AQTA mehmanxanaların ictimai iaşə sahələrində xidmətin təşkili ilə bağlı sahibkarlara müraciət etdi
22 Sentyabr 2020 17:14
Əhalinin sağlamlığının qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə, pandemiya şəraitində mehmanxanaların ictimai iaşə məkanlarında xidmətlərin təşkili Nazirlər Kabinetinin müvafiq qərarı və normativ hüquqi sənədlərin tələblərinə uyğun həyata keçirilməlidir.
İnfeksiyanın yayılma riskini azaltmaq üçün qonaqlar arasında növbənin tənzimlənməsi əsas şərtlərdən biridir. Belə ki, mehmanxanaların daxilindəki ictimai iaşə məkanlarında növbə sistemi qurulmalı, baryerlər qoyulmalı və ya işçi heyət tərəfindən qonaqların yönləndirilməsi təmin edilməlidir. Həmçinin azı 2 metrlik fiziki (sosial) məsafənin təmin edilməsi məqsədilə, iaşə məkanında növbə yarana biləcək bütün ərazilərin döşəmələri xüsusi işarələrlə nişanlanmalıdır.
İstər qonaqlar, istərsə də işçi heyət tərəfindən əl və tənəffüs gigiyenasına riayət edilməsi COVID-19-a yoluxmanın qarşısını alan vacib şərtlərdəndir. İctimai iaşə zonalarına yalnız qoruyucu maskadan istifadə edən qonaqlar daxil ola bilərlər. Maskası olmayan şəxslərə isə girişdə maskalar təqdim edilməlidir. Yeyib-içmə zamanından başqa, bütün digər vaxtlarda və masanı tərk etdikdə qonaqların maskadan istifadə etmələrinə nəzarət olunmalıdır.
Hava-damcı yolu ilə ötürülən xəstəliklərin, xüsusilə də COVID - 19-un yayılmasının qarşısının alınması üçün, ümumi istifadədə olan çay və qəhvə maşınları, su dispenserləri və digər avadanlıqlardan içkilərin yalnız mehmanxana işçisi tərəfindən qonaqlara təqdim olunması tövsiyə edilir. Qaydalara əsasən, açıq bufet xidməti, habelə mehmanxananın ictimai iaşə məkanlarından kənarda özünəxidmət yolu ilə yeyib-içmək xidməti fəaliyyət göstərməməlidir.
Tələblərə əməl edilməsinə nəzarəti həyata keçirmək məqsədi ilə, aidiyyəti qurumların əməkdaşlarından ibarət birgə monitorinq qrupları paytaxt Bakı ilə yanaşı, respublikanın bütün bölgələrində mütəmadi olaraq monitorinqlər həyata keçirir. Monitorinqlər zamanı sahibkarlıq subyektlərində metodiki göstərişlərin tələblərinə əməl edilməsi vəziyyəti öyrənilir, sahibkarlara Nazirlər Kabinetinin müvafiq qərarı və normativ hüquqi sənədlərin tələbləri izah edilir.
Aparılan monitorinqlər zamanı mehmanxanalarda Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi sözügedən sahədə fəaliyyət göstərən sahibkarlara bir daha müraciət edərək bildirir ki, istehlakçıların və mehmanxana əməkdaşlarının sağlamlığının qorunması istiqamətində mehmanxanaların ictimai iaşə məkanlarında xidmətlərin təşkili Nazirlər Kabinetinin müvafiq qərarı və normativ hüquqi sənədlərin tələblərinə uyğun həyata keçirilməlidir. Əks təqdirdə, qanunvericiliyin tələblərini pozmuş şəxslər inzibati məsuliyyətə cəlb olunaraq, barələrində qanunla nəzərdə tutulmuş tədbirlər görüləcək, müvafiq qərarlar qəbul ediləcəkdir.
Oxşar xəbərlər
Fındıq istehsalçıları və ixracatçıları ilə görüş keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fındıq istehsalçıları və ixracatçılarının iştirakı ilə onlayn görüş keçirib. Görüşdə fındıq bağlarında zərərli orqanizmlərin, xüsusilə qəhvəyi mərmər bağacığının (Halyomorpha halys) yayılmasının qarşısının alınması, mütəmadi monitorinqlərin aparılması və kompleks mübarizə tədbirlərinin tətbiqi müzakirə olunub. Həmçinin bitki mühafizə vasitələrindən düzgün istifadə, pestisid qalıqlarına dair normalar və ixrac ölkələrinin fitosanitar tələbləri barədə məlumat verilib. İstehsalçı və ixracatçıların qarşılaşdıqları problemlər dinlənilib, onların həlli yolları və müvafiq tədbirlərin görülməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Qax rayonunda qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Şəki-Zaqatala regional bölməsinin fitosanitar müfəttişləri tərəfindən qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib. Tədbirlər zamanı Qax rayonunun Qaradolaq, Qındırğa və Alatəmir kəndlərində sakinlərlə görüşlər keçirilib. Sakinlərə zərərvericinin yayılma xüsusiyyətləri, kənd təsərrüfatı bitkilərinə, xüsusilə meyvə və digər bitkilərə vurduğu zərər, məhsul itkisinə səbəb ola bilən amillər, eləcə də zərərvericiyə qarşı mübarizə üsulları barədə ətraflı məlumat verilib. Bildirilib ki, hazırda havaların soyuması və zərərvericinin mövsümi inkişaf xüsusiyyətləri ilə əlaqədar qışlama yerlərinə doğru kütləvi miqrasiyası müşahidə olunur. Payız-qış dövründə ən səmərəli və təhlükəsiz yanaşmalardan biri zərərvericinin mexaniki üsulla (əl ilə, süpürgə və ya tozsoran vasitəsilə) toplanaraq məhv edilməsidir. Bu tədbirlərin vaxtında və kütləvi şəkildə həyata keçirilməsi növbəti vegetasiya dövründə zərərvericinin sayının və yayılma ehtimalının azaldılmasında mühüm əhəmiyyət daşıyır. Tədbirlərdə kənd sakinlərini maraqlandıran suallar cavablandırılıb, praktiki tövsiyələr verilib, maarifləndirici bukletlər paylanılıb. İctimai yerlərdə isə zərərverici ilə mübarizəyə dair məlumatlandırıcı posterlər yerləşdirilib.
Ağsu və Qobustan rayonlarında nar istehsalçıları ilə görüşlər keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Dağlıq Şirvan regional bölməsi Ağsu rayonunun Cəlayir, Kəndoba, Hacıuşağı, eləcə də Qobustan rayonunun Poladlı, Təsi və Yekəxana kəndlərində nar istehsalçıları ilə görüşlər keçirib. Tədbirlərdə nar bağlarında bitki sağlamlığının qorunması məsələləri müzakirə olunub, zərərverici və xəstəliklərə qarşı effektiv mübarizə üsulları, aqrotexniki qulluq qaydaları və fitosanitar tələblər barədə ətraflı məlumat verilib. Narın həm yerli, həm də xarici bazarlara çıxışı zamanı karantin tələblərinə əməl edilməsinin vacibliyi vurğulanıb. İstehsalçılara daxili karantin sertifikatının əhəmiyyəti, ixrac olunan məhsullarda pestisid qalıqlarının icazə verilən norması izah edilib, ixrac prosesində məhsullardan götürülən nümunələrin laborator müayinələrə cəlb edilməsinin əhəmiyyəti diqqətə çatdırılıb. Bildirilib ki, zərərvericilərin erkən aşkarlanması üçün mütəmadi fitosanitar müşahidələr aparılmalı, təsərrüfatlarda bitki mühafizə vasitələrindən istifadə edərkən tətbiq reqlamentinə və təhlükəsizlik qaydalarına ciddi riayət olunmalıdır. Daha sonra təsərrüfat sahiblərinin sualları cavablandırılıb və qarşılıqlı fikir mübadiləsi aparılıb. Nar istehsalçılarının maarifləndirilməsi məqsədilə təşkil olunan görüşlər regionun digər rayonlarında da davam etdiriləcək.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş