AQTA qida sahəsində fəaliyyət göstərən sahibkarlara müraciət edib
18 İyul 2022 09:32
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi istiqamətində nəzarət tədbirlərini davam etdirir. Nəzarət tədbirləri, eyni zamanda son dövrdə zəhərlənmə hadisələri ilə bağlı aparılan araşdırmalar zamanı qida zəncirinin müxtəlif mərhələlərində, o cümlədən ictimai iaşə obyektlərində çalışan və obliqat qrupuna (müxtəlif sahələrdə çalışan, işə daxil olarkən və sonradan dövri tibbi müayinədən keçməsi tələb olunan vətəndaşlar) daxil olan işçilərin bir çox hallarda ilkin və dövrü tibbi müayinədən keçmədiyi hallar aşkar olunmuşdur.
Qeyd edək ki, əhalinin sağlamlığının qorunması, yoluxucu və parazitar xəstəliklərin yayılmasına yol verilməməsi, qida zəhərlənmələrinin qarşısının alınması məqsədilə müvafiq sahədə fəaliyyət göstərən bütün müəssisələrin işçilərinin işə qəbul olunmazdan əvvəl və işlədikləri dövrdə vaxtaşırı tibbi müayinədən keçməsi və tibbi arayışlarla təmin olunması zəruridir.
Tibbi müayinədən keçməyən və xəstəlik daşıyıcısı olan əməkdaşlar, yaxud infeksiyalı yaraları, dəri infeksiyaları olan şəxslərin qida obyektlərində, xüsusilə, insanların kütləvi qidalandığı məkanlarda (şadlıq sarayları, mərasim evləri və s.) hər hansı bir formada birbaşa, yaxud dolayısı yolla qida ilə təmasda olması həmin qidaları istehlak edən insanlarda mədə bağırsaq pozuntuları ilə müşahidə olunan halların baş verməsinə, həmçinin qida zəhərlənməsinə səbəb ola bilər.
Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar tərəfindən bu sahədə qanunvericilikdə nəzərdə tutulan tələblərə ciddi əməl olunmalı, obliqat qrupuna daxil olan işçilərin işə qəbul olunmazdan əvvəl və işlədikləri müddət ərzində dövri olaraq tibbi müayinədən keçmələri təmin olunmalıdır. Eyni zamanda konkret fəaliyyət sahəsinə uyğun olaraq görülən işin xüsusiyyətləri ilə əlaqədar, yoluxucu və parazitar xəstəlikləri yaymaq təhlükəsi mövcud olan, habelə sanitariya norma və qaydalarına, gigiyena normativlərinə riayət etməyən əməkdaşlar işdən kənarlaşdırılmalıdır.
AQTA bəyan edir ki, aparılan nəzarət tədbirləri zamanı belə faktlar aşkarlandığı təqdirdə, müəssisə rəhbərləri barədə qanunvericilik çərçivəsində müvafiq tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər

Gəncədə yaşayış evində saxta alkoqollu içkilərin istehsal edildiyi aşkarlanıb
Gizli fəaliyyət göstərən saxta alkoqollu spirtli içki istehsalı ilə bağlı daxil olan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyinin və yerli polis idarəsinin əməkdaşları Gəncə şəhəri, M.Ə.Sabir küçəsində Fituri Əsmər Mehman qızına məxsus yaşayış evində reyd keçirib. Yoxlama zamanı müxtəlif əmtəə nişanlı şüşə butulkaların yuyulub təmizlənərək, saxta üsullarla alkoqollu içkilərin qablaşdırıldığı müəyyən olunub. 13 ədəd 1 l-lik, 9 ədəd 0.7 l-lik, 4 ədəd 0.5 l-lik “Banketnaya Yubiley”, 19 ədəd 1 l-lik, 7 ədəd 0.7 l-lik, 5 ədəd 0.5 l-lik “Organic Line”, 1 ədəd 1 l-lik, 3 ədəd 0.7 l-lik “Banketnaya”, 1 ədəd 1 l-lik, 1 ədəd 0.5 l-lik “Старый Доктор” əmtəə nişanlı satış məqsədilə qablaşdırılmış saxta alkoqollu içki, həmçinin müxtəlif yerli və xarici brend markalı içkilərə məxsus butulka və qapaqlar, içərisində 25 litr su-spirt qarışığı olan plastik çəllək aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Qanunsuz istehsal olunan alkoqollu içkilərin satış yerlərinin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilməkdədir. Araşdırmalar davam etdirilir.

Saxta süd məhsullarının sosial media səhifəsində satışa çıxarıldığı müəyyən edilib
Sosial media platformasında satışı həyata keçirilən qaymağın keyfiyyətinin aşağı olması ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə daxil olan müraciət əsasında Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi, “Salty Park” yaşayış kompleksi, giriş 1, ev 295 ünvanında yoxlama keçirilib. Baxış zamanı fiziki şəxs Nəzərova Könül Sabir qızının istehsalçı müəssisələrdən tərkibində quru süd və süd yağı əvəzedicisi olan müxtəlif növ süd məhsullarını (qaymaq, pendir və s.) alıb etiketini çıxararaq, “təbii süd məhsulu” adı altında, müşayiətedici sənədləri olmadan “TikTok” və “İnstagram” sosial media səhifələrində satışını həyata keçirdiyi aşkarlanıb. Eyni zamanda süd məhsullarının temperatur rejimi gözlənilmədən, soyuducu avadanlıqla təmin edilməyən minik avtomobili vasitəsilə müştərilərə çatdırıldığı müəyyən edilib. Faktla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb, qanunsuz fəaliyyətin qarşısı alınıb. Qeyd edək ki, saxta məhsulların satışı istehlakçıların hüquqlarının pozulmasıdır. Saxlama şəraitinə riayət olunmadan məhsulların satışı isə mikrobioloji çirklənməyə səbəb ola bilər ki, bu da insan sağlamlığı üçün təhlükəli hesab olunur. Vətəndaşlar qida təhlükəsizliyi sahəsində istehlakçı hüquqlarının pozulması və qanunazidd hallarla rastlaşdıqda, bu barədə konkret faktlarla Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat verə bilərlər. Müraciət daxil olduqdan dərhal sonra araşdırmalara başlanılacaq və qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcəkdir.

Bərdədə heyvan satışı bazarında ciddi nöqsanlar müəyyən edilib
Bərdə rayonu, Alpoud kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus heyvan satışı bazarında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı plandankənar yoxlama aparılıb. Baxış zamanı bazarda satışa çıxarılan müxtəlif çeşiddə ət məhsullarının və unlu qənnadı məmulatlarının temperatur rejiminə əməl edilmədən və birbaşa günəş şüaları altında saxlandığı, əl yuma çanaqlarının mövcud olmadığı, qida məhsulları ilə təmasda olan səthlərin korroziyaya uğradığı və natəmiz olduğu, qida məhsulları üçün ayrıca yuma sahəsinin təşkil edilmədiyi, işçi heyətin gigiyena qaydalarına riayət etmədiyi və xüsusi geyimlə təmin olunmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi aşkarlanıb. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.