AQTA sədri bitkiçilik məhsullarının istehsalı, ixracı və idxalı ilə məşğul olan sahibkarlarla görüşüb
28 Aprel 2022 16:05
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) “Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası”, “Azərbaycan Zəfəran İstehsalçıları və İxracatçıları Assosiasiyası”nın rəhbərləri və müvafiq sahədə fəaliyyət göstərən sahibkarlarla videokonfrans formatında görüş keçirilib.
Görüşdə AQTA sədri Qoşqar Təhməzli son illər ölkəmizdə bitki sağlamlığı sahəsində görülən işləri, dövlət tərəfindən sahibkarlara göstərilən ardıcıl dəstək tədbirlərinin nəticəsi olaraq, bitkiçilik məhsullarının, o cümlədən nar, fındıq, pomidor və s. məhsulların ixracında əhəmiyyətli artımın olduğunu iştirakçıların diqqətinə çatdırıb. Bir sıra bitkiçilik məhsullarının artıq Avropa bazarlarına ixrac edildiyini bildirən Agentlik sədri, kənd təsərrüfatı bitkilərinin ixrac coğrafiyasının genişləndirilməsi üçün sahibkarlar tərəfindən fitosanitar tələblərə cavab verən məhsulların yetişdirilməsinin vacibliyini vurğulayıb.
Tədbirdə Assosiasiya sədrləri və sahibkarlarla müvafiq sahədə mövcud vəziyyət və qarşıya çıxan problemlərin həlli istiqamətində fikir mübadiləsi aparılıb, sahibkarların təklifləri dinlənilib. Agentliyin səlahiyyətlərinə daxil olan məsələlərlə bağlı aidiyyəti struktur bölmələrə müvafiq tapşırıqlar verilib.
Daha sonra bitkiçilik məhsullarının laborator analizlərinin aparılması, müvafiq sertifikatların verilməsi, həmçinin sahibkarları maraqlandıran yeni ixrac bazarlarının idxal tələblərinin öyrənilməsinə dəstək göstərilməsi, həmin məhsulların ixracının daha səmərəli təşkili işlərində AQTA tərəfindən sahibkarlara göstərilən lazımi köməkliyin davam etdiriləcəyi qeyd olunub.
Oxşar xəbərlər
Uşaq bağçasında nöqsanlar aşkarlanıb
Binəqədi rayonu, Müşfiqabad qəsəbəsi, Günəşli küçəsində yerləşən 329 nömrəli uşaq bağçasında Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilən plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Aşkar edilmiş nöqsanlarla bağlı müəssisənin rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib olunub. Mətbəxdə istehlaka hazır qida məhsullarından nümunələr götürülərək laborator müayinələrə göndərilib.
Toyuq kəsimi sexinin qanundankənar fəaliyyət göstərdiyi aşkarlanıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lənkəran rayonu, Girdəni kəndində yerləşən, Hüseynova Ruhəngiz Davud qızına məxsus toyuq kəsimi sexində plandankənar yoxlama keçirib. Obyektdə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl olunmadığı aşkarlanıb. Baxış zamanı sexin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi məlum olub. Həmçinin diri quşların müşayiətedici sənədlərinin olmadığı, antisanitar şəraitdə, baytarlıq-sanitariya nəzarətindən keçmədən kəsiminin aparıldığı, məhsulların etiketlənmədiyi və digər normativ tələblərin pozulduğu müəyyən edilib. Faktla bağlı inzibati protokol tərtib edilib, sexin fəaliyyəti məhdudlaşdırılıb və nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
Qanunsuz toyuq əti emalı müəssisəsində plandankənar yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin “1003 - Çağrı Mərkəzi”nə daxil olan vətəndaş müraciəti və sosial mediada paylaşılan məlumat əsasında Abşeron rayonu, Fatmayı kəndində fəaliyyət göstərən, fiziki şəxs Orucov Abbas Tahir oğluna məxsus obyektdə yoxlama keçirilib. Baxış zamanı müəssisənin qanunsuz fəaliyyət göstərdiyi, eləcə də sanitar-gigiyenik və sanitar-texniki qaydaların tələblərinin pozulduğu müəyyən edilib. Müəssisədə toyuq məhsullarının müşayiətedici sənədlərinin və etiketlərin mövcud olmadığı və digər nöqsanlar aşkarlanıb. Müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb. Fakt əsasında qanunvericiliyin tələbinə uyğun müvafiq tədbirlər görülməkdədir.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş