AQTA sədri Belarusun Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini ilə görüşüb
8 Oktyabr 2026 17:46
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini, Baytarlıq və Ərzaq Nəzarəti Departamentinin direktoru İvan Smilgin ilə görüşüb.
Görüşdə Azərbaycan-Belarus arasında qida təhlükəsizliyi və baytarlıq sahələrində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, qida təhlükəsizliyi sistemlərinin ekvivalentliyinin tanınması, baytarlıq preparatlarının birgə istehsalı və heyvanların identifikasiyası məsələləri müzakirə olunub.
Həmçinin “Rabisafe” baytarlıq preparatının Azərbaycanda istehsalının təşkili və Belarusun “BelAqroGen” elmi-istehsalat mərkəzi ilə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.
Qeyd olunub ki, Belarusun qida təhlükəsizliyi sisteminin ekvivalentliyi AQTA tərəfindən tam həcmdə tanınıb. Hazırda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Reyestrində Belarus mənşəli 123 qida obyekti qeydiyyatdadır.
Qida, baytarlıq və fitosanitar təhlükəsizlik sahələrində əməkdaşlığın davam etdirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi barədə razılığa gəlinib.
Sonda qarşılıqlı maraq doğuran digər məsələlər nəzərdən keçirilib.
Oxşar xəbərlər
FIFA U-15 Dünya Kuboku və Festivalı çərçivəsində qida təhlükəsizliyinə nəzarət tədbirləri davam etdirilir
Bakıda keçirilən FIFA U-15 Dünya Kuboku və Festivalı çərçivəsində tədbir iştirakçılarının təhlükəsiz qidalanmasının təmin olunması məqsədilə nəzarət tədbirləri həyata keçirilir. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları idmançıların və tədbirə gələn qonaqların qidalanmasının təşkili ilə bağlı məkanlarda qida təhlükəsizliyi tələblərinə əməl olunmasına nəzarət edirlər. Nəzarət tədbirləri çərçivəsində mətbəx və yemək zallarında müvafiq yoxlamalar aparılır, hazırlanmış qidalardan laborator müayinələr üçün nümunələr götürülür. Ərazidə faaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun səyyar laboratoriyaları vasitəsilə tədbir məkanlarında yerində müayinələr həyata keçirilir, qida təhlükəsizliyinin təmin olunması vəziyyəti qiymətləndirilir. Tədbir məkanlarında qida məhsullarının hazırlanması, saxlanılması şəraiti, sanitariya-gigiyena qaydalarına riayət olunması, eləcə də qida təhlükəsizliyi tələblərinin yerinə yetirilməsi diqqət mərkəzində saxlanılır. Məqsəd yarış və festival iştirakçılarının sağlamlığının qorunması, onların təhlükəsiz qida məhsulları ilə təmin olunmasına nəzarətin gücləndirilməsidir. Daha ətraflı: https://youtu.be/KsuP8ToXDK8
Uşaq bağçasında nöqsanlar aşkarlanıb
Binəqədi rayonu, Müşfiqabad qəsəbəsi, Günəşli küçəsində yerləşən 329 nömrəli uşaq bağçasında Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilən plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Aşkar edilmiş nöqsanlarla bağlı müəssisənin rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib olunub. Mətbəxdə istehlaka hazır qida məhsullarından nümunələr götürülərək laborator müayinələrə göndərilib.
Toyuq kəsimi sexinin qanundankənar fəaliyyət göstərdiyi aşkarlanıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lənkəran rayonu, Girdəni kəndində yerləşən, Hüseynova Ruhəngiz Davud qızına məxsus toyuq kəsimi sexində plandankənar yoxlama keçirib. Obyektdə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl olunmadığı aşkarlanıb. Baxış zamanı sexin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi məlum olub. Həmçinin diri quşların müşayiətedici sənədlərinin olmadığı, antisanitar şəraitdə, baytarlıq-sanitariya nəzarətindən keçmədən kəsiminin aparıldığı, məhsulların etiketlənmədiyi və digər normativ tələblərin pozulduğu müəyyən edilib. Faktla bağlı inzibati protokol tərtib edilib, sexin fəaliyyəti məhdudlaşdırılıb və nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş