Ölkə üzrə heyvan kəsimi məntəqələrinin fəaliyyəti əvvəlki qaydada davam edir
22 Oktyabr 2025 13:48
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, Respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyevin açıqlaması:
Ölkə üzrə fəaliyyət göstərən heyvan kəsimi məntəqələri fəaliyyətlərini əvvəlki qaydada davam etdirir. Əgər 2018-ci ildə respublikada cəmi 6-10 kəsim məntəqəsi mövcud idisə, hazırda bu rəqəm 120-dən çoxdur. Mövcud infrastruktur ölkənin daxili tələbatını tam şəkildə təmin etməyə imkan verir. Kəsim müəssisələri müasir standartlara uyğun şəkildə qurulub və məntəqələrdə baytar mütəxəssislərin daimi nəzarəti təmin olunur. Sağlamlığı şübhə doğuran heyvanlar kəsim prosesindən kənarlaşdırılır. Heyvan kəsildikdən sonra cəmdəyin baytarlıq-sanitariya ekspertizası aparılır, daha sonra ət müəyyən müddət soyudulmaq üçün saxlanılır. Cəmdəyin üzərinə müvafiq möhürlər vurulur və müşayiətedici baytarlıq sənədləri ilə birlikdə istehlak obyektlərinə və ticarət şəbəkələrinə göndərilir.
Respublikanın baş dövlət baytarlıq müfəttişi vətəndaşlara kəsim məntəqələrində kəsilmiş və ixtisaslaşmış ət satış məntəqələrində satılan ət məhsullarını almağı tövsiyə edir. Həmçinin ətin üzərində rəsmi baytarlıq möhürünün olmasına diqqət yetirmək, alış zamanı satıcılardan müşayiətedici baytarlıq sənədlərinin təqdim olunmasını tələb etmək vacibdir. 2025-ci il 25 oktyabr tarixindən etibarən heyvan bazarlarında sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi məqsədilə mərhələli şəkildə məhdudiyyət tətbiq ediləcək. Bu qərar ət kəsimi və satışına heç bir maneə yaratmayacaq.
Oxşar xəbərlər
Fındıq istehsalçıları və ixracatçıları ilə görüş keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fındıq istehsalçıları və ixracatçılarının iştirakı ilə onlayn görüş keçirib. Görüşdə fındıq bağlarında zərərli orqanizmlərin, xüsusilə qəhvəyi mərmər bağacığının (Halyomorpha halys) yayılmasının qarşısının alınması, mütəmadi monitorinqlərin aparılması və kompleks mübarizə tədbirlərinin tətbiqi müzakirə olunub. Həmçinin bitki mühafizə vasitələrindən düzgün istifadə, pestisid qalıqlarına dair normalar və ixrac ölkələrinin fitosanitar tələbləri barədə məlumat verilib. İstehsalçı və ixracatçıların qarşılaşdıqları problemlər dinlənilib, onların həlli yolları və müvafiq tədbirlərin görülməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
AQTA sədri Yunanıstanın Azərbaycandakı səfiri ilə görüşüb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Maria Papakonstantinu ilə görüşüb. Görüş zamanı Q.Təhməzli ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi ilə bağlı görülən işlər, həmçinin bu istiqamətdə beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə səfiri məlumatlandırıb. İki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın gücləndirilməsi, o cümlədən qida məhsullarının dövriyyəsinin genişləndirilməsi müzakirə olunub, idxal və ixrac üzrə statistik göstəricilər nəzərdən keçirilib. Sonda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Qax rayonunda qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Şəki-Zaqatala regional bölməsinin fitosanitar müfəttişləri tərəfindən qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib. Tədbirlər zamanı Qax rayonunun Qaradolaq, Qındırğa və Alatəmir kəndlərində sakinlərlə görüşlər keçirilib. Sakinlərə zərərvericinin yayılma xüsusiyyətləri, kənd təsərrüfatı bitkilərinə, xüsusilə meyvə və digər bitkilərə vurduğu zərər, məhsul itkisinə səbəb ola bilən amillər, eləcə də zərərvericiyə qarşı mübarizə üsulları barədə ətraflı məlumat verilib. Bildirilib ki, hazırda havaların soyuması və zərərvericinin mövsümi inkişaf xüsusiyyətləri ilə əlaqədar qışlama yerlərinə doğru kütləvi miqrasiyası müşahidə olunur. Payız-qış dövründə ən səmərəli və təhlükəsiz yanaşmalardan biri zərərvericinin mexaniki üsulla (əl ilə, süpürgə və ya tozsoran vasitəsilə) toplanaraq məhv edilməsidir. Bu tədbirlərin vaxtında və kütləvi şəkildə həyata keçirilməsi növbəti vegetasiya dövründə zərərvericinin sayının və yayılma ehtimalının azaldılmasında mühüm əhəmiyyət daşıyır. Tədbirlərdə kənd sakinlərini maraqlandıran suallar cavablandırılıb, praktiki tövsiyələr verilib, maarifləndirici bukletlər paylanılıb. İctimai yerlərdə isə zərərverici ilə mübarizəyə dair məlumatlandırıcı posterlər yerləşdirilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş