AQTA sədri Cəlilabadda vətəndaşlarla görüşəcək
31 Yanvar 2023 15:38


Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2023-cü ilin fevral ayı üzrə regionlarda vətəndaş qəbulu qrafikinə uyğun olaraq, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli 23 fevral saat 10:00-da Cəlilabad Rayon Heydər Əliyev Mərkəzində Cəlilabad, Biləsuvar və Cəbrayıl rayonlarından olan vətəndaşları qəbul edəcək.
Vətəndaşlar Agentliyin səlahiyyət dairəsinə aid məsələlərlə (qida məhsullarının təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarətinə dair normativ tənzimləmə, qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatı, qida təhlükəsizliyi, fitosanitar və baytarlıq sertifikatlarının verilməsi və s.) bağlı adını, soyadını, atasının adını, müraciətinin məzmununu, yaşadığı ünvanı və telefon nömrəsini göstərməklə, info@afsa.gov.az elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq fevralın 22-dək qəbula yazıla bilərlər.
Eyni zamanda AQTA-nın region üzrə yerli bölmələrində işlə təmin olunmaq istəyən, qida məhsulları mühəndisliyi, istehlak mallarının ekspertizası və marketinqi, metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi, tibbi profilaktika, aqronomluq, bitki mühafizəsi, kimya, biologiya, torpaqşünaslıq və aqrokimya, baytarlıq, balıqçılıq və balıqçılıq təsərrüfatı işi ixtisasına yiyələnmiş vətəndaşlar müraciət edə bilərlər.
Oxşar xəbərlər

İrandan idxal olunan şokoladlı konfet və kreker məhsullarında uyğunsuzluq aşkarlandı
Nəzarət tədbirləri çərçivəsində fiziki şəxs Nuru Yaqubovun İrandan idxal etdiyi “Satareh Nadi Qida maddələri Sənaye Qrupu” şirkətinə məxsus ümumi çəkisi 2 ton “Nadi Crasia Salty Cracker” əmtəə nişanlı kreker (11.11.2024-10.11.2025-ci il istehsal tarixli partiya) və ümumi çəkisi 1659 kq “Nadi Ramineh” əmtəə nişanlı şokoladlı konfet (25.11.2024-24.11.2025-ci il istehsal tarixli partiya) məhsulu partiyalarından Agentliyin əməkdaşları tərəfindən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Sınaq nəticəsinə əsasən, məhsulların tərkibində genetik modifikasiya olunmuş orqanizmlər aşkarlanıb. Aşkar olunmuş faktla bağlı qanunvericiliyə uyğun olaraq məhsul partiyaları məhv edilib.

Novxanıda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlandı
Abşeron rayonu, Novxanı kəndində fəaliyyət göstərən, fiziki şəxs Hüseynov Fəxrəddin İsa oğluna məxsus kafedə Agentliyin əməkdaşları yoxlama keçirib. Kafedə normativ tələblərin pozulduğu, sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı müəyyən edilib, həmçinin mənşəyi məlum olmayan məhsullardan istifadə edildiyi aşkarlanıb. Faktla bağlı ictimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati tədbir görülüb.

Topdansatış mağazasında istehlaka yararsız qida məhsullarının satışa çıxarıldığı aşkarlanıb
Göyçay rayonu, Qaraməryəm kəndində fəaliyyət göstərən, fiziki şəxs Musayev Natiq Namiq oğluna məxsus qida məhsullarının topdansatışı mağazasında Agentliyin əməkdaşları yoxlama keçirib. Baxış zamanı mağazada normativ tələblərin pozulduğu müəyyən olunub. Belə ki, istifadə müddəti bitmiş müxtəlif əmtəə nişanlı qida məhsullarının satışının həyata keçirildiyi məlum olub. Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsulların satışının qadağan olunması və dövriyyədən çıxarılaraq məhv edilməsi barədə qərar qəbul olunub.
