AQTA-nın nümayəndə heyəti Litva Respublikasında işgüzar səfərdə olub
26 Oktyabr 2022 11:36
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndə heyəti 23-25 oktyabr tarixlərində Litva Respublikasında işgüzar səfərdə olub.
Səfər çərçivəsində Agentliyin sədr müavini Rəşad Mafusovun rəhbərlik etdiyi nümayəndə heyəti bu ölkənin Kənd Təsərrüfatı nazirinin müavini Egidijus Giedraitis, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Bitkiçilik Xidmətinin rəhbəri Sergejus Fedotovas, eləcə də Dövlət Qida və Baytarlıq Xidmətinin direktoru Mantas Staskeviçius arasında görüş keçirilib. Görüş zamanı AQTA-nın fəaliyyət istiqamətləri, son illər ölkəmizdə qida təhlükəsizliyi sahəsində görülən tədbirlər barədə geniş məlumat verilib. AQTA və Litva Respublikasının Dövlət Qida və Baytarlıq Xidməti, o cümlədən Litva Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Bitkiçilik Xidməti arasında Anlaşma Memorandumları imzalanıb.Tərəflər qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahələrdə qarşılıqlı əməkdaşlığı genişləndirmək niyyətlərini bəyan ediblər.
Səfər zamanı Litva Respublikasının Milli Qida və Baytarlıq Riskinin Qiymətləndirilməsi İnstitutunun nümayəndə heyəti ilə də görüş keçirilib. Görüşdə hər iki ölkənin qida təhlükəsizliyi institutları barədə məlumat verilib. Eyni zamanda, risk qiymətləndirilməsi, təhlükənin müəyyənləşdirilməsi və səciyyələndirilməsi, genotipləşdirmə və sekvensləşdirmə analizləri üzrə Litva təcrübəsinin öyrənilməsinin vacibliyi vurğulanıb.
Agentlliyin nümayəndə heyəti Litva Respublikasının Medininkai sərhəd nəzarət məntəqəsinə səfər ediblər. Səfər zamanı sərhəd-nəzarət məntəqələrində həyata keçirilən işlər, diri heyvanların idxalı zamanı heyvanların karantində saxlanması ilə əlaqədar həyata keçirilən prosedurlar, sərhəddə aparılan laborator analizlər, sərhəd nəzarət məntəqələri və aidiyyəti regional idarələr arasında əlaqə qurulmasına dair məsələlər üzrə təcrübələr bölüşülüb.
Eyni zamanda, Litva Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Bitki Xidmətinin Fitosanitar Tədqiqat Laboratoriyasının əməkdaşları ilə görüş keçirilib. Görüş çərçivəsində AQTA-nın nümayəndə heyətinin üzvləri laboratoriyaların faəliyyəti ilə yaxından tanış olub, həmçinin yeni aşkar edilmiş zərərli orqanizmlə mübarizənin təşkili, məhvetmə qərarının çıxarılması, icrası və digər məsələlərə dair fikir mübadiləsi aparıblar.
Oxşar xəbərlər

“İbrahim Kabab Evi” ictimai iaşə obyektində nöqsanlar aşkarlanıb
Bakı şəhəri, Nəsimi rayonu, H.Aslanov küçəsi, ev 85, m. 20 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Nəbiyev İbrahim Ağaisa oğluna məxsus “İbrahim Kabab Evi” ictimai iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Baxış zamanı iaşə obyektində istehlaka təqdim edilən ətlərin baytarlıq müşayiətedici sənədlərinin olmadığı aşkarlanıb. Ət və ət məhsullarından, alət və avadanlıqlardan götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində uyğunsuzluqlar müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək ictimai iaşə obyektində işlərin görülməsi, xidmətlərin göstərilməsi məhdudlaşdırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.

Xırdalanda ictimai iaşə obyektində normativ tələblərin pozulduğu aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Məmməd Tofiq oğluna məxsus “Məhəllə” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Etiket məlumatları və müvafiq müşayiətedici sənədləri olmayan məhsulların satışa çıxarıldığı müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.