AQTA sədri Beynəlxalq Qida Sənayesi və Kənd Təsərrüfatı sərgilərinin açılışında iştirak edib
15 May 2024 15:35
Bakıda 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan 2024” və 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” sərgiləri işə başlayıb.
15-17 may tarixlərini əhatə edən sərgilərə Azərbaycan, Almaniya, Amerika Birləşmiş Ştatları, Belarus, Belçika, Çex Respublikası, Çin, Cənubi Koreya, Estoniya, Əfqanıstan, İspaniya, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, İran, İsrail, İsveç, İsveçrə, İtaliya, İndoneziya, Latviya, Misir, Niderland, Özbəkistan, Pakistan, Polşa, Qazaxıstan, Rusiya, Serbiya, Slovakiya, Tailand, Türkiyə, Türkmənistan, Şri-Lanka, Venesuela, Yaponiya və Yunanıstandan 500-ə yaxın şirkət qatılıb. Sərgilərdə Almaniya, Belarus, Gürcüstan, Çex Respublikası, Əfqanıstan, İtaliya, Niderland, Koreya, Polşa, Şri-Lanka, İndoneziya, Özbəkistan Milli Qrupları qida sənayesi və kənd təsərrüfatı məhsulları ilə təmsil olunur.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Kənd Təsərrüfatı Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Qida və İçki Sənayeçiləri Assosiasiyası, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası sərgiləri fəal şəkildə dəstəkləyir. Sərgilərin təşkilatçıları “Caspian Event Organisers” şirkəti və tərəfdaşları olan “Caspian Event Management” və “ICA Events” şirkətləridir.
Sərgilərin açılış mərasimində çıxış edən AQTA sədri Qoşqar Təhməzli bildirib ki, son illər ölkəmizdə digər sahələrlə birgə qida təhlükəsizliyi sahəsində həyata keçirilən islahatlar, görülən işlər əhalinin daha təhlükəsiz qida məhsulları ilə təmin olunması ilə yanaşı, bu məhsulların beynəlxalq bazarlara çıxış imkanlarını da genişləndirib. Qida təhlükəsizliyi sahəsində nəzarət və tənzimləmə sisteminin daha da təkmilləşdirilməsi, biotəhlükəsizliyin təmin edilməsi istiqamətində görülən işlər, həmçinin idxal və ixrac əməliyyatları zamanı nəzarətin beynəlxalq standartlara uyğun tənzimlənməsi bu istiqamətdə öz müsbət nəticəsini göstərməkdədir. Bütün bunlar qida sahəsində fəaliyyət göstərən subyektlərin öz fəaliyyətlərini beynəlxalq standartlara uyğunlaşdırması və istehsal olunan məhsulların təhlükəsizlik və keyfiyyət göstəricilərini yaxşılaşdırması ilə mümkün olub.
AQTA sədri çıxışı zamanı ölkəmizdə xəstəliklərdən azad zonaların və qida təhlükəsizliyinə nəzarət məntəqələrinin yaradılması, heyvan və bitki sağlamlığının təmin edilməsi və Agentliyin tabeliyində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) laboratoriyaları ilə bağlı görülən işlər barədə ətraflı məlumat verib, nailiyyətlərdən danışıb. Eyni zamanda vurğulayıb ki, FAO-nun dəstəyi və bir sıra qurumların iştirakı ilə “Qida nəzarəti sisteminin qiymətləndirilməsi aləti” adlı layihə reallaşdırılıb. Qiymətləndirmə nəticəsində respublikamızdakı mövcud qida təhlükəsizliyi sistemi üzrə FAO-nun və Ümumdünya Səhiyyə Təşkilatının müəyyənləşdirdiyi ideal sistemlərin 25 səriştəsinin nəzərə alındığı və işlək olduğu aşkarlanıb. Bu isə mövcud qida təhlükəsizliyi sisteminin beynəlxalq təşkilatlar tərəfindən müəyyən edilmiş standart və tələblərə uyğunluğunu göstərir.
Qeyd edək ki, 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan 2024” sərgisində AQTA-nın stendi qurulub. Stenddə sağlam qidalanmanın təşviqi, qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı, həmçinin idxal-ixrac əməliyyatları ilə bağlı Agentliyin həyata keçirdiyi fəaliyyətlər və innovativ həllərə dair yeni videoçarxlar nümayiş etdirilir. Agentliyin stendi AQTİ-nin laboratoriyalarına virtual səyahət etməyə və müvafiq məlumatlar almağa imkan verir. Bundan başqa, sərgidə bir müddət əvvəl fəaliyyətə başlayan İnstitutun yeni Çadır tipli Səyyar Fitosanitar Laboratoriyası nümayiş olunur. Ziyarətçilər bilavasitə xəstəlik ocağında qısa müddət ərzində quraşdırılmaqla xüsusi təyinatlı müayinələrin aparılmasına imkan verən bu laboratoriya ilə tanış ola bilirlər. Əlavə olaraq, sərgidə sahibkarlıq subyektlərinə AQTİ tərəfindən təklif edilən xidmətlərə və digər məsələlərə dair hazırlanmış bukletlər nümayiş etdirilir.
29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan 2024” və 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” sərgiləri üç gün davam edəcək.
Oxşar xəbərlər
Alma və armud bağlarında dəmgil xəstəliyinə qarşı mübarizə tədbirləri
Bitki sağlamlığının qorunması istiqamətində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin fitosanitar müfəttişləri tərəfindən bitkiçilik təsərrüfatlarında mütəmadi monitorinqlər aparılır, təsərrüfat sahiblərinə bitki xəstəliklərinin vaxtında aşkarlanması və onlara qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi ilə bağlı maarifləndirici məlumatlar verilir. Cari mövsümdə respublikanın Şimal və Şimal-Şərq bölgələrində müşahidə olunan qeyri-sabit hava şəraiti, yağıntılı günlərin tez-tez təkrarlanması və havanın nisbi rütubətinin yüksək olması alma və armud bağlarında dəmgil xəstəliyinin inkişafı və yayılması üçün əlverişli şərait yarada bilər. Dəmgil tumlu meyvə bitkilərində, xüsusilə alma və armudda geniş yayılmış göbələk mənşəli xəstəliklərdən biridir. Xəstəlik əsasən bitkinin yarpaqlarını, zoğlarını və meyvələrini zədələyir. Yarpaqların səthində əvvəlcə zeytuni-qonur, sonradan isə daha tünd rəng alan ləkələr əmələ gəlir. Güclü sirayətlənmə zamanı yarpaqlar quruyaraq vaxtından əvvəl tökülə bilər. Bu isə fotosintez prosesinin zəifləməsinə və məhsuldarlığın aşağı düşməsinə səbəb olur. Yoluxmuş meyvələrin səthində tünd rəngli, aydın seçilən ləkələr yaranır. Meyvələr inkişafın erkən mərhələsində zədələndikdə ləkələrin altında mantarlaşmış toxuma əmələ gəlir, nəticədə meyvələrin normal inkişafı pozulur, forması dəyişir və zədələnmiş hissələrdə çatlar yaranır. Yetişməyə yaxın dövrdə yoluxmuş meyvələrdə isə ləkələr əmələ gəlsə də, deformasiya və çatlama daha az müşahidə oluna bilər. Dəmgil xəstəliyi məhsulun xarici görünüşünü və əmtəəlik keyfiyyətini aşağı salır, meyvələrin saxlanma qabiliyyətinə mənfi təsir göstərərək məhsul itkilərinin artmasına səbəb ola bilər. Xəstəliyin inkubasiya müddəti ətraf mühit şəraitindən, temperaturdan və yarpaqların nəm qalma müddətindən asılı olaraq dəyişir və əlverişli şəraitdə təxminən 8–21 gün davam edə bilər. Yüksək nisbi rütubət və yağıntılı hava şəraiti göbələyin inkişafı və xəstəliyin yayılması üçün əlverişli şərait yaradır. Xəstəliyin əsas ilkin infeksiya mənbələrindən biri torpağa tökülmüş yoluxmuş yarpaqlardır. Yaz aylarında həmin yarpaqlarda formalaşan sporlar külək və yağıntılar vasitəsilə yayılaraq yeni yarpaqları və meyvələri yoluxdura bilər. Yağıntılı hava şəraiti davam etdikdə vegetasiya dövrü ərzində təkrar yoluxma riski də artır. Dəmgil xəstəliyinin yayılmasının qarşısını almaq və məhsul itkilərini azaltmaq üçün aqrotexniki, sanitariya və kimyəvi mübarizə tədbirləri kompleks şəkildə həyata keçirilməlidir: • Sanitariya tədbirləri: Vegetasiyanın sonunda yerə tökülmüş yoluxmuş yarpaqlar və meyvələr bağdan yığılmalı, qüvvədə olan fitosanitar və ekoloji tələblərə uyğun qaydada məhv edilməli və ya zərərsizləşdirilməlidir. Bu tədbirlər növbəti vegetasiya dövründə ilkin infeksiya mənbələrinin azalmasına kömək edir. • Budama və çətirin seyrəldilməsi: Ağacların vaxtında budanması, sıxlaşmış budaqların seyrəldilməsi və çətirdaxili havalanmanın yaxşılaşdırılması təmin edilməlidir. Bu, yarpaqların uzun müddət nəm qalmasının qarşısını almağa və xəstəliyin inkişaf riskini azaltmağa kömək edir. • Aqrotexniki qulluq: Cərgəaraları və torpaq müvafiq qaydada becərilməli, ağacların düzgün formalaşdırılması və bağın fitosanitar vəziyyətinə müntəzəm nəzarət təmin edilməlidir. • Monitorinq: Xüsusilə yaz aylarında, tumurcuqların açılması və çiçəkləmə dövründə ağaclar mütəmadi yoxlanılmalı, xəstəliyin ilkin əlamətləri vaxtında müəyyən edilməli, hava şəraiti və yoluxma riski nəzərə alınmalıdır. • Kimyəvi mübarizə: Alma və armud bağlarında dəmgil xəstəliyinə qarşı Bordo məhlulundan və digər fungisidlərdən istifadə edilə bilər. Bordo məhlulu mis sulfat və əhəng əsasında hazırlanan təmas təsirli vasitədir. Onun tətbiqi bitkinin inkişaf mərhələsi və preparatın istifadə təlimatı nəzərə alınmaqla həyata keçirilməlidir. Funqisid preparatlarının tətbiq norması, çiləmələrin sayı və müddəti yalnız təsdiq edilmiş etiket məlumatlarına əsasən müəyyən edilməlidir. Yağıntılı və yüksək rütubətli dövrlərdə xəstəliyin yayılma riski nəzərə alınmalı, mübarizə tədbirləri vaxtında aparılmalıdır. Dəmgil xəstəliyinə qarşı aqrotexniki, sanitariya və kimyəvi mübarizə tədbirlərinin vaxtında və düzgün həyata keçirilməsi xəstəliyin yayılma riskini azaltmağa, bitkilərin sağlamlığını qorumağa, itkilərin qarşısını almağa və keyfiyyətli məhsul əldə etməyə imkan verir.
Qoşqar Təhməzli sahibkarları qəbul edəcək
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli noyabrın 5-i saat 14:00-da Agentliyin inzibati binasında qida sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edəcək. Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı, daşınması, satışı və sair sahələrdə çalışan şəxslər onları narahat edən məsələlərlə bağlı Agentlik sədri ilə görüşə bilərlər. Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək info@afsa.gov.az elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 77) 100 32 56 nömrəsinə zəng vurmaqla, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla noyabrın 4-ü saat 14:00-dək qəbula yazıla bilərlər.
Fermadan süfrəyədək: Heyvan mənşəli məhsulların izlənməsi niyə vacibdir?
Ərzaq təhlükəsizliyinin təmin olunmasında heyvan mənşəli məhsulların sağlamlığı və təhlükəsizliyi mühüm əhəmiyyət daşıyır. Bu məhsulların təhlükəsizliyi isə birbaşa heyvanların sağlamlıq vəziyyəti və onların identifikasiyası ilə bağlıdır. Bu barədə ADA Universitetinin Aqrar və Qida Elmləri Məktəbinin Heyvandarlıq elmləri üzrə dosenti, professor Asəf Ömərov bildirib ki, heyvanların identifikasiyası onların vahid və unikal kod altında qeydiyyata alınmasını nəzərdə tutan kompleks sistemdir. Bu sistem vasitəsilə heyvanların keçirdiyi xəstəliklər, aldığı baytarlıq preparatları, müayinələri və digər məlumatlar vahid kod altında toplanır. Onun sözlərinə görə, identifikasiya sistemi heyvanların sağlamlıq tarixçəsini izləməyə, alıcıların heyvanlar barədə ətraflı məlumat əldə etməsinə və heyvan mənşəli məhsulların istehsaldan istehlaka qədər izlənməsinə imkan yaradır. Asəf Ömərov qeyd edib ki, rəqəmsal texnologiyaların tətbiqi bu prosesi daha da asanlaşdırır. Məhsullar üzərində yerləşdirilən QR kodlar və ya unikal kodlar vasitəsilə istehlakçılar və sahibkarlar müvafiq məlumatları əldə edə, məhsulun izlənməsini təmin edə bilərlər.
Giriş