AQTA qida məhsullarının etiketlənməsi ilə bağlı sahibkarlara müraciət edib
24 Yanvar 2023 14:18
1 yanvar 2023-cü il tarixindən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Qanunda yer alan tələblərdən biri də qida məhsullarının etiket məlumatları ilə bağlıdır. Qanuna əsasən, qida məhsullarının üzərində “müalicəvi” adının yazılması qadağandır.
Bildiririk ki, qida məhsullarının etiketində həmin məhsulun insan xəstəliklərinin qarşısını alması, müalicəvi xüsusiyyətlərə malik olması haqqında məlumatlar verilməsi və ya bu cür təəssürat yaradan ifadələrin qeyd edilməsi “Qida təhlükəsizliyi haqqında” Qanunla qadağan edilib. Çünki qida məhsulu üzərində yalnış məlumatların yerləşdirilməsi istehlakçıların aldadılması, dolayısı ilə onların hüquqlarının pozulması ilə nəticələnə bilər.
Aparılan müşahidələr göstərir ki, məhsul istehlaka təqdim edilərkən müxtəlif marketinq alətlərindən, markalanma metodlarından istifadə olunur, bu da bəzi pozuntu hallarına gətirib çıxarır. Məsələn, süd məhsulunda kalsium olduğu halda bu maddənin mövcudluğunu xüsusi qabartmaqla və ya müxtəlif qablaşdırılmış sularda mövcud olan maqneziumun və digər mineralların olmasını xüsusi hal kimi qeyd etməklə məhsul istehlakçıya təqdim olunur.
Təəssüflə qeyd edirik ki, satış bazarında eynixassəli oxşar qida məhsullarının hər birinə məxsus xassələr xüsusi xassələr kimi təqdim edilir və bu metod məlumatlı olmayan istehlakçının qərar verməsində təsiredici amilə çevrilir. Qanunla əgər bir qida məhsulunun tərkibi hansısa bir maddələrdən ibarətdirsə, o hal qabardılmış formada ifadə edilməməlidir.
AQTA qida sahəsində fəaliyyət göstərən sahibkarların diqqətinə çatdırır ki, bu qayda 2023-cü il 1 yanvar tarixindən sonra istehsal olunan məhsullara şamil edilir. Belə məhsulların yeni qanunun tələblərinə uyğun etiketlənməsi təmin edilməlidir.
Bundan başqa, Azərbaycan Respublikasına idxal olunan qida məhsullarının üzərindəki etiketlər və adlar, məhsulun tərkibi və istifadəyə yararlılıq müddəti, məhsuldan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərdə olarsa, onların Azərbaycan dilinə tərcüməsi də təmin edilməlidir.
Agentlik tərəfindən yeni qanunun icrası ilə bağlı aparılan yoxlama-nəzarət tədbirləri etiket məlumatları ilə bağlı uyğunsuzluqların mövcudluğunu üzə çıxarıb. Bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlara müraciət edərək, xidmətlərini qanunun tələblərinə uyğun qurmağa səsləyirik.
İstehlakçılar isə qida sahəsində rastlaşdıqları uyğunsuzluqlarla bağlı AQTA-nın “1003 – Çağrı Mərkəzi”nə zəng edərək məlumat verə bilərlər.
Oxşar xəbərlər

Xırdalanda ictimai iaşə obyektində normativ tələblərin pozulduğu aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Məmməd Tofiq oğluna məxsus “Məhəllə” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Etiket məlumatları və müvafiq müşayiətedici sənədləri olmayan məhsulların satışa çıxarıldığı müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

İmişlidə fəaliyyət göstərən çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları İmişli şəhəri, N.Savalanov küçəsində fəaliyyət göstərən, Fərmanov Dirbaş Veysəl oğluna məxsus çörək emalı müəssisəsində yoxlama keçirib. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin məhsulların saxlanma şəraitinə və temperatur rejiminə əməl olunmadığı, emal prosesinin qaydalara uyğun həyata keçirilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.