AQTA nümayəndə heyəti Misirdə işgüzar səfərdə olub
25 İyul 2024 16:55
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndə heyəti 22-25 iyul tarixlərində Misir Ərəb Respublikasında işgüzar səfərdə olub.
Səfərin məqsədi cari ilin 11-22 noyabr tarixlərində Bakı şəhərində ölkəmizin ev sahibliyi ilə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) təşkili ilə bağlı Agentliyə həvalə edilmiş vəzifələrin uğurla icrası üçün bu sahədə beynəlxalq təcrübənin öyrənilməsidir.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Qahirə şəhərində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) yerli nümayəndəliyi, Misirin Milli Qida Təhlükəsizliyi İdarəsi, Ətraf Mühit Nazirliyi, Turizm və Qədim Əsərlər Nazirliyi, Xarici İşlər Nazirliyinin İnkişaf üzrə Tərəfdaşlıq Agentliyinin və digər aidiyyəti qurumların nümayəndələri ilə görüşləri keçirilib. Həmçinin Agentliyin nümayəndələri Misirin ev sahibliyi ilə keçirilmiş COP27 tədbirinə hazırlıq prosesində əldə olunmuş uğurlu təcrübə, eləcə də qarşıya çıxan çətinliklər zamanı onların innovativ həlli yolları və qazanılan təcrübənin mübadiləsi məqsədilə müxtəlif tədbirlərdə iştirak ediblər. Görüşlərdə nüfuzlu beynəlxalq tədbir hesab olunan COP29 zamanı qidalanmanın təşkilinə nəzarət, qida təhlükəsizliyi və keyfiyyətə nəzarət, turizm və otel müəssisələrində qidalanma, monitorinqlərin aparılması, yoluxucu xəstəliklərə nəzarət, logistika, idxal-ixrac sistemlərinə nəzarət, eləcə də maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Görüşlər zamanı qidalanmanın təşkilinə nəzarət və digər aktual mövzularda təqdimatlar edilib, suallar cavablandırılıb.
Qeyd edək ki, AQTA nümayəndə heyətinin Misir Ərəb Respublikasına işgüzar səfəri FAO-nun təşkilatçılığı ilə həyata keçirilib.
Oxşar xəbərlər
Azərbaycanla Yunanıstan qida təhlükəsizliyi sahəsində əməkdaşlığı genişləndirir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Yunanıstan Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin nümayəndələri arasında əməkdaşlıq perspektivlərinin müzakirəsi məqsədilə onlayn görüş keçirilib. Görüşdə Yunanıstan tərəfi ölkədə tətbiq olunan heyvanların identifikasiyası və qeydiyyatı sistemi barədə ətraflı məlumat təqdim edib. Müzakirələr zamanı heyvan növlərinə uyğun tətbiq olunan identifikasiya vasitələri (qulaq nişanları, elektron çiplər və s.), həmçinin identifikasiya və qeydiyyat sisteminə riayət olunmasına nəzarət məsələləri diqqət mərkəzində olub. Bundan başqa, Yunanıstan tərəfi ölkəmizə süd və balıqçılıq məhsullarının idxalına maraq göstərdiyini bildirib. Sonda maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.
Təkdırnaqlı heyvanlar arasında epizootoloji monitorinqlər keçirilib - VİDEO
Ölkə ərazisində epizootik sabitliyin qorunması, xüsusi təhlükəli heyvan xəstəliklərinin vaxtında aşkarlanması və yayılmasının qarşısının alınması Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əsas fəaliyyət istiqamətlərindəndir. Bu çərçivədə AQTA tərəfindən noyabrın 16-dan 20-dək respublika ərazisində təkdırnaqlı heyvanlar arasında epizootoloji monitorinqlər keçirilib. Monitorinqlər zamanı müxtəlif xəstəliklər üzrə epizootoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə heyvanların kliniki müayinəsi aparılıb, laborator müayinələr üçün diaqnostik nümunələr götürülüb, saxlanma yerlərinin baytarlıq-sanitariya vəziyyəti yoxlanılıb. Eyni zamanda, heyvan sahibləri arasında baytarlıq norma və qaydalarına riayət olunması, xəstəliklərin profilaktikası və biotəhlükəsizlik tədbirlərinin əhəmiyyəti ilə bağlı maarifləndirmə işləri aparılıb.
Detoks suları haqqında doğru bilinən yanlışlar - VİDEO
Gündəlik həyatımızda, xüsusilə də çəki vermək istəyən insanlar arasında detoks sularından istifadə geniş yayılıb. Bir çoxları bu suların orqanizmi toksinlərdən təmizlədiyinə, piyləri əridərək arıqlamağa və maddələr mübadiləsini sürətləndirməyə kömək etdiyinə inanır. Lakin detoks suları ilə bağlı geniş yayılmış bu fikirlərin heç də hamısı elmi əsaslara söykənmir. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) eksperti Tutu Zeynalovanın sözlərinə görə, ilk yanlış fikir detoks sularının orqanizmi toksinlərdən təmizləməsi ilə bağlıdır. Əslində orqanizmin zərərli maddələrdən təmizlənməsində əsas rolu qaraciyər və böyrəklər oynayır. Suya əlavə edilən xiyar, limon və ya nanə orqanizmə xüsusi detoksifikasiya xüsusiyyəti qazandırmır və bədənin təbii təmizlənmə mexanizmini əvəz etmir. Digər geniş yayılmış yanlış fikir detoks sularının piyləri əridərək birbaşa arıqlamağa səbəb olmasıdır. Halbuki heç bir qida və ya içki birbaşa piyləri parçalayaraq əridə bilməz. Detoks suları şəkərli və qazlı içkiləri əvəz etdikdə gündəlik kalori qəbulunun azalmasına kömək edə bilər. Detoks suları ilə bağlı növbəti yanlış fikir meyvə və tərəvəzlərin tərkibindəki bütün vitaminlərin suya keçməsi ilə əlaqədardır. Əslində, limon, xiyar və giləmeyvələr suda saxlanıldıqda onların tərkibindəki bəzi suda həll olan vitaminlərin, məsələn, C vitamininin az miqdarı suya keçə bilər. Meyvənin özünü yemədikdə onun tərkibindəki lif və digər vacib qida maddələrindən də məhrum olursunuz. Detoks sularının maddələr mübadiləsini sürətləndirməsi də elmi baxımdan kifayət qədər əsaslandırılmayıb. Ümumilikdə detoks suları özlüyündə zərərli deyil. Əksinə, gün ərzində kifayət qədər su içməkdə çətinlik çəkən insanlar üçün suyun dadını dəyişmək və maye qəbulunu artırmaq baxımından yaxşı seçim ola bilər. Bu içkilərdən xüsusi müalicəvi, arıqladıcı və ya orqanizmi toksinlərdən təmizləyən möcüzəvi təsirlər gözləmək doğru deyil. Ətraflı linkdə:
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş