AQTA rəqəmsal transformasiyaya keçidi sürətləndirir
18 Fevral 2026 15:56
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə fevralın 11-də keçirilən “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunan müşavirədə müəyyən edilmiş vəzifələrin icrası ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyində (AQTA) iclas keçirilib.
AQTA sədri Qoşqar Təhməzlinin rəhbərliyi ilə baş tutan toplantıda qida təhlükəsizliyi sahəsində institusional transformasiyanın dərinləşdirilməsi, rəqəmsal idarəetmə modelinin təkmilləşdirilməsi və innovasiya əsaslı həllərin sistemli tətbiqi istiqamətində görülən işlər barədə məlumat verilib. Agentliyin rəqəmsal transformasiya gündəliyi çərçivəsində həyata keçirdiyi tədbirlər kompleks şəkildə təqdim edilib. Göstərilən xidmətlərin tam rəqəmsallaşdırılması, xidmətlərin “MyGov” platformasına inteqrasiya olunması, süni intellekt, kibertəhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində atılan addımlar diqqətə çatdırılıb. Qeyd olunub ki, hazırda Agentliyin xidmətləri üzrə rəqəmsallaşma 87% təşkil edir.
Bildirilib ki, rəqəmsal transformasiya yalnız texniki yenilənmə deyil, eyni zamanda qərarvermə prosesinin məlumat əsaslı modelə keçidi, idarəetmədə çevikliyin artırılması və resursların daha səmərəli bölüşdürülməsi deməkdir. Bu yanaşma qida təhlükəsizliyi sahəsində proqnozlaşdırıcı nəzarət mexanizmlərinin formalaşdırılmasına, potensial risklərin əvvəlcədən müəyyən edilməsinə və çevik reaksiya imkanlarının genişləndirilməsinə şərait yaradır.
Müzakirələr zamanı digər dövlət qurumları və beynəlxalq tərəfdaşlarla elektron məlumat mübadiləsinin genişləndirilməsi, qarşılıqlı əlaqələrin optimallaşdırılması və vahid rəqəmsal mühitin formalaşdırılması məsələləri xüsusi vurğulanıb.
Toplantının yekununda xidmətlərin tam elektronlaşdırılması, innovativ texnoloji həllərin tətbiqinin sürətləndirilməsi və rəqəmsal transformasiya prosesinin mərhələli şəkildə icrası ilə bağlı konkret tapşırıqlar verilib.
AQTA qida təhlükəsizliyi sistemində şəffaflıq, effektivlik və dayanıqlılıq prinsiplərinə əsaslanan müasir idarəetmə modelinin inkişafı istiqamətində fəaliyyətini davam etdirir.
Oxşar xəbərlər
Fındıq istehsalçıları və ixracatçıları ilə görüş keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fındıq istehsalçıları və ixracatçılarının iştirakı ilə onlayn görüş keçirib. Görüşdə fındıq bağlarında zərərli orqanizmlərin, xüsusilə qəhvəyi mərmər bağacığının (Halyomorpha halys) yayılmasının qarşısının alınması, mütəmadi monitorinqlərin aparılması və kompleks mübarizə tədbirlərinin tətbiqi müzakirə olunub. Həmçinin bitki mühafizə vasitələrindən düzgün istifadə, pestisid qalıqlarına dair normalar və ixrac ölkələrinin fitosanitar tələbləri barədə məlumat verilib. İstehsalçı və ixracatçıların qarşılaşdıqları problemlər dinlənilib, onların həlli yolları və müvafiq tədbirlərin görülməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
AQTA sədri Yunanıstanın Azərbaycandakı səfiri ilə görüşüb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Maria Papakonstantinu ilə görüşüb. Görüş zamanı Q.Təhməzli ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi ilə bağlı görülən işlər, həmçinin bu istiqamətdə beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə səfiri məlumatlandırıb. İki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın gücləndirilməsi, o cümlədən qida məhsullarının dövriyyəsinin genişləndirilməsi müzakirə olunub, idxal və ixrac üzrə statistik göstəricilər nəzərdən keçirilib. Sonda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Qax rayonunda qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Şəki-Zaqatala regional bölməsinin fitosanitar müfəttişləri tərəfindən qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib. Tədbirlər zamanı Qax rayonunun Qaradolaq, Qındırğa və Alatəmir kəndlərində sakinlərlə görüşlər keçirilib. Sakinlərə zərərvericinin yayılma xüsusiyyətləri, kənd təsərrüfatı bitkilərinə, xüsusilə meyvə və digər bitkilərə vurduğu zərər, məhsul itkisinə səbəb ola bilən amillər, eləcə də zərərvericiyə qarşı mübarizə üsulları barədə ətraflı məlumat verilib. Bildirilib ki, hazırda havaların soyuması və zərərvericinin mövsümi inkişaf xüsusiyyətləri ilə əlaqədar qışlama yerlərinə doğru kütləvi miqrasiyası müşahidə olunur. Payız-qış dövründə ən səmərəli və təhlükəsiz yanaşmalardan biri zərərvericinin mexaniki üsulla (əl ilə, süpürgə və ya tozsoran vasitəsilə) toplanaraq məhv edilməsidir. Bu tədbirlərin vaxtında və kütləvi şəkildə həyata keçirilməsi növbəti vegetasiya dövründə zərərvericinin sayının və yayılma ehtimalının azaldılmasında mühüm əhəmiyyət daşıyır. Tədbirlərdə kənd sakinlərini maraqlandıran suallar cavablandırılıb, praktiki tövsiyələr verilib, maarifləndirici bukletlər paylanılıb. İctimai yerlərdə isə zərərverici ilə mübarizəyə dair məlumatlandırıcı posterlər yerləşdirilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş