AQTA sədri Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatının Baş direktoru ilə görüşüb
14 İyun 2022 09:26
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli İslam Əməkdaşlıq Təşkilatının (İƏT) ixtisaslaşmış qurumu olan Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatının (IOFS) baş direktoru Yerlan Baidaulet ilə görüşüb.
Görüşdə AQTA sədri Agentliyin fəaliyyət istiqamətləri, ölkədə qida təhlükəsizliyinin təmin edilməsi məqsədilə həyata keçirilən ardıcıl tədbirlər, tətbiq olunan yeniliklər barədə geniş məlumat verib. Sədr bildirib ki, son illər qida təhlükəsizliyi sisteminin davamlı inkişaf etdirilməsi, milli qanunvericilik aktlarının beynəlxalq tələblərə uyğunlaşdırılması və s. istiqamətlərdə görülən məqsədyönlü tədbirlər nəticəsində qida məhsullarının keyfiyyətinin yüksəldilməsi və ixrac potensialının artırılması sahəsində nəzərəçarpan nailiyyətlər əldə olunub. Risk qiymətləndirilməsi, fitosanitar, baytarlıq sahəsində çalışan mütəxəssislərin bilik və bacarıqlarının artırılması, kadr hazırlığının yüksəldilməsi məqsədilə beynəlxalq təşkilatlarla əməkdaşlığın əhəmiyyətinə də diqqət çəkən sədr AQTA-nın Ümumdünya Səhiyyə Təşkilatı, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və digər qurumlarla yaxından əməkdaşlıq etdiyini vurğulayıb.
Səmimi görüş və ətraflı məlumat üçün minnətdarlığını bildirən IOFS-nin baş direktoru Yerlan Baidaulet rəhbərlik etdiyi və 36 üzvü olan təşkilatın fəaliyyəti haqda danışıb. Baş direktor qeyd edib ki, üzv ölkələr arasında əməkdaşlıq ərzaq təhlükəsizliyinin təmin edilməsi, innovasiyaların tətbiqi yolu ilə kənd təsərrüfatının kompleks inkişafı, investisiyaların cəlb edilməsi, İƏT çərçivəsində ərzaq bazarının gücləndirilməsi və qabaqcıl təcrübələrin mübadiləsi üzrə həyata keçiirlir. IOFS üçün Azərbaycanla əməkdaşlığın xüsusi maraq kəsb etdiyini də deyən baş direktor səfər əsnasında digər qurumlarla da keçirilən görüşlərdə ölkəmizin təşkilata üzvlüyü məsələsinin müzakirə predmeti olduğunu vurğulayıb.
Qazaxıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Serjan Abdıkarimovun da iştirak etdyi görüşdə AQTA ilə IOFS təşkilatına üzv ölkələrin qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahələrdə fəaliyyət göstərən qurumları arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub. Bundan əlavə, AQTA ilə IOFS təşkilatına üzv olan ölkələr arasında sərhəddə baytarlıq nəzarəti və heyvan xəstəliklərinə nəzarət üzrə təcrübə mübadiləsi, nəzarət mexanizminin öyrənilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər

“İbrahim Kabab Evi” ictimai iaşə obyektində nöqsanlar aşkarlanıb
Bakı şəhəri, Nəsimi rayonu, H.Aslanov küçəsi, ev 85, m. 20 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Nəbiyev İbrahim Ağaisa oğluna məxsus “İbrahim Kabab Evi” ictimai iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Baxış zamanı iaşə obyektində istehlaka təqdim edilən ətlərin baytarlıq müşayiətedici sənədlərinin olmadığı aşkarlanıb. Ət və ət məhsullarından, alət və avadanlıqlardan götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində uyğunsuzluqlar müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək ictimai iaşə obyektində işlərin görülməsi, xidmətlərin göstərilməsi məhdudlaşdırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.

Xırdalanda ictimai iaşə obyektində normativ tələblərin pozulduğu aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Məmməd Tofiq oğluna məxsus “Məhəllə” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Etiket məlumatları və müvafiq müşayiətedici sənədləri olmayan məhsulların satışa çıxarıldığı müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.