AQTA sədri Bitki Mühafizəsi haqqında Beynəlxalq Konvensiyanın katibi Osama El-Lissy ilə görüşüb
5 Sentyabr 2022 16:42






Bakıda “Ərzaq təhlükəsizliyi üçün bitki sağlamlığı innovasiyaları” mövzusunda keçirilən regional tədbir çərçivəsində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Bitki Mühafizəsi haqqında Beynəlxalq Konvensiyanın (IPPC - International Plant Protection Convention) katibi Osama El-Lissy ilə görüşüb.
Q.Təhməzli Osama El-Lissyni IPPC-nin katibi təyin edilməsi münasibəti ilə təbrik edib, ona uğurlar arzulayıb.
Görüşdə AQTA sədri Agentliyin fəaliyyət istiqamətləri, qarşıya qoyulan hədəflər, bitki sağlamlığı sahəsində həyata keçirilən islahatlar və yeniliklərlə bağlı qonağı məlumatlandırıb. Bildirilib ki, son illər Azərbaycanda bitki sağlamlığı sahəsində hüquqi bazanın təkmilləşdirilməsi, bitki sağlamlığı və bitki mühafizəsi sahələrində nəzarət sisteminin gücləndirilməsi ilə bağlı əhəmiyyətli nəticələr əldə edilib, bu istiqamətdə müasir tələblərə cavab verən laboratoriya infrastrukturunun yaradılması, kadr və elmi potensialın artırılması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, elektron informasiya sisteminin qurulması və digər əhəmiyyətli tədbirlər həyata keçirilib.
Q.Təhməzli ölkəmizin “Elektron fitosanitar sertifikat” (E-fito) sisteminə qoşulmaqda maraqlı olduğunu bildirib və inteqrasiya istiqamətində görülən işlərdən danışıb.
IPPC-nin katibi Osama El-Lissy bitki sağlamlığı istiqamətində Agentlik tərəfindən görülən işləri yüksək qiymətləndirib və qarşılıqlı əməkdaşlığın bu sahədə böyük rolu olacağını vurğulayıb.
Görüşdə həmçinin növbəti illərdə Konvensiyanın tədbirlərinin Azərbaycanda keçirilməsi ilə bağlı təklif irəli sürülüb. Qeyd olunub ki, belə tədbirlərin birgə təşkil edilməsi əməkdaşlığın inkişafı və təcrübə mübadiləsində xüsusi əhəmiyyətə malikdir.
Daha sonra tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ilə bağlı fikir mübadiləsi aparıb.
Oxşar xəbərlər

“İbrahim Kabab Evi” ictimai iaşə obyektində nöqsanlar aşkarlanıb
Bakı şəhəri, Nəsimi rayonu, H.Aslanov küçəsi, ev 85, m. 20 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Nəbiyev İbrahim Ağaisa oğluna məxsus “İbrahim Kabab Evi” ictimai iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Baxış zamanı iaşə obyektində istehlaka təqdim edilən ətlərin baytarlıq müşayiətedici sənədlərinin olmadığı aşkarlanıb. Ət və ət məhsullarından, alət və avadanlıqlardan götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində uyğunsuzluqlar müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək ictimai iaşə obyektində işlərin görülməsi, xidmətlərin göstərilməsi məhdudlaşdırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.

Xırdalanda ictimai iaşə obyektində normativ tələblərin pozulduğu aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Məmməd Tofiq oğluna məxsus “Məhəllə” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Etiket məlumatları və müvafiq müşayiətedici sənədləri olmayan məhsulların satışa çıxarıldığı müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.
