AQTA obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməsi ilə bağlı xəbərdarlıq edib
1 Sentyabr 2022 17:00
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliklə müəyyən edilmiş vəzifələrdən irəli gələrək ticarət və ictimai iaşə müəssisələrində monitorinqlər davam etdirilir. Həyata keçirilən nəzarət tədbirləri çərçivəsində qida təhlükəsizliyi tələblərinə uyğun olaraq sanitar-gigiyenik vəziyyətin yoxlanılması, həmçinin vətəndaşların sağlamlığının qorunması, yoluxucu və parazitar xəstəliklərin yayılmasına yol verilməməsi ilə bağlı zəruri tədbirlər görülür.
Qeyd edək ki, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əhalinin sağlamlığının qorunması, yoluxucu və parazitar xəstəliklərin yayılmasına yol verilməməsi, zəhərlənmələrin qarşısının alınması məqsədilə obliqat qrupuna daxil olan işçilərin işə qəbul olunmazdan əvvəl və işlədikləri müddət ərzində vaxtaşırı tibbi müayinədən keçmələri və tibbi arayışlarla təmin olunmaları zəruridir.
Nəzərə almaq lazımdır ki, tibbi müayinədən keçməyən və xəstəlik daşıyıcısı olan əməkdaşların qida obyektlərində hər hansı bir formada birbaşa, yaxud dolayısı yolla qida ilə təmasda olması qida məhsulları vasitəsilə insan sağlamlığında bir sıra fəsadların, o cümlədən mədə-bağırsaq pozuntuları ilə müşayiət olunan halların baş verməsinə, həmçinin qida zəhərlənmələrinə səbəb ola bilər. Eyni zamanda bir sıra dəri və yoluxucu xəstəliklər xəstəlik daşıyıcılarından qida vasitəsilə ötürülə bilər. Bununla əlaqədar qeyd olunan müəssisələrdə bütün işçilərin işə qəbul olunmazdan əvvəl ilkin və ildə bir dəfə dövri tibbi müayinədən keçmələri təmin olunmalıdır.
Nəzarət tədbirləri çərçivəsində 2022-ci ilin müvafiq dövrü ərzində Agentlik respublika üzrə fəaliyyət göstərən 1195 istehsal, ticarət və ictimai iaşə müəssisəsində planlı və plandankənar yoxlamalar keçirib. Həmin yoxlamalar zamanı 694 qida subeyktində (obyektində) obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilmədiyi aşkarlanıb. Bu isə yoxlama keçirilmiş qida subyektlərinin (obyektlərinin) 58%-ni təşkil edir. Statistikadan da göründüyü kimi, hazırda bu sahədə ciddi qayda pozuntuları mövcuddur və yol verilən qanunsuz hallar insanların təhlükəsizliyi və sağlamlığı ilə bağlı təhlükə riskini yaradır.
Aparılan araşdırmalar zamanı həmin ticarət və ictimai iaşə müəssisələrində çalışan, obliqat qrupuna daxil olan, ancaq ilkin və dövri tibbi müayinədən keçirilməyən işçilərdə bir sıra xəstəliklər aşkar edilib ki, bu da sözügedən müəssisələrdə işçilərin tibbi müayinədən keçirilməsinin təmin olunmadığını göstərir.
AQTA ticarət və ictimai iaşə müəssələrində bu istiqamətdə yoxlama-nəzarət tədbirlərinin miqyasını daha da genişləndirib və aşkar olunan qanunsuz hallarla bağlı müvafiq tədbirlər həyata keçirib. Həmin tədbirlər çərçivəsində tibbi müayinədən keçməyən əməkdaşların işdən uzaqlaşdırılması ilə bağlı qərarlar qəbul edilib.
Agentlik bəyan edir ki, qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri bu istiqamətdə öz üzərinə düşən məsuliyyəti dərk edərək məsələyə ciddi yanaşmalı və obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməsini təmin etməlidirlər.
Oxşar xəbərlər

“İbrahim Kabab Evi” ictimai iaşə obyektində nöqsanlar aşkarlanıb
Bakı şəhəri, Nəsimi rayonu, H.Aslanov küçəsi, ev 85, m. 20 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Nəbiyev İbrahim Ağaisa oğluna məxsus “İbrahim Kabab Evi” ictimai iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Baxış zamanı iaşə obyektində istehlaka təqdim edilən ətlərin baytarlıq müşayiətedici sənədlərinin olmadığı aşkarlanıb. Ət və ət məhsullarından, alət və avadanlıqlardan götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində uyğunsuzluqlar müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək ictimai iaşə obyektində işlərin görülməsi, xidmətlərin göstərilməsi məhdudlaşdırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.

Xırdalanda ictimai iaşə obyektində normativ tələblərin pozulduğu aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Məmməd Tofiq oğluna məxsus “Məhəllə” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Etiket məlumatları və müvafiq müşayiətedici sənədləri olmayan məhsulların satışa çıxarıldığı müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.