AQTA qəhvəyi mərmər bağacığı ilə bağlı qabaqlayıcı tədbirlər həyata keçirir
5 Aprel 2023 17:15
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə maarifləndirmə işlərini davam etdirir.
Tədbirlər çərçivəsində Agentliyin fitosanitar müfəttişləri tərəfindən Qazax rayonunun Sadıqlı və İkincı Şıxlı kəndlərində fərdi evlərə, əkin sahələrinə, xüsusi tikililərə və digər ictimai yerlərə təkrar baxış keçirilib. Baxış zamanı qəhvəyi mərmər bağacığının yayılma arealının müəyyən edilməsi və mexaniki mübarizə tədbirləri məqsədilə feromon tələlər asılıb. Eyni zamanda yerli əhaliyə zərərvericinin vurduğu ziyanlar haqqında məlumat verilib, həmçinin maarifləndirici buklet və bannerlər paylanıb, müvafiq yerlərə yapışdırılıb.
Qeyd edək ki, qəhvəyi mərmər bağacığı 300-dən çox bitki ilə qidalanaraq onların məhsuldarlığını əhəmiyyətli dərəcədə aşağı salır. Əhalidən zərərvericilərlə mübarizədə fəal və diqqətli olmaları, müvafiq tədbirlər həyata keçirmələri xahiş olunur. Regional Əlaqələndirmə Mərkəzlərinin “Qaynar Xətti”nə zəng vuraraq, qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri barədə məlumat əldə edə bilərlər.
Əlaqə üçün: (+994 99) 708 85 88 (Qərb rayonları üzrə)
(+994 99) 308 85 88 (Şimal qərb rayonları üzrə)
Oxşar xəbərlər
Qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri davam edir
Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri çərçivəsində Qida Təhlükəsizliyi Agentliyinin Quba-Xaçmaz regional bölməsinin əməkdaşları şimal bölgəsində maarifləndirmə görüşləri keçirib. Xaçmaz rayonunun Nərəcan, Pirquluoba, Çarxı və Sayad kəndlərində, həmçinin Quba rayonunun Zərdabi qəsəbəsi və Alekseyevka kəndində təşkil olunan görüşlərdə sakinlərə zərərvericinin yayılma yolları, kənd təsərrüfatına vurduğu ziyan və onunla mübarizə üsulları barədə məlumat verilib. Onları maraqlandıran suallar cavablandırırlıb, məlumat kitabçaları paylanılıb.
Regional Əlaqələndirmə Mərkəzlərində “Qaynar xətt” fəaliyyət göstərir - ZƏRƏRVERİCİ İLƏ MÜBARİZƏ
Qəhvəyi mərmər bağacığı 300-dən çox bitki ilə qidalanır. Yüksək risk altında olan bitkilərə fındıq, alma, armud, şaftalı, nektarin, üzüm, qarğıdalı, pomidor, badımcan, bibər, orta risk altında olan bitkilərə isə ərik, qaragilə, gilas, xiyar daxildir. Zərərvericinin qidalanması yazda başlayır və payızın sonuna qədər davam edir.
AQTA və Gürcüstanın Milli Qida Agentliyi arasında zərərvericiyə qarşı birgə mübarizə tədbirləri müzakirə edilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Gürcüstanın Milli Qida Agentliyi arasında Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirlərinə həsr olunmuş görüş keçirilib. Görüş zamanı region üçün iqtisadi əhəmiyyət daşıyan bu invaziv zərərvericiyə qarşı mübarizə sahəsində mövcud vəziyyət və qarşıda duran məsələlər müzakirə olunub. Tərəflər zərərvericinin yayılmasının qarşısının alınması və effektiv idarə olunması məqsədilə birgə fəaliyyətin gücləndirilməsinin vacibliyini vurğulayıb, bu istiqamətdə əməkdaşlıq barədə razılığa gəliblər. Əməkdaşlıq çərçivəsində operativ idarəetmə mexanizminin formalaşdırılması üçün hər iki ölkənin aidiyyəti qurumlarının nümayəndələrindən ibarət birgə işçi qrupun yaradılması planlaşdırılır. Sözügedən qrup qərarların koordinasiyasını, məlumat mübadiləsini və tədbirlərin planlaşdırılmasını təmin edəcək, eyni zamanda regional əməkdaşlıq strategiyasının hazırlanması üzərində çalışacaq. Bununla yanaşı, zərərvericinin yayılmasının izlənilməsi məqsədilə sərhədyanı ərazilərdə ikitərəfli razılaşdırılmış monitorinq və mübarizə tədbirləri üzrə məlumat mübadiləsinin aparılması nəzərdə tutulur. Zərərvericinin intensiv miqrasiya dövrlərində bu ərazilərdə paralel və koordinasiyalı mübarizə tədbirlərinin həyata keçirilməsi barədə razılıq əldə olunub. Bu məqsədlə ortaq mübarizə təqviminin hazırlanması planlaşdırılır ki, bu da resurslardan daha səmərəli istifadəni təmin edəcək. Məlumatların sistemli şəkildə toplanması erkən müdaxilə imkanı yaradacaq, nəticədə pestisid istifadəsinin və ümumi xərclərin azalmasına müsbət təsir göstərəcək. Görüşdə bioloji mübarizə sahəsində təcrübə mübadiləsi də aparılıb. Qeyd olunub ki, bu yanaşma kimyəvi vasitələrin istifadəsinin azaldılmasına və ekosistemə mənfi təsirlərin minimuma endirilməsinə xidmət edir. Transsərhəd zərərvericilərlə mübarizədə regional əməkdaşlığın gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir və bu istiqamətdə birgə fəaliyyət gələcəkdə də davam etdiriləcəkdir.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qeydiyyat və təsdiqi yoxla
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş