AQTA Qurban bayramı ilə bağlı jurnalistlər üçün infotur təşkil edib
25 May 2026 16:21
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Qurban bayramı ərəfəsində media nümayəndələri üçün heyvan kəsimi məntəqəsinə infotur təşkil edib. İnfoturun məqsədi bayram günlərində artan tələbat fonunda heyvan kəsimi və satışının qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilməsinin vacibliyini ictimaiyyətin diqqətinə çatdırmaq olub.
“Azmeat” müəssisəsində keçirilən infotur zamanı jurnalistlərə heyvan kəsimi prosesi əyani şəkildə nümayiş etdirilib. Bildirilib ki, heyvan kəsimi məntəqələrində baytarlıq-sanitariya qaydalarına ciddi riayət olunması həm müəssisədə çalışan işçi heyətinin, həm də istehlakçıların sağlamlığının qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd olunub ki, işçi heyəti xüsusi təmiz geyimlə təmin edilməli, istifadə olunan alətlər mütəmadi olaraq dezinfeksiya olunmalı, tullantılar isə sanitariya-gigiyena tələblərinə uyğun şəkildə toplanaraq vaxtında ərazidən uzaqlaşdırılmalıdır.
İnfotur çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mobil Laboratoriyasına da baxış keçirilib. Vurğulanıb ki, bu laboratoriyalar çadır tipli kəsim məntəqələrində fəaliyyət göstərəcək. Qurbanlıq heyvanlar arasında hər hansı xəstəliyə şübhə yaranarsa, daxili orqanlarından nümunə götürülərək həmin laboratoriyalarda operativ formada müayinə ediləcək. Eyni zamanda bayram günlərində AQTİ laboratoriyaları gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək.
Oxşar xəbərlər
Heyvanların daşınması ilə bağlı yeni tələblər müəyyən edilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəyə idxal olunan heyvanların sağlamlığının qorunması, yoluxucu xəstəliklərin yayılma riskinin azaldılması və heyvan rifahının yaxşılaşdırılması məqsədilə daşınma şərtlərinə dair yeni tələblər müəyyən edib. Qərara əsasən, 2027-ci il yanvarın 1-dən etibarən ölkəyə idxal olunan heyvanların daşınması yalnız Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nin tələblərinə cavab verən ixtisaslaşdırılmış nəqliyyat vasitələri ilə həyata keçiriləcək. Keçid dövrü çərçivəsində, 2027-ci il yanvarın 1-dək heyvanların uyğunlaşdırılmış nəqliyyat vasitələrində bir mərtəbədə daşınmasına icazə veriləcək. Maksimum yüklənmə norması iribuynuzlu heyvanlar üçün 60, xırdabuynuzlu heyvanlar üçün isə 150 baş müəyyən olunub. Yeni tələblər heyvanların təhlükəsiz və rifah standartlarına uyğun daşınmasını, həmçinin sərhəd baytarlıq nəzarətinin effektivliyinin artırılmasını hədəfləyir. AQTA sahibkarları müəyyən edilmiş keçid dövründə fəaliyyətlərini yeni qaydalara uyğunlaşdırmağa çağırır.
Energetik içkilər adi sərinləşdirici içki deyil: İstehlakçılar nələrə diqqət etməlidir?
Son illər energetik içkilərin istehlakı, xüsusilə də gənclər arasında nəzərəçarpacaq dərəcədə artıb. İsti hava şəraitində bəzi insanlar bu məhsulları sərinləşdirici içki kimi qəbul etsələr də, energetik içkilər tərkibi və təsirinə görə adi sərinləşdirici içkilərdən fərqlənir. Bu cür məhsulların tərkibində kofein, taurin, quarana, jenşen, inozitol, B qrupu vitaminləri, qlükoronolakton və digər bitki mənşəli komponentlər mövcud ola bilər. Mövcud tələblərə əsasən energetik içkilərin 18 yaşdan aşağı şəxslərə satışı qadağandır. Həmçinin bu məhsulların alkoqollu içkilərlə birlikdə və ya qarışdırılaraq istifadəsi tövsiyə edilmir. Energetik içkilərin yaşlı şəxslər, hamilə və süd verən qadınlar, eləcə də diabet, ürək-damar sistemi xəstəlikləri, böyrək çatışmazlığı, hipertoniya, sinir oyanıqlığı, yuxusuzluq və metabolizm pozuntuları olan insanlar tərəfindən istifadəsi məsləhət görülmür. Energetik içkilərin gündəlik istehlak həcminin 500 millilitrdən artıq olmaması tövsiyə olunur. Bundan əlavə, bu məhsulların idman və digər intensiv fiziki fəaliyyətlərdən əvvəl, fəaliyyət zamanı və sonra istifadəsi məqsədəuyğun hesab edilmir. Qanunvericiliyə uyğun olaraq energetik içkilərin etiketində mütləq şəkildə “Energetik içki” ifadəsi yazılmalıdır. Ətraflı:
Təbiət ərazilərində epizootoloji monitorinqlər keçiriləcək
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəmizdə xırdabuynuzlu heyvanların taunu, atların və donuzların Afrika taunu, eləcə də quş qripi xəstəlikləri üzrə azad statusun qorunub saxlanılması, habelə dabaq və quduzluq kimi transsərhəd heyvan xəstəlikləri üzrə epizootoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə mütəmadi monitorinqlər aparılır və Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına hesabatlar təqdim edilir. Bu tədbirlər çərçivəsində 6-10 iyul tarixlərində respublikanın bir neçə şəhər və rayonlarını əhatə edən ovçuluq təsərrüfatları, milli parklar, dövlət təbiət qoruqları və yasaqlıqlarda bu xəstəliklərə həssas vəhşi heyvanlar üzrə monitorinqlər aparılacaq. Monitorinq zamanı ərazilərdə müşahidələr aparılacaq, xəstə və ya tələf olmuş heyvanlara rast gəlinərsə, onlardan diaqnostik nümunələr götürüləcək. Eyni zamanda, müşahidə aparılacaq ərazilər barədə epizootoloji məlumatlar “Epicollect 5” proqramına daxil olunacaq. Monitorinqdə AQTA, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin rayon (şəhər) Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti və Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları iştirak edəcək.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Çinə ixrac imkanlarımız genişlənir - Real TV
Azərbaycan və Çin arasında qida məhsullarının ixracına dair mühüm razılaşmalar əldə olunub
Giriş