AQTA nümayəndə heyəti Rusiyada işgüzar görüşlər keçirib
31 Yanvar 2023 10:53
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndə heyəti Rusiya Federasiyasına işgüzar səfər çərçivəsində bu ölkənin Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) Heyvan Sağlamlığının Mühafizəsi üzrə Federal Mərkəzinin nümayəndələri ilə görüş keçirib. Görüş zamanı mərkəzin fəaliyyət istiqamətləri haqqında təqdimatlar edilib.
Səfər zamanı nümayəndə heyəti Bioloji Təcrübə Laboratoriyasının (vivarium) işi ilə yaxından tanış olub və bu sahədə gələcək əməkdaşlıq perspektivləri barədə danışıqlar aparıb. Görüşdə Azərbaycanda təcrübə heyvanlarının saxlanılması üçün inşa ediləcək vivariumun baytarlıq təqdiqatlarının genişləndirilməsi istiqamətində görülən işlər müzakirə mövzusu olub. Eləcə də bu işdə Rusiyanın müvafiq qurumlarının təcrübəsindən istifadə ediləcəyi diqqətə çatdırılıb.
AQTA-nın nümayəndə heyəti səfər çərçivəsində Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsinə Nəzarət Federal Xidmətinin (“Rospotrebnadzor”) F.F.Erisman adına Federal Elmi Gigiyena Mərkəzinin fəaliyyəti ilə də yaxından tanış olub. Burada laboratoriyalara və mərkəzin tabeliyində fəaliyyət göstərən vivariuma baxış keçirilib.
Qeyd edək ki, AQTA və AQTİ nümayəndə heyəti 25-27 yanvar tarixlərində Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin nümayəndələri ilə görüşlər keçirib, qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
Oxşar xəbərlər

Saxta süd məhsullarının sosial media səhifəsində satışa çıxarıldığı müəyyən edilib
Sosial media platformasında satışı həyata keçirilən qaymağın keyfiyyətinin aşağı olması ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə daxil olan müraciət əsasında Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi, “Salty Park” yaşayış kompleksi, giriş 1, ev 295 ünvanında yoxlama keçirilib. Baxış zamanı fiziki şəxs Nəzərova Könül Sabir qızının istehsalçı müəssisələrdən tərkibində quru süd və süd yağı əvəzedicisi olan müxtəlif növ süd məhsullarını (qaymaq, pendir və s.) alıb etiketini çıxararaq, “təbii süd məhsulu” adı altında, müşayiətedici sənədləri olmadan “TikTok” və “İnstagram” sosial media səhifələrində satışını həyata keçirdiyi aşkarlanıb. Eyni zamanda süd məhsullarının temperatur rejimi gözlənilmədən, soyuducu avadanlıqla təmin edilməyən minik avtomobili vasitəsilə müştərilərə çatdırıldığı müəyyən edilib. Faktla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb, qanunsuz fəaliyyətin qarşısı alınıb. Qeyd edək ki, saxta məhsulların satışı istehlakçıların hüquqlarının pozulmasıdır. Saxlama şəraitinə riayət olunmadan məhsulların satışı isə mikrobioloji çirklənməyə səbəb ola bilər ki, bu da insan sağlamlığı üçün təhlükəli hesab olunur. Vətəndaşlar qida təhlükəsizliyi sahəsində istehlakçı hüquqlarının pozulması və qanunazidd hallarla rastlaşdıqda, bu barədə konkret faktlarla Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat verə bilərlər. Müraciət daxil olduqdan dərhal sonra araşdırmalara başlanılacaq və qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcəkdir.

Bərdədə heyvan satışı bazarında ciddi nöqsanlar müəyyən edilib
Bərdə rayonu, Alpoud kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus heyvan satışı bazarında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı plandankənar yoxlama aparılıb. Baxış zamanı bazarda satışa çıxarılan müxtəlif çeşiddə ət məhsullarının və unlu qənnadı məmulatlarının temperatur rejiminə əməl edilmədən və birbaşa günəş şüaları altında saxlandığı, əl yuma çanaqlarının mövcud olmadığı, qida məhsulları ilə təmasda olan səthlərin korroziyaya uğradığı və natəmiz olduğu, qida məhsulları üçün ayrıca yuma sahəsinin təşkil edilmədiyi, işçi heyətin gigiyena qaydalarına riayət etmədiyi və xüsusi geyimlə təmin olunmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi aşkarlanıb. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

Sabirabadda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb
Sabirabad rayonu, Qaragüney kəndində fəaliyyət göstərən Bayramov İlqar Musa oğluna məxsus ”Dərələyəz” kafesində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları yoxlama keçirib. Baxış zamanı kafedə sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu, qida məhsullarının saxlanması zamanı temperatur rejiminə əməl olunmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi, işçinin tibbi müayinədən keçmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı kafenin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.