AQTA-nın yeni regional bölmələri fəaliyyət göstərəcək
12 Yanvar 2023 11:26


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) struktur dəyişiklikləri edilib. Agentliyin mövcud olan 11 regional bölməsi iqtisadi rayonların yeni bölgüsünə uyğun formalaşdırılıb. Bununla əlaqədar olaraq, işğaldan azad edilmiş əraziləri də əhatə edəcək Qarabağ və Şərqi Zəngəzur, həmçinin Mil-Muğan regional bölmələri yaradılıb. Qarabağ və Şərqi Zəngəzur regional bölmələrinin yaradılmasında əsas məqsəd işğaldan azad edilmiş ərazilərdə qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarət tədbirlərinin görülməsi, o cümlədən həmin ərazilərə köçürüləcək əhalinin təhlükəsiz qida ilə təminatına şərait yaratmaqdan ibarətdir. Dəyişikliklərə əsasən, Bərdə rayonunda yerləşən Qarabağ regional bölməsi Xankəndi şəhərini, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonlarını, Zəngilan rayonunda yerləşməsi nəzərdə tutulan Şərqi Zəngəzur regional bölməsi isə Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonlarını əhatə edir.
“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı hazırda Agentlik tərəfindən ölkəyə idxal-ixrac olunan mallara nəzarəti həyata keçirmək üçün sərhəd keçid məntəqələrinə yaxın ərazilərdə “Qida təhlükəsizliyi nəzarəti məntəqələri” qurulmaqdadır. Gələcəkdə burada beynəlxalq standartlara uyğun qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarəti zonalarının yaradılması planlaşdırılır.
Oxşar xəbərlər

Xırdalanda ictimai iaşə obyektində normativ tələblərin pozulduğu aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Məmməd Tofiq oğluna məxsus “Məhəllə” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Etiket məlumatları və müvafiq müşayiətedici sənədləri olmayan məhsulların satışa çıxarıldığı müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

İmişlidə fəaliyyət göstərən çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları İmişli şəhəri, N.Savalanov küçəsində fəaliyyət göstərən, Fərmanov Dirbaş Veysəl oğluna məxsus çörək emalı müəssisəsində yoxlama keçirib. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin məhsulların saxlanma şəraitinə və temperatur rejiminə əməl olunmadığı, emal prosesinin qaydalara uyğun həyata keçirilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.
