AQTA sədri Beyləqanda vətəndaşlarla görüşəcək
28 İyul 2023 15:21

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2023-cü ilin avqust ayı üzrə regionlarda vətəndaş qəbulu qrafikinə uyğun olaraq, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli avqustun 17-si saat 11:00-da Beyləqan Rayon Heydər Əliyev Mərkəzində Beyləqan, Füzuli və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edəcək.
Vətəndaşlar Agentliyin səlahiyyət dairəsinə aid məsələlərlə (qida məhsullarının təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarətinə dair normativ tənzimləmə, qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatı, qida təhlükəsizliyi, fitosanitar və baytarlıq sertifikatlarının verilməsi və s.) bağlı adını, soyadını, atasının adını, müraciətinin məzmununu, yaşadığı ünvanı və telefon nömrəsini göstərməklə, info@afsa.gov.az elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq avqustun 16-dək qəbula yazıla bilərlər.
Eyni zamanda, AQTA-nın region üzrə yerli bölmələrində işlə təmin olunmaq istəyən, qida məhsulları mühəndisliyi, istehlak mallarının ekspertizası və marketinqi, metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi, tibbi profilaktika, aqronomluq, bitki mühafizəsi, kimya, biologiya, torpaqşünaslıq və aqrokimya, baytarlıq ixtisasına yiyələnmiş vətəndaşlar müraciət edə bilərlər.
Oxşar xəbərlər

Masallıda heyvanların identikləşdirilməsi mövzusunda görüş keçirilib
Masallı rayonunda yerləşən heyvandarlıq təsərrüfatlarının sahibləri və fermerlərlə heyvanların identikləşdirilməsi mövzusunda görüş keçirilib. Görüşdə yerli icra hakimiyyətinin rəhbər şəxsləri, bələdiyyələr, yerlərdə icra nümayəndələri, yerli qurumların rəhbərləri də iştirak ediblər. Tədbirdə “Heyvanların İdentifikasiyası və Qeydiyyat Sistemi” barədə geniş məlumat verilib, heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinə nəzarətin həyata keçirilməsi, heyvan və heyvan mənşəli məhsulların izlənməsi zamanı heyvanların identifikasiya olunmasının zəruriliyi izah olunub. İdentifikasiya məlumatları olmayan iribuynuzlu heyvanların və atların, habelə baytarlıq sənədləri olmayan heyvanların heyvan bazarı ərazisinə daxil olmasına icazə verilməməsi tələbi diqqətə çatdırılıb.

"Top Qapı" restoranında ciddi nöqsanlar aşkarlandı
Nərimanov rayonu, Ə.Ağaoğlu küçəsi, ev 26 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Dadaşov Pərviz Almas oğluna məxsus "Top Qapı" restoranında AQTA əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı ciddi nöqsanlar aşkarlanıb. Belə ki, yoxlama zamanı restoranda ətin ilkin emalı, mətbəx, soyuq qəlyanaltıların hazırlanması, təndirxana, anbar və işçilərin soyunub-geyinmə sahələrində sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu və bu sahələrin mütəmadi təmizlənib dezinfeksiya edilmədiyi, sanitar qovşağın qapısının birbaşa ətin ilkin emalı sahəsinə açıldığı, mətbəxdə havalandırma sisteminin qurulmadığı, qida məhsullarının tələb olunan qaydada və temperaturda saxlanılmadığı, qida ilə təmasda olan işçilərin tibbi müayinədən və gigiyenik təlimlərdən keçirilmədən çalışdığı, baytarlıq sənədləri olmayan heyvan mənşəli məhsulların istehlaka təqdim olunduğu müəyyən edilib. Emal olunmuş məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb. Araşdırmalar davam edir.

“Vətən” restoranında istehlaka yararsız məhsullar aşkarlandı
Nəsimi rayonu, Tbilisi prospekti 58 ünvanında fəaliyyət göstərən “ATJ” MMC-yə məxsus “Vətən” restoranında AQTA əməkdaşları tərəfindən aparılan yoxlama zamanı emal sahəsində sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu, temperatur rejiminə əməl edilmədiyi məlum olub. Həmçinin iaşə obyektində baytarlıq sənədi olmayan heyvan mənşəli məhsulların və yararlılıq müddəti bitmiş kolbasa məhsullarının istehlaka təqdim edildiyi aşkarlanıb. Emal edilmiş məhsullardan və ətlərdən nümunə götürülərək laborator müayinələrə cəlb olunub. Faktla bağlı obyektin anbarı və çörək emalı sahəsinin fəaliyyəti məhdudlaşdırılıb, sahibkar barəsində inzibati protokol tərtib edilib.