AQTA sahibkarları dələduzlara inanmamağa çağırır
1 May 2019 15:51
Son günlər Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) adından istifadə edərək sahibkarlıq subyektlərində qanunsuz yoxlamaların aparılması və müxtəlif tələblər irəli sürməklə vətəndaşlardan hər hansı saxta sənəd və qəbz qarşılığında pul alınması halları ilə bağlı faktlar aşkar olunmuşdur. Həmin hadisələr Agentlik tərəfindən ictimailəşdirilməklə yanaşı qanunvericilik çərçivəsində tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərilmişdir. Buna baxmayaraq, hələ də müxtəlif bəhanələr altında sahibkarlardan saxta sənədlər təqdim etməklə qanunsuz olaraq ödəniş tələb edən şəxslərlə bağlı məlumatlar daxil olmaqdadır.
Agentlik qida sahəsində fəaliyyət göstərən sahibkarların diqqətinə çatdırır ki, qurumun fəaliyyət istiqamətləri çərçivəsində aparılan istənilən baxış, monitorinq, yoxlama və s. tədbirlər zamanı yerində hər hansı ödənişin olunması mexanizmi mövcud deyil. Eyni zamanda Agentliyin bu sahədə fəaliyyətini və sahibkarlıq subyektləri ilə birbaşa təması yalnız xüsusi qruplarda təmsil olunan müfəttişlər həyata keçirir. Həmin müfəttiş qruplarından kənar heç bir şəxs və AQTA əməkdaşı müvafiq sahə üzrə sahibkarlıq sturukturuna daxil ola və hər hansı yoxlama həyata keçirə bilməz.
Qida sahəsində fəaliyyət göstərən sahibkarlardan bir daha xahiş olunur ki, müxtəlif adlar altında yoxlama tədbirləri ilə sahibkarlıq subyektinə daxil olan istənilən şəxsdən, eləcə də AQTA əməkdaşından yoxlamanın keçirilməsinə dair aşağıdakı sənədləri tələb etsinlər:
1. Yoxlamanın aparılmasına dair icazə sənədi - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin yoxlamanın aparılmasına dair vahid məlumat reyestrindən çıxarış
2. Həmin sahibkarlıq subyektində müvafiq yoxlamanın aparılması ilə bağlı vəzifəli şəxs tərəfindən qəbul edilmiş qərarın əsli
3. Yoxlamanı həyata keçirən müfəttişlərin xidməti vəsiqəsi
4. Yoxlamaya dair əvvəlcədən təsdiq edilmiş yoxlama suallarının siyahısı
5. Sahibkarın hüquq və vəzifələrinə dair şifahi məlumatın yoxlayıcı tərəfindən izah olunması
6. Yoxlamanı həyata keçirən müfəttişlərin ad və soyadlarının yoxlamanın aparılması ilə bağlı vəzifəli şəxs tərəfindən qəbul edilmiş qərarda öz əksini tapması
Sahibkarların nəzərinə çatdırılır ki, hər hansı tələb və ya xidmət əsasında sahibkarlıq subyektinə daxil olaraq yerində ödəniş tələb edən şəxslər Agentlik əməkdaşları deyil və istənilən halda yerində ödəniş etməsinlər. Bununla bağlı şübhəli məqam olduğu təqdirdə dərhal hüquq-mühafizə orqanlarına və ya Qida Təhlükəsizliyi Agentliyinin 1003 saylı "Çağrı Mərkəzi”inə məlumat versinlər.
Oxşar xəbərlər
Fermer üçün yeni mərhələ: heyvanın identikləşdirilməsindən məhsulun izlənilməsinədək
Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı çərçivəsində heyvanların identikləşdirilməsi sisteminin təkmilləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur. Dövlət Proqramının tədbirlər planının 8.5.3-cü bəndinə əsasən həyata keçiriləcək tədbirlər ilk növbədə heyvan sahiblərinin təsərrüfatlarında heyvanların uçotunun və hərəkətinin daha dəqiq izlənilməsinə imkan yaradacaq. Bu isə fermer üçün təsərrüfatındakı heyvanlarla bağlı məlumatların daha sistemli şəkildə aparılması deməkdir. Heyvanın identikləşdirilməsi onun hansı təsərrüfata məxsus olduğunu, hərəkətini və baytarlıq məlumatlarını izləməyə imkan verəcək. Nəticədə xəstəliklərin aşkarlandığı hallarda risk altında olan heyvanların və təsərrüfatların daha sürətli müəyyənləşdirilməsi, müvafiq baytarlıq tədbirlərinin vaxtında həyata keçirilməsi mümkün olacaq. Sistem fermer üçün heyvanların sağlamlıq vəziyyətinə nəzarətin gücləndirilməsinə də şərait yaradacaq. Xəstəliklərin yayılmasının qarşısının daha effektiv alınması təsərrüfatların qorunmasına, heyvan itkilərinin və bununla bağlı iqtisadi zərərlərin azaldılmasına xidmət edəcək. Heyvanların identikləşdirilməsi eyni zamanda heyvan mənşəli məhsulların izlənəbilənliyinin təmin olunmasında mühüm rol oynayacaq. Beləliklə, məhsulun hansı təsərrüfatdan əldə edildiyi barədə məlumatların müəyyənləşdirilməsi qida təhlükəsizliyi zəncirində nəzarətin gücləndirilməsinə imkan verəcək. Dövlət Proqramının icrası çərçivəsində heyvan sahiblərinin identikləşdirmə prosesi barədə məlumatlandırılması və bu istiqamətdə maarifləndirmə tədbirlərinin davam etdirilməsi də nəzərdə tutulur. Beləliklə, identikləşdirmə sistemi fermer üçün yalnız heyvanların qeydiyyata alınması deyil, həm də təsərrüfata nəzarətin gücləndirilməsi, heyvan sağlamlığının qorunması, risklərin vaxtında müəyyənləşdirilməsi və istehsal olunan məhsulların izlənəbilənliyinin təmin edilməsi baxımından əhəmiyyət daşıyır. Bu yanaşma fermer üçün heyvanın qeydiyyatından başlayaraq onun sağlamlıq vəziyyətinin izlənilməsinə, daha sonra isə heyvan mənşəli məhsulların hərəkətinin izlənilməsi imkanlarının genişləndirilməsinə şərait yaradacaq.
Heyvan bazarlarında yeni mərhələ: müasir infrastruktur və gücləndirilmiş baytarlıq nəzarəti
Ölkə üzrə heyvan bazarlarında ötən ildən başlanan yenidənqurma işlərinin əsas hissəsi artıq yekunlaşıb. Yenilənmiş bazarlarda müasir baytarlıq-sanitariya tələblərinin tətbiqi, heyvanların identifikasiyası və hərəkətinin izlənilməsi üçün zəruri infrastruktur yaradılıb. 1 il ərzində ümumilikdə ölkə üzrə 22 heyvan bazarı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Kollegiyasının Qərarı ilə təsdiq edilmiş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun yenidən qurularaq istifadəyə verilib. Yenidənqurma işləri zamanı əvvəlki bazarlarda mövcud olan baytarlıq-sanitariya və sanitar-gigiyenik tələblərə əməl olunması ilə bağlı çatışmazlıqların aradan qaldırılmasına xüsusi diqqət yetirilib. Bu istiqamətdə sahibkarlıq subyektləri ilə AQTA-nın birgə fəaliyyəti nəticəsində böyük bir layihə qısa zaman kəsiyində icra edilib. Müasir heyvan bazarlarında heyvanların baytar nəzarətində qəbulu, identifikasiyası və hərəkətinin izlənilməsi həyata keçirilir. Bu tədbirlər heyvan xəstəliklərinin vaxtında aşkarlanmasına, onların yayılma riskinin azaldılmasına və ümumi epizootoloji təhlükəsizliyin təmin edilməsinə imkan yaradır. Beləliklə, yenilənmiş və yeni inşa edilən heyvan bazarları yalnız alqı-satqı məkanı deyil, həmçinin heyvan sağlamlığının qorunması, baytarlıq nəzarətinin və sanitariya tələblərinin təmin edildiyi müasir infrastruktur kimi fəaliyyət göstərir. Daha ətraflı:
Daşkəsəndə heyvanların identifikasiyası ilə bağlı maarifləndirici tədbir keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Gəncə-Daşkəsən regional bölməsi və Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə heyvanların identifikasiyası işlərinin təşkilinə həsr olunmuş maarifləndirici görüş keçirilib. Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzinin, rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin nümayəndələrinin, həmçinin rayon ərazisində fəaliyyət göstərən heyvandarlıq təsərrüfatı sahiblərinin iştirak etdikləri görüşdə heyvanların identifikasiyasının əhəmiyyəti barədə ətraflı məlumat verilib. Tədbirdə bildirilib ki, heyvanların fərdi identifikasiyası baytarlıq tədbirlərinin daha dəqiq və səmərəli həyata keçirilməsinə, xəstəliklərin vaxtında aşkarlanmasına və onların yayılmasının qarşısının alınmasına mühüm töhfə verir. Eyni zamanda, diqqətə çatdırılıb ki, identifikasiya prosesi Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) vasitəsilə icra olunur. Sistem vasitəsilə heyvanların qeydiyyatı və onlar barədə məlumatların elektron uçotunun aparılması təmin olunur.
Giriş