AQTA qida məhsullarının idxalı sahəsində fəaliyyət göstərən sahibkarlara xəbərdarlıq edib
5 Oktyabr 2022 15:50
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində dünyanın müxtəlif dövlətlərindən ölkəmizə idxal olunan qida məhsullarının üzərindəki etiket məlumatları və adların idxalçı şirkətlər tərəfindən Azərbaycan dilinə tərcüməsinin təmin edilməsi ilə bağlı bir sıra uyğunsuzluqlar aşkarlanmış və bu halların baş verməməsi üçün ardıcıl tədbirlər həyata keçirilmişdir.
Belə ki, cari il ərzində qida məhsullarının idxalı ilə məşğul olan subyektlərlə çoxsaylı görüşlər keçirilmiş, qanunvericiliyin tələbləri sahibkarlıq subyektlərinin diqqətinə çatdırılmış, bu cür nöqsanlara təkrar yol verən idxalçı şirkətlərə xəbərdarlıqlar olunmuş və yol verdikləri pozuntularla əlaqədar barələrində qanunvericiliklə nəzərdə tutulmuş qaydada inzibati tədbirlər görülmüşdür.
Bundan əlavə, Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) vasitəsilə idxalçı subyektlərin şəxsi kabinetlərinə hər idxal üçün müraciət edərkən qida məhsullarının etiketlənməsi ilə bağlı tələblərə dair bildirişlər göndərilmişdir. Eyni zamanda qanunvericiliyə əsasən, dövlət dilində markalanması olmayan malların satışının qarşısının alınması və daimi nəzarətdə saxlanılması üçün iri ticarət şəbəkələrinə rəsmi xəbərdarlıq məktubları ünvanlanmışdır.
Həyata keçirilən maarifləndirici tədbirlərə, xəbərdarlıqlara və inzibati məsuliyyətə cəlbetmə ilə bağlı görülən işlərə baxmayaraq, təəssüf ki, nəzarət tədbirləri zamanı hələ də qida məhsullarının üzərindəki etiket məlumatları və adların Azərbaycan dilinə tərcüməsi ilə bağlı bəzi sahibkarlıq subyektləri tərəfindən ciddi qayda pozuntularına yol verildiyi aşkar olunmaqdadır. Bu da öz növbəsində “Yeyinti məhsulları haqqında” və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərini pozmaqla yanaşı, istehlakçıların məhsul haqqında dolğun məlumat ala bilməməsinə səbəb olur. Həmin məhsulların saxlanılması və ya istifadəsi ilə bağlı qaydalara əməl olunmaması isə insan sağlamlığı üçün ciddi təhlükə yarada bilər.
Odur ki, AQTA bir daha qida məhsullarının idxalı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə müraciət edərək, onları sözügedən qanunların tələblərinə ciddi şəkildə riayət etməyə çağırır və bildirilir ki, üzərindəki etiket məlumatları və adları Azərbaycan dilinə tərcümə olunmayan qida məhsullarının ölkə ərazisinə buraxılmaması və idxalçı ölkəyə geri qaytarılmasının tətbiqinə başlanılmışdır.
Oxşar xəbərlər
“By Fateh Gənclik” restoranının fəaliyyəti məhdudlaşdırılıb - VİDEO
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 118A ünvanında yerləşən, fiziki şəxs Mehdiyev Bəhram Müşfiq oğluna məxsus “By Fateh Gənclik” restoranında plandankənar nəzarət tədbiri aparılıb. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadan qanunsuz və antisanitar şəraitdə fəaliyyət göstərdiyi, mətbəxdə texnoloji ardıcıllığa riayət edilmədiyi, istehlaka təqdim edilən ətlərin müvafiq icazə sənədlərinin olmadığı, işçilərin ilkin və dövri tibbi müayinədən keçirilmədən fəaliyyət göstərdiyi və digər nöqsanlar aşkarlanıb. Bundan əlavə, yararlılıq müddəti ötmüş alkoqolsuz içki və qida məhsulları da aşkar edilib. Qeyd olunan uyğunsuzluqlarla əlaqədar obyektin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb və sahibkar barəsində inzibati protokol tərtib edilib. Əlavə olaraq, laborator müayinələrin aparılması məqsədilə ət məhsullarından nümunələr götürülüb. Link:
Salyanda “Aşxana” adlı kafedə nöqsanlar aşkarlanıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Şirvan-Salyan regional bölməsinin əməkdaşları Salyan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən, fiziki şəxs Məmmədova Gülər Sənan qızına məxsus “Aşxana” adlı kafedə nəzarət tədbiri keçirib. İctimai iaşə obyektinin qeydiyyatdan keçmədən qanunsuz fəaliyyət göstərdiyi, qida məhsullarının hazırlanması üçün mətbəx sahəsinin mövcud olmadığı, ev şəraitində hazırlanan yeməklərin mənşəyinin məlum olmadığı, istifadə edilən suyun filtrdən keçirilmədiyi, temperatur rejiminə düzgün əməl edilmədiyi və digər sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulduğu aşkarlanıb. Faktla bağlı inzibati protokol tərtib olunub, icrası məcburi göstərişlər verilib və nöqsanlar aradan qaldırılanadək obyektin fəaliyyəti məhdudlaşdırılıb.
İsmayıllıda qanunsuz heyvan kəsiminin qarşısı alınıb
Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri İsmayıllı rayonunda polis əməkdaşları ilə birgə qanunsuz heyvan kəsimi və ət satışının qarşısının alınması məqsədilə nəzarət tədbiri keçiriblər. Tədbirlər zamanı Həmzəyev Kamil Rüstəm oğlunun yaşadığı ünvanda baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarının pozularaq antisanitar şəraitdə qanunsuz heyvan kəsiminin təşkil edildiyi müəyyən olunub. Baxış zamanı mənşəyi məlum olmayan, baytarlıq ekspertizasından keçməmiş və kəskin qoxuya malik 300 kiloqrama yaxın at əti aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. İstehlaka yararsız ətlərdən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Araşdırmalar davam etdirilir.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş