AQTA-nın əməkdaşı pestisidlərlə bağlı Türkiyədə keçirilən görüşdə iştirak edib
21 Avqust 2023 17:56
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisi "Mərkəzi Asiya ölkələrində və Türkiyədə pestisidlərin dövriyyəsinin idarə olunması və Davamlı Üzvi Çirkləndiricilərə (DÜÇ) aid edilən pestisidlərin zərərsizləşdirilməsi" mövzusu üzrə Layihənin Rəhbər Komitə Üzvlərinin III Görüşündə iştirak edib.
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində reallaşdırılan görüş Türkiyə Respublikasının Antalya şəhərində təşkil olunub. Tədbir layihə çərçivəsində görülmüş işləri nəzərdən keçirmək, pestisidlərin dövriyyəsi sahəsindəki problemləri müzakirə etmək, layihənin iş planını və onun müvafiq büdcəsini təsdiqləmək, əldə olunmuş təcrübələri bölümək və qarşılıqlı əməkdaşlıq əlaqələrini genişləndirmək məqsədilə keçirilib.
Görüşdə pestisidlərin Türkiyədə qeydiyyat sistemi və onların QR kodla izləmə sisteminin təmin edilməsi üzrə görülmüş işlər barədə məlumat verilib. Həmçinin bu sistem vasitəsilə Türkiyədə istehsal olunan və bu ölkəyə gətirilən preparatların etiketlərinə əlavə edilmiş QR kodla onların dövriyyəsinin bütün mərhələlərində izlənə bilmənin təmin olunması, o cümlədən boş pestisid qablarının idarəedilməsi mexanizminin müsbət tərəfləri barədə məlumatlar diqqətə çatdırılıb.
Tədbir çərçivəsində iştirakçılar Antalyada istixana şəraitində bitkilərin tozlandırılmasında istifadə edilən yabanı arıların yetişdirilməsi mərkəzi olan “Biobest” müəssisəsinə, bitkilərin xəstəlik və zərərvericilərinə qarşı bioloji mübarizənin aparılması məqsədilə istifadə edilən canlıların çoxaldıldığı "Biomortis" müəssisəsinə və bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin satış mağazasına baxış keçiriblər. Eləcə də onlar zərərvericilərə qarşı inteqrir mübarizə tədbirləri ilə tanış olmaq üçün İsparta şəhərindəki IPM sınaq alma bağlarında olublar. İsparta Meyvəçilik Elmi-Tədqiqat İnstitutunun mütəxəssisləri tərəfindən iştirakçılara aparılmış elmi-tədqiqat işlərinin nəticələri, IPM işləri və onun faydaları barədə məlumat verilib.
Tədbir çərçivəsində AQTA-nın əməkdaşı Türkiyənin müvafiq dövlət qurumlarının nümayəndələri və beynəlxalq ekspertlərlə görüşlər keçirib. Görüşlərdə layihə çərçivəsində Azərbaycanda həyata keçirilməsi planlaşdırılan işlərə dəstək verilməsinə dair məsələlər müzakirə olunub.
Qeyd edək ki, "Mərkəzi Asiya ölkələrində və Türkiyədə pestisidlərin dövriyyəsinin idarə olunması və Davamlı Üzvi Çirkləndiricilərə (DÜÇ) aid edilən pestisidlərin zərərsizləşdirilməsi" mövzusu üzrə Layihədə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Tacikistan təmsil olunur.
Oxşar xəbərlər
Meyvə bağlarında fitosanitar monitorinqlər davam etdirilir
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən mövsümi meyvə bağlarının fitosanitar vəziyyətinin müəyyənləşdirilməsi məqsədilə Sabirabad rayonunun Bulduq, Qasımbəyli, Yuxarı Axtaçı, Əsgərbəyli, Muradbəyli, Saatlı rayonunun Azadkənd, Beyləqan rayonunun Milabad, Mil qəsəbələri və Əhmədli kəndində yerləşən nar və üzüm bağlarında, Göyçay rayonunun Şəkər, Qızılağac, Kürdşaban, Çərəkə, Qarabaqqal, Qaraxıdır, İkinci Ərəbcəbirli, Şəhadət, Bığır və Ləkçılpaq kəndlərində, Ağdaş rayonunun Orta Ləki, Yuxarı Ləki və Xosrov kəndlərində yerləşən nar, xurma və heyva bağlarında, Kürdəmir rayonunun Mehdili, Dayıkazımlı, Karrar, Öyləqulu, Axtaçı, Axtaçı Qarabucaq, Qoçulu, Ərəbqubalı və Çölqubalı kəndlərində yerləşən nar bağlarında fitosanitar monitorinqlər keçirilib. Monitorinqlər zamanı sahibkarlara təsərrüfatlarda bitki mühafizə vasitələrinin istifadəsi, saxlanması, daşınması zamanı qanunvericiliyin tələblərinə və təhlükəsizlik qaydalarına əməl olunması barədə məlumat verilib və maarifləndirici söhbətlər aparılıb.
Xankəndi və Xocalıda zərərvericilərə qarşı maarifləndirmə tədbirləri keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Xankəndi şəhərində, eləcə də Xocalı rayonunun Şuşakənd, Malıbəyli və Quşçular kəndlərində fitosanitar nəzarət və maarifləndirmə tədbirləri keçirilib. Tədbirlərin əsas məqsədi qəhvəyi mərmər bağacığı və Amerika ağ kəpənəyinin ölkə ərazisində yayılmasının qarşısının alınması, bu zərərvericilərin vaxtında aşkar edilməsi və sakinlərin bu sahədə məlumatlılıq səviyyəsinin artırılmasıdır. Yerli sakinlərə karantin tətbiq edilən zərərvericilərin bioloji xüsusiyyətləri, yayılma yolları, xarakterik əlamətləri, habelə kənd təsərrüfatı bitkilərinə və yaşıllıqlara vura biləcəyi zərərlər barədə ətraflı məlumat verilib. Zərərvericilərin yayılmasının qarşısını almaq üçün xüsusilə payız-qış mövsümündə həyata keçirilməsi tövsiyə olunan mexaniki və profilaktik mübarizə tədbirləri izah olunub. Tədbirlər çərçivəsində zərərvericilərin vaxtında müəyyən edilməsi, onların mümkün yayılma ocaqlarının aşkarlanması və müvafiq mübarizə tədbirlərinin görülməsinin əhəmiyyəti diqqətə çatdırılıb, sakinlərə maarifləndirici çap materialları paylanıb.
Amerika ağ kəpənəyi və Qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirmə tədbirləri davam etdirilir
Amerika ağ kəpənəyi və Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması və zərərvericilərlə mübarizə məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən fitosanitar nəzarət və maarifləndirmə tədbirləri davam etdirilir. Zərərvericilərə qarşı bitki mühafizəsi tədbirləri çərçivəsində Şəki-Zaqatala regional bölməsinin əməkdaşları tərəfindən Oğuz rayonunun Bucaq, Bayan, Qəbələ rayonunun isə Mirzəbəyli kəndlərində sakinlərlə maarifləndirici görüşlər keçirilib. Görüşlər zamanı zərərvericilərin bioloji xüsusiyyətləri, yayılma səbəbləri, bitkilərə vurduğu zərər, xüsusilə Amerika ağ kəpənəyinin tırtıl mərhələsində yaratdığı təhlükə və ona qarşı mübarizə tədbirləri barədə vətəndaşlara məlumat verilib. Eyni zamanda, zərərvericilərin vaxtında aşkarlanmasının və onların yayılmasının qarşısının alınması məqsədilə mütəmadi müşahidə və monitorinqlərin aparılmasının vacibliyi diqqətə çatdırılıb. Tədbirlər çərçivəsində kənd sakinlərinə zərərvericilərlə bağlı maarifləndirici bukletlər təqdim olunub, onların sualları cavablandırılıb və müvafiq fitosanitar tələblərə əməl olunması ilə bağlı tövsiyələr verilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş