AQTA sədri Göyçayda vətəndaşları qəbul edəcək
21 İyun 2024 17:21

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2024-cü ilin iyun ayı üzrə regionlarda vətəndaş qəbulu qrafikinə uyğun olaraq, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli iyunun 24-ü saat 11:00-da Göyçay Rayon Heydər Əliyev Mərkəzində Mingəçevir, Yevlax şəhərləri və Göyçay, Ağdaş rayonlarından olan vətəndaşları qəbul edəcək.
Vətəndaşlar Agentliyin səlahiyyət dairəsinə aid məsələlərlə (qida məhsullarının təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarətinə dair normativ tənzimləmə, qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatı, qida təhlükəsizliyi, fitosanitar və baytarlıq sertifikatlarının verilməsi və s.) bağlı adını, soyadını, atasının adını, müraciətinin məzmununu, yaşadığı ünvanı və telefon nömrəsini göstərməklə, info@afsa.gov.az elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq iyunun 23-dək qəbula yazıla bilərlər.
Eyni zamanda AQTA-nın region üzrə yerli bölmələrində işlə təmin olunmaq istəyən, qida məhsulları mühəndisliyi, istehlak mallarının ekspertizası və marketinqi, metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi, tibbi profilaktika, aqronomluq, bitki mühafizəsi, kimya, biologiya, torpaqşünaslıq və aqrokimya, baytarlıq ixtisasına yiyələnmiş vətəndaşlar müraciət edə bilərlər.
Oxşar xəbərlər

“Qida Təhlükəsizliyi Könüllüləri” mükafatlandırılıb
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda “Qida Təhlükəsizliyi Könüllüləri” təşəbbüs qrupu ilə görüş keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə AQTİ İdarə Heyəti sədrinin müşaviri Hüseyn Məmmədov çıxış edərək ölkəmizdə gənclər üçün yaradılan şəraitdən və könüllülük fəaliyyətinin əhəmiyyətindən bəhs edib, sağlam qidanın təbliğində “Qida Təhlükəsizliyi Könüllüləri”nin rolunu yüksək qiymətləndirib. Bildirib ki, könüllülər əhalinin maarifləndirilməsində özünəməxsus rol oynayır. Tədbirdə “Qida Təhlükəsizliyi Könüllüləri”nin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub. Sonra “Qida Təhlükəsizliyi Könüllüləri” təşəbbüs qrupunun illik hesabatı təqdim edilib. Qeyd olunub ki, ildən ilə könüllülərin sıraları genişlənir, onların qida sektorunun inkişafındakı rolu daha da artır. İndiyə qədər 1832 nəfər könüllü olmaq üçün müraciət edib, onlardan 350 nəfər seçilib. Könüllülərin müxtəlif tədbirlərdə iştirak etməsi, istehsalat müəssisələrinə infoturlar təşkil etməsi və əhalini sağlam qida ilə bağlı məlumatlandırması onların qida təhlükəsizliyi sahəsindəki təsirini daha da gücləndirir. Tədbirin sonunda Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən məzun könüllülərə sertifikatlar təqdim edilib.

Xızıda çörək istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
Xızı rayonu, Zəngəzur küçəsi, ev 7 ünvanında yerləşən, fiziki şəxs İlyasova Mehparə Ağahüseyn qızına məxsus çörək istehsalı müəssisəsində AQTA əməkdaşları tərəfindən yoxlama keçirilib. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı, xammal və inqrediyentlərin saxlanılması zamanı temperatur rejiminə əməl edilmədiyi, satışa çıxarılan çörəklərin qablaşdırılmadığı və markalanmasının aparılmadığı, unların üzərində azərbaycan dilində etiket məlumatlarının olmadığı, işçi heyətin tibbi müayinədən keçmədiyi və gigiyena qaydalarına riayət etmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı müəssisə rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

Bərdədə yerləşən bazarda sanitar-gigiyenik tələblərin pozulduğu müəyyən olunub
Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən, “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda AQTA əməkdaşları tərəfindən yoxlama keçirilib. Baxış zamanı bazarda baytarlıq sənədləri olmayan süd, balıq məhsullarının və müşayiətedici sənədləri olmayan tərəvəz məhsullarının satışa çıxarıldığı, qida məhsullarının saxlanma şəraitinə əməl edilmədiyi, eləcə də üzərində etiket məlumatlarının olmadığı, işçilərin ilkin və dövri tibbi müayinədən keçmədiyi, gigiyena qaydalarına riayət etmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.