AQTA-nın adından istifadə edən dezinfeksiya şirkətlərinə xəbərdarlıq edilib
29 Yanvar 2026 15:50
Son dövrlər Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) daxil olan müraciətlər və aparılan nəzarət tədbirləri zamanı müəyyən edilib ki, bəzi dezinfeksiya xidməti göstərən özəl şirkətlər tərəfindən Agentliyin adından sui-istifadə hallarına yol verilir. Belə ki, sözügedən şirkətlərin nümayəndələri qida sahəsində fəaliyyət göstərən obyektlərə daxil olaraq özlərini Agentliyin əməkdaşı kimi təqdim edərək, dezinfeksiya xidmətləri ilə bağlı müqavilə bağlamağı təklif edirlər. Bu xidmətlərdən imtina edildiyi halda isə obyektlərdə nəzarət tədbirlərinin aparılacağı, barələrində ciddi tədbirlərin görüləcəyi ilə bağlı əsassız iddialar irəli sürürlər.
AQTA bildirir ki, Agentlik dezinfeksiya xidməti göstərən qurum deyil. AQTA-nın hər hansı dezinfeksiya xidməti həyata keçirən şirkəti mövcud deyildir. Dezinfeksiya xidmətləri göstərən şəxslər lisenziya əsasında fəaliyyət göstərən müstəqil sahibkarlıq subyektləridir.
Qeyd edək ki, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, qida obyektlərinin sahibləri öz müəssisələrində mütəmadi olaraq dezinfeksiya tədbirləri həyata keçirməli və bu tədbirlərin icrasını təsdiq edən müvafiq sənədləri saxlamalıdırlar. Agentlik isə yalnız bu tələblərə əməl olunmasına nəzarəti həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
AQTA sahibkarları diqqətli olmağa çağırır və bu kimi hallarla rastlaşdıqları təqdirdə, Agentliyin adından sui-istifadə edən şəxslər və ya şirkətlər barədə “1003-Çağrı Mərkəzi”nə məlumat vermələrini xahiş edir. Eyni zamanda, Agentliyin adından sui-istifadə edən dezinfeksiya şirkətləri belə hallara təkrar yol verəcəyi təqdirdə barələrində zəruri tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaqdır.
Oxşar xəbərlər
AQTA və Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin nümayəndələri arasında görüş keçirilib
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin nümayəndələri arasında onlayn formatda görüş keçirilib. Görüşdə Azərbaycan Respublikasından Türkiyə Respublikasına heyvan mənşəli məhsulların ixracı məsələləri müzakirə olunub. Görüş zamanı Avropa İttifaqına ixrac icazəsi verilən ölkələrin və müəssisələrin siyahısına keçid prosesi, eləcə də Türkiyənin tətbiq etdiyi təsdiq prosedurları barədə fikir mübadiləsi aparılıb. Sonda qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2026-2032-ci illər üzrə Dövlət Proqramı” layihəsinin müzakirəsi olub
Qida Təhlükəsizliyi Agentliyində İctimai Şura üzvlərinin iştirakı ilə yeni hazırlanan “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2026-2032-ci illər üzrə Dövlət Proqramı” layihəsinin müzakirəsi keçirilib. Müzakirə zamanı əvvəlcə “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üzrə Dövlət Proqram” ının icrasından əldə olunan nəticələr iştirakçıların diqqətinə çatdırılıb. Bildirilib ki, Proqramın əhatə etdiyi dövr üzrə icra göstəricisi 92 faiz təşkil edib. Daha sonra Agentliyin rəsmiləri təqdimatla çıxış edərək, yeni Dövlət Proqramının məqsədləri, prioritet istiqamətləri, qarşıya qoyulan hədəflər, eləcə də Proqramın icrasından gözlənilən nəticələr və layihədə nəzərdə tutulan digər məsələlər barədə geniş məlumat verib. Qeyd olunub ki, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahəsində normativ hüquqi bazanın, həmçinin qida zəncirinə nəzarət sahəsində infrastruktur təminatının və laborator xidmətlərin təkmilləşdirilməsi, eyni zamanda elm, təhsil və kadr potensialının gücləndirilməsi yeni Dövlət Proqramının əsas prioritetləri sırasındadır. Bundan başqa qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı, eləcə də biotəhlükəsizliyə nəzarət sistemlərinin təkmilləşdirilməsi, “Vahid Sağlamlıq” konsepsiyasının və qida zəncirinə nəzarətdə innovativ üsulların tətbiqinin genişləndirilməsi, idxal-ixrac nəzarətinin və beynəlxalq əməkdaşlığın, eləcə də istehlakçıların sağlam qidalanma vərdişlərinin təşviqi və ictimai nəzarətin gücləndirilməsi proqramın əsas istiqamətləri kimi vurğulanıb. Müzakirə zamanı İctimai Şura üzvləri Dövlət Proqramı layihəsi ilə bağlı fikir və təkliflərini səsləndirib, onları maraqlandıran sualları cavablandırılıb. Eyni zamanda qida təhlükəsizliyi sahəsində hazırda icra olunan və gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər ətrafında fikir mübadiləsi aparılıb.
Texniki normativ hüquqi aktlar beynəlxalq standartlara uyğun hazırlanır
Qida və yem məhsullarının təhlükəsizliyinə və qida məhsullarının minimum keyfiyyətinə, o cümlədən qida və yem məhsullarında qalıqların maksimum miqdarına, məhsulların tərkibində istifadəsinə yol verilən maddələr və onların müəyyən edilmiş hədlərinə, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlara, qida və yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi və utilizasiyası proseslərinə dair tələblər qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən edilir. "Qida təhlükəsizliyi haqqında" Qanunun 9-cu maddəsinə əsasən, normativ hüquqi aktlar elmi sübutlar və Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatlar, o cümlədən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının və Ümumdünya Səhiyyə Təşkilatının birgə təsis etdiyi Kodeks Alimentarius Komissiyası tərəfindən qəbul edilmiş beynəlxalq standartlar, təlimatlar və tövsiyələr əsasında hazırlanır. Qanunun tələblərinə uyğun olaraq bugünədək onlarla sanitariya-gigiyena, baytarlıq, fitosanitar norma və qaydalar qəbul edilərək Hüquqi Aktların Dövlət Reyestrinə (e-qanun.az) daxil edilib. Bu proses qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, qida təhlükəsizliyi ilə bağlı milli normativ hüquqi bazanın yaradılmasına öz töhfəsini verib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qeydiyyat və təsdiqi yoxla
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş