AQTA qəhvəyi mərmər bağacığı ilə bağlı müraciət edib
11 Yanvar 2023 12:09
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti qurumlarla birgə qabaqlayıcı tədbirlərini davam etdirir.
Aparılmış monitorinqlər zamanı müəyyən olunub ki, Azərbaycana qonşu Gürcüstandan miqrasiya edən qəhvəyi mərmər bağacığı ölkəmizin şimal-qərb və qərb rayonlarının bəzi kəndlərində müşahidə edilməkdədir. Gürcüstan iqtisadiyyatına (fındıq bağları və meyvə-tərəvəz təsərrüfatına) külli miqdarda ziyan vuran zərərvericiyə Rusiyanın cənub bölgələri və Türkiyə ərazisində də rast gəlinir.
Bildiririk ki, qəhvəyi mərmər bağacığı 300-dən çox bitki ilə qidalanaraq onların məhsuldarlığını əhəmiyyətli dərəcədə aşağı salır. Zərərvericinin qışlama üçün yaşayış və köməkçi binalara daxil olmasının qarşısını almaqdan ötrü bu tikililərdə pəncərələr torla bağlanmalıdır. Yaşayış binalarında dolabların və mebellərin divara söykənmiş hissələrinə, yığılmış əşyaların və divardan asılmış şəkillərin arxasına, xalçaların altına, havalandırma sisteminə və digər mühəndis qurğularının arakəsmələrinə xüsusi diqqət yetirilməlidir. Zərərverici aşkar olunduqda, süpürgə, tozsoran və digər vasitələrlə toplanaraq məhv edilməlidir.
Zərərvericiyə qarşı mübarizə tədbirləri yaz və yay aylarında da aparılmalıdır. Əkin sahələrinin müxtəlif yerlərində, xüsusilə kənar (sərhəd) ərazilərində maksimum sayda giləmeyvə və tərəvəz bitkilərinin yarpaqlarının alt hissəsi, yarpaq tumurcuqları və meyvə saplaqlarının birləşmə yerləri diqqətlə yoxlanılmalıdır. Zərərvericinin aşkar edildiyi əkin sahələrində və təsərrüfat tikililərində toplayıcı (aqreqasiya) feromon tələlər asılmalıdır.
Kimyəvi mübarizə üçün Bifentrin tərkibli preparatlardan istifadə edilməsi səmərəli hesab olunur. Dərmanlama 5-8 gün fasilə ilə 2 dəfə həyata keçirilməlidir. Zərərvericinin növbəti nəslinin yüksək artımı müşahidə olunduğu halda, dərmanlama təkrarlana bilər. Qəhvəyi mərmər bağacığı aşkar edildikdə, təsərrüfat sahibləri və yerli əhali mübarizə tədbirlərini yalnız mütəxəssislərin tövsiyəsi ilə aparmalıdır.
Qeyd edək ki, zərərvericinin yetkin fərdləri və sürfələri nəqliyyat vasitələri, ağac materialları, təzə meyvə-tərəvəz, tinglər, kəsilmiş güllər və digər vasitələrlə yayılır. Eyni zamanda qəhvəyi mərmər zərərvericisinin yetkin fərdləri təbii yolla, yəni uçaraq 35-100 kilometrədək məsafəni qət etməklə yayıla bilir. Hazırda zərərvericinin yayıldığı arealda əhalinin maarifləndirilməsi üçün bukletlərin paylanılmasına başlanılıb. Vətəndaşlara diqqətli olmaq, zərərvericiləri müşahidə etdikdə bu barədə aidiyyəti dövlət qurumlarına və AQTA-nın “1003-Çağrı Mərkəzi”nə məlumat vermək, eləcə də fərdi qaydada müvafiq tədbirlər həyata keçirmək tövsiyə olunur.
Oxşar xəbərlər
Quba və Xaçmaz rayonlarında Qəhvəyi mərmər bağacığına qarşı monitorinqlər keçirilir
Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri çərçivəsində, Qida Təhlükəsizliyi Agentliyinin Quba-Xaçmaz regional bölməsinin əməkdaşları tərəfindən Quba rayonunun Qımılqışlaq və Xaçmaz rayonunun Xanoba kəndlərində monitorinqlər aparılıb. Baxış zamanı zərərvericinin qışlama yerləri yoxlanılıb, aşkar edilən zərəvericilər mexaniki üsulla məhv edilib. Bununla yanaşı, kənd sakinləri ilə maarifləndirici görüşlər keçirilib. Bildirilib ki, temperaturun tədricən yüksəlməsi ilə əlaqədar zərərverici qışlama yerlərini tərk etməyə başlayır və bu mərhələdə son monitorinq tədbirlərinin aparılması xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda, yaz və yay aylarında zərərvericinin yayılma arealının genişlənməsinin qarşısının alınması istiqamətində görüləcək tədbirlər barədə ətraflı məlumat verilib. Sakinlərə mövzu ilə bağlı buklet və kitabçalar paylanıb.
Pestisid və aqrokimyəvi maddələrin dövriyyəsi ilə bağlı 203 obyektdə monitorinq aparılıb
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən pestisid və aqrokimyəvi maddələrin istehsalı, saxlanması, satışı və tətbiqinə nəzarət tədbirləri davam etdirilir. Nazirlər Kabineti yanında yaradılmış “Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi üzrə Koordinasiya Komissiyası”nın 2025–2026-cı illər üzrə İş Planına uyğun olaraq, 203 obyektdə monitorinq aparılıb. Monitorinq zamanı müəssisələrin texniki təhlükəsizlik və sanitariya-gigiyena tələblərinə uyğunluğu qiymətləndirilib, şübhəli məhsul partiyalarından nümunələr götürülərək laborator müayinələrə cəlb edilib, eyni zamanda qeydiyyatsız, tərkibi qadağan edilmiş, hermetikliyi pozulmuş və istifadə müddəti bitmiş preparatların dövriyyəyə buraxılmasının qarşısı alınıb. Belə ki, 2026-cı ilin ilk 3 ayı ərzində aparılmış monitorinq və yoxlamalar zamanı ümumilikdə 43 müəssisədə istifadəyə yararsız 146 adda (805,5 kq/litr) pestisid və 62 adda (3602,5 kq/litr) aqrokimyəvi maddə aşkar edilərək İnventarlaşdırma Komissiyasının müvafiq qərarlarına əsasən, xüsusi poliqonlara göndərilib və təhlükəsiz şəkildə zərərsizləşdirilməsi təmin olunub. Görülən tədbirlərin əsas məqsədi pestisid və aqrokimyəvi maddələrin dövriyyəsində təhlükəsizliyin təmin olunması, saxtalaşdırma hallarının qarşısının alınması və fermerlərin keyfiyyətli preparatlara əlçatanlığının təmin edilməsidir. Agentlik fermerləri və digər istifadəçiləri istifadə müddəti bitmiş, hermetikliyi pozulmuş və mənşəyi şübhəli məhsulları əldə etməməyə çağırır. Şübhəli, uyğunsuz və ya keyfiyyətsiz məhsulla qarşılaşdıqda Agentliyin “1003 − Çağrı Mərkəzi”nə məlumat verilməsi tövsiyə olunur.
Azərbaycandan gilas tinglərinin Özbəkistana ixracına icazə verilib
Azərbaycan Respublikasından yerli gilas tinglərinin Özbəkistan Respublikasına ixracına icazə əldə olunub. Gilas tingləri fitosanitar baxımdan yüksək riskli məhsul hesab olunduğundan, ixracdan əvvəl beynəlxalq standartlara uyğun ətraflı fitosanitar risk qiymətləndirilməsi aparılıb. Qiymətləndirmə zamanı potensial karantin zərərvericiləri, onların yayılma yolları və risklərin azaldılması tədbirləri geniş təhlil olunub. Aparılmış qiymətləndirmənin nəticəsinə əsasən, müəyyən edilmiş ciddi fitosanitar tələblərə riayət olunmaqla gilas tinglərinin Özbəkistana ixracının mümkün olduğu müəyyən edilib. Qeyd edək ki, ixrac yalnız Özbəkistanın müvafiq qurumları tərəfindən dövlət reyestrində qeydiyyata alınmış tingçilik təsərrüfatları tərəfindən həyata keçirilə bilər. Bu məqsədlə sahibkarlar qeydiyyat üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə müraciət etməlidirlər. Sözügedən ixrac icazəsi ölkənin ixrac potensialının artırılmasına, tingçilik sektorunun inkişafına və kənd təsərrüfatı sahəsində ikitərəfli əməkdaşlığın genişlənməsinə töhfə verəcək.
Giriş