Qədir Yarımşah oğluna məxsus süd qəbulu məntəqəsi
Aşkar olunan qanunsuz fəaliyyətlər və onların nəticələri ilə bağlı geniş araşdırmaların aparılması üçün məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Fermer üçün yeni mərhələ: heyvanın identikləşdirilməsindən məhsulun izlənilməsinədək
Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı çərçivəsində heyvanların identikləşdirilməsi sisteminin təkmilləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur. Dövlət Proqramının tədbirlər planının 8.5.3-cü bəndinə əsasən həyata keçiriləcək tədbirlər ilk növbədə heyvan sahiblərinin təsərrüfatlarında heyvanların uçotunun və hərəkətinin daha dəqiq izlənilməsinə imkan yaradacaq. Bu isə fermer üçün təsərrüfatındakı heyvanlarla bağlı məlumatların daha sistemli şəkildə aparılması deməkdir. Heyvanın identikləşdirilməsi onun hansı təsərrüfata məxsus olduğunu, hərəkətini və baytarlıq məlumatlarını izləməyə imkan verəcək. Nəticədə xəstəliklərin aşkarlandığı hallarda risk altında olan heyvanların və təsərrüfatların daha sürətli müəyyənləşdirilməsi, müvafiq baytarlıq tədbirlərinin vaxtında həyata keçirilməsi mümkün olacaq. Sistem fermer üçün heyvanların sağlamlıq vəziyyətinə nəzarətin gücləndirilməsinə də şərait yaradacaq. Xəstəliklərin yayılmasının qarşısının daha effektiv alınması təsərrüfatların qorunmasına, heyvan itkilərinin və bununla bağlı iqtisadi zərərlərin azaldılmasına xidmət edəcək. Heyvanların identikləşdirilməsi eyni zamanda heyvan mənşəli məhsulların izlənəbilənliyinin təmin olunmasında mühüm rol oynayacaq. Beləliklə, məhsulun hansı təsərrüfatdan əldə edildiyi barədə məlumatların müəyyənləşdirilməsi qida təhlükəsizliyi zəncirində nəzarətin gücləndirilməsinə imkan verəcək. Dövlət Proqramının icrası çərçivəsində heyvan sahiblərinin identikləşdirmə prosesi barədə məlumatlandırılması və bu istiqamətdə maarifləndirmə tədbirlərinin davam etdirilməsi də nəzərdə tutulur. Beləliklə, identikləşdirmə sistemi fermer üçün yalnız heyvanların qeydiyyata alınması deyil, həm də təsərrüfata nəzarətin gücləndirilməsi, heyvan sağlamlığının qorunması, risklərin vaxtında müəyyənləşdirilməsi və istehsal olunan məhsulların izlənəbilənliyinin təmin edilməsi baxımından əhəmiyyət daşıyır. Bu yanaşma fermer üçün heyvanın qeydiyyatından başlayaraq onun sağlamlıq vəziyyətinin izlənilməsinə, daha sonra isə heyvan mənşəli məhsulların hərəkətinin izlənilməsi imkanlarının genişləndirilməsinə şərait yaradacaq.
Heyvan bazarlarında yeni mərhələ: müasir infrastruktur və gücləndirilmiş baytarlıq nəzarəti
Ölkə üzrə heyvan bazarlarında ötən ildən başlanan yenidənqurma işlərinin əsas hissəsi artıq yekunlaşıb. Yenilənmiş bazarlarda müasir baytarlıq-sanitariya tələblərinin tətbiqi, heyvanların identifikasiyası və hərəkətinin izlənilməsi üçün zəruri infrastruktur yaradılıb. 1 il ərzində ümumilikdə ölkə üzrə 22 heyvan bazarı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Kollegiyasının Qərarı ilə təsdiq edilmiş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun yenidən qurularaq istifadəyə verilib. Yenidənqurma işləri zamanı əvvəlki bazarlarda mövcud olan baytarlıq-sanitariya və sanitar-gigiyenik tələblərə əməl olunması ilə bağlı çatışmazlıqların aradan qaldırılmasına xüsusi diqqət yetirilib. Bu istiqamətdə sahibkarlıq subyektləri ilə AQTA-nın birgə fəaliyyəti nəticəsində böyük bir layihə qısa zaman kəsiyində icra edilib. Müasir heyvan bazarlarında heyvanların baytar nəzarətində qəbulu, identifikasiyası və hərəkətinin izlənilməsi həyata keçirilir. Bu tədbirlər heyvan xəstəliklərinin vaxtında aşkarlanmasına, onların yayılma riskinin azaldılmasına və ümumi epizootoloji təhlükəsizliyin təmin edilməsinə imkan yaradır. Beləliklə, yenilənmiş və yeni inşa edilən heyvan bazarları yalnız alqı-satqı məkanı deyil, həmçinin heyvan sağlamlığının qorunması, baytarlıq nəzarətinin və sanitariya tələblərinin təmin edildiyi müasir infrastruktur kimi fəaliyyət göstərir. Daha ətraflı:
Daşkəsəndə heyvanların identifikasiyası ilə bağlı maarifləndirici tədbir keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Gəncə-Daşkəsən regional bölməsi və Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə heyvanların identifikasiyası işlərinin təşkilinə həsr olunmuş maarifləndirici görüş keçirilib. Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzinin, rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin nümayəndələrinin, həmçinin rayon ərazisində fəaliyyət göstərən heyvandarlıq təsərrüfatı sahiblərinin iştirak etdikləri görüşdə heyvanların identifikasiyasının əhəmiyyəti barədə ətraflı məlumat verilib. Tədbirdə bildirilib ki, heyvanların fərdi identifikasiyası baytarlıq tədbirlərinin daha dəqiq və səmərəli həyata keçirilməsinə, xəstəliklərin vaxtında aşkarlanmasına və onların yayılmasının qarşısının alınmasına mühüm töhfə verir. Eyni zamanda, diqqətə çatdırılıb ki, identifikasiya prosesi Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) vasitəsilə icra olunur. Sistem vasitəsilə heyvanların qeydiyyatı və onlar barədə məlumatların elektron uçotunun aparılması təmin olunur.
Giriş