AQTA sədri Biləsuvarda vətəndaşları qəbul edəcək
26 Fevral 2025 09:56

Martın 7-si saat 10:00-da Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Biləsuvar rayon Heydər Əliyev Mərkəzində Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar və Cəbrayıl rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək.
Vətəndaşlar ad, soyad, ata adı, müraciətin məzmunu, yaşayış ünvanı və telefon nömrəsini göstərməklə info@afsa.gov.az elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq martın 6-dək qəbula yazıla bilərlər.
Agentliyin səlahiyyət dairəsinə aid məsələlərlə yanaşı, AQTA-nın region üzrə yerli bölmələrində işlə təmin olunmaq istəyən müvafiq ixtisaslara yiyələnmiş vətəndaşlar da müraciət edə bilərlər.
Oxşar xəbərlər

AQTİ-nin yeni saytı istifadəyə verilib
7 iyun – Ümumdünya Qida Təhlükəsizliyi Günündə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun yeni saytı istifadəyə verilib. Sayt sahibkarların məlumatlandırılması, istehlakçıların maarifləndirilməsi üçün çox faydalı imkanlar təqdim edir. Müasir və interaktiv platformada qida təhlükəsizliyi ilə əlaqəli ən son yeniliklər, xəbərlər və sahibkarların xidmətlərə əlçatanlığını təmin etmək üçün müraciət bölmələri yaradılıb. Saytda AQTİ-nin Bakı və regionlarda fəaliyyət göstərən ixtisaslaşmış laboratoriyaları və onların göstərdiyi xidmətlər barədə ətraflı məlumatlar təqdim olunur. Sayta daxil olan hər kəs laboratoriyalara virtual tur etmək imkanı qazanacaq. Həmçinin Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun təklif etdiyi təlimlər, konsaltinq, halal sertifikatlaşdırma, layihələndirmə, xarici qiymətləndirmə və digər xidmətlər sahibkarlar üçün daha asan formada təqdim olunub. Yenilənən saytda “HALAL” uyğunluq sertifikatı almaq istəyən sahibkarlar üçün yeni “Kalkulyator” bölməsi yaradılıb ki, burada müvafiq bölmələri dolduraraq "HALAL" sertifikatlaşma üzrə qiymətləndirmə rüsumlarını öyrənmək mümkündür. Saytda hər gün yenilənən maraqlı məqalələr istehlakçıların maarifləndirilməsi üçün əlverişli informasiya mənbəyidir.

7 iyun – Ümumdünya Qida Təhlükəsizliyi Günüdür
7 iyun Ümumdünya Qida Təhlükəsizliyi Günü kimi qeyd olunur. Bu gün Birləşmiş Millətlər Təşkilatının 2018-ci ildə qəbul etdiyi qərara əsasən təsis olunub. Məqsəd qida təhlükəsizliyinə qlobal diqqəti yönəltmək, ictimaiyyəti maarifləndirmək və müxtəlif tərəflərin bu sahədə məsuliyyətini bir daha vurğulamaqdır. 2025-ci ildə bu əlamətdar gün “Qida təhlükəsizliyi: elm fəaliyyətdədir” şüarı ilə qeyd olunur. Şüar elmi biliklərin və onların praktik tətbiqinin qida təhlükəsizliyinin təminində nə qədər mühüm rol oynadığını xüsusi olaraq önə çəkir. Azərbaycan da bu qlobal çağırışa cavab olaraq qida təhlükəsizliyi sahəsində ardıcıl və sistemli tədbirlər həyata keçirir. Bu istiqamətdə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) mühüm elmi-tədqiqat və laborator xidmətləri ilə seçilir. AQTİ-nin müasir texnologiyalarla təchiz edilmiş laboratoriyaları və yüksək ixtisaslı kadr potensialı elmi yanaşmanın uğurla həyata keçirilməsinə geniş imkan yaradır. İnstitut əməkdaşları yerli və beynəlxalq təlimlərdə iştirak etməklə bilik və bacarıqlarını davamlı şəkildə artırır. Bu, həm milli, həm də beynəlxalq miqyasda qida təhlükəsizliyinin təmin olunmasına töhfə verir. Elm fəaliyyətdədir – təhlükəsiz qida ilə sağlam gələcəyə!

Bayramla bağlı 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstərilir
İyunun 6-sı və 7-si tarixlərini əhatə edən Qurban bayramı günlərində əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin olunması, həmçinin qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, təhlükəsiz və sağlam şəraitdə həyata keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumlar tərəfindən bütün zəruri tədbirlər görülüb. Tədbirlər çərçivəsində Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil edilib. Onlardan 77-də qurbanlıq heyvanların kəsimi və satışı, 30-da yalnız satışı, 28-də isə yalnız kəsimi xidmətləri vətəndaşlara təklif olunur. Bununla yanaşı, bir sıra regionlarda səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçirilir. Bu çərçivədə Zəngilan rayonunun Ağalı kəndində və Ağdərə rayonunun Talış kəndində, həmçinin Ağdam, Şuşa, Füzuli və Cəbrayıl rayonlarında da heyvan kəsimi üçün çadırlar quraşdırılıb. Kəsim məntəqələrində Qida Təhlükəsizliyi İnstitutunun baytarlıq laboratoriyaları da mövcuddur. Gücləndirilmiş rejimdə fəaliyyət göstərən laboratoriyalarda peşəkar baytar həkimlər fəaliyyət göstərir. Qurbanlıq heyvanlar arasında hər hansı xəstəliyə şübhə yaranarsa, daxili orqanlarından nümunə götürülərək həmin laboratoriyalarda, eyni zamanda Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə edilir. Ölkə ərazisində fəaliyyət göstərən soyuducu infrastruktura malik ticarət şəbəkələri tərəfindən də əvvəlcədən qəbul olunmuş sifarişlər əsasında qurbanlıq heyvanların kəsilməsi və ətinin vətəndaşlara çatdırılması xidməti həyata keçirilir. Vətəndaşlar qurbanlıq heyvanların kəsim və satış məntəqələri barədə məlumatı Agentliyin saytından (afsa.gov.az/az/qurban-bayrami-2025) əldə edə bilərlər. Vətəndaşlardan bayram günlərində heyvan kəsimi və satışı fəaliyyətləri ilə bağlı xoşagəlməz hallarla rastlaşdıqda, aidiyyəti dövlət qurumlarına və ya Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur.