AQTA sədri “InterFood Azerbaijan” və “Caspian Agro” sərgilərinin açılış mərasimində iştirak edib
13 May 2025 14:00
Mayın 13-də Bakı Ekspo Mərkəzində 30-cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” və 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” sərgiləri öz işinə başlayıb.
“Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri Kənd Təsərrüfatı Nazirliyinin təşkilati dəstəyi ilə keçirilir. Həmçinin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası (AQİSA), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) sərgiləri fəal şəkildə dəstəkləyirlər.
AQTA sədri Qoşqar Təhməzli “InterFood Azerbaijan” və “Caspian Agro” sərgilərinin açılış mərasimində çıxış edib. Q.Təhməzli diqqətə çatdırıb ki, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkədə insan, heyvan və bitki sağlamlığı üçün təhlükə törədən müvafiq risklərin idarə edilməsi, biotəhlükəsizliyin qorunması və təmin olunması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilməkdədir. Qida təhlükəsizliyi sisteminin hüquqi bazasının beynəlxalq təcrübəyə uyğun formalaşdırılması məqsədilə “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edildiyini və həmin Qanunun icrasından irəli gələrək 15 qaydanın təsdiq olunduğunu və uyğunlaşdırma çərçivəsində 79 sayda normativ hüquqi akta dəyişikliklər edildiyini bildirən AQTA sədri əlavə edib ki, ötən dövr ərzində qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahədə sanitar norma və qaydaların beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə Agentliyin Kollegiyasının Qərarı ilə 24 sayda texniki normativ hüquqi akt qəbul edilib.
Q.Təhməzli “Bitki sağlamlığı haqqında” Azərbaycan Respublikasının Qanunu layihəsinin hazırlandığını sərgi iştirakçılarının diqqətinə çatdıraraq, layihənin aidiyyəti dövlət qurumlarına rəy üçün göndərildiyini, hazırda maraqlı tərəflərin iştirakı ilə geniş ictimai müzakirəsinin keçirildiyini vurğulayıb: “Eyni zamanda heyvan sağlamlığı sahəsində mövcud qanunvericiliyi beynəlxalq tələblərə uyğunlaşdırmaq məqsədilə beynəlxalq ekspertlərin tövsiyələri də nəzərə alınmaqla, “Heyvan sağlamlığı haqqında” Azərbaycan Respublikasının Qanunu layihəsi hazırlanmışdır” – sitatın sonu.
AQTA sədri çıxışında həmçinin qeyd edib ki, idxal və ixrac əməliyyatları zamanı qida təhlükəsizliyinə nəzarətin operativ həyata keçirilməsi məqsədilə Qazax rayonunun Gürcüstan Respublikası ilə sərhəd buraxılış məntəqəsinə yaxın ərazisində yaradılmış “Qırmızı körpü” Qida təhlükəsizliyi nəzarəti məntəqəsi lazımi bütün avadanlıqlarla təchiz edilib və fəaliyyətə başlayıb.
“Son illər mütərəqqi beynəlxalq təcrübəyə uyğun olaraq, respublikamızın insan və heyvan sağlamlığı üçün təhlükə törədən, habelə ətraf mühitdə bioloji təhlükəsizliyin pozulmasına səbəb olan xəstəliklərə görə sağlamlıq statusunun təsdiq edilməsi istiqamətində ciddi işlər aparılıb”, – deyən Q.Təhməzli əlavə edib ki, bu çərçivədə Azərbaycan 2024-cü ildə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən xırdabuynuzlu heyvanların taunu və yüksək patogen quş qripi xəstəliyindən azad ölkə kimi tanınıb, eyni zamanda əvvəlki illərdə əldə edilmiş atların afrika xəstəliyi və donuzların afrika taunu xəstəliyindən azad olma statusu qorunub saxlanılır.
Agentlik sədri onu da bildirib ki, əldə edilən bütün bu nailiyyətlər, ölkədə bioloji təhlükəsizliyin təmin olunması istiqamətində aparılan məqsədyönlü tədbirlər, dünyada mövcud olan bir sıra heyvan xəstəliklərindən azad statusların əldə edilməsi, beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi və yeni əlaqələrin qurulması ölkəmizdə istehsal olunan bir sıra qida məhsullarının ixrac potensialı üçün münbit şərait yaradır. Sitat: “Belə ki, Azərbaycan Respublikasından bir sıra ölkələrə, o cümlədən Rusiya Federasiyası və Amerika Birləşmiş Ştatlarına ərzaqlıq yumurtanın ixracına başlanılıb. Akvakulturada yetişdirilən nərəkimilər cinsindən olan balıqlardan əldə olunmuş kürü məhsullarının Avropa İttifaqı ölkələrinə ixracı üçün icazənin davamlılığı təmin edilmişdir”.
Bununla yanaşı, qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda qida təhlükəsizliyi sahəsində qarşıya qoyulmuş tədbirlərin icrası uğurla davam etdirilib. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının tələblərinə uyğun olaraq, işğaldan azad edilmiş ərazilərdə yaradılacaq heyvan xəstəliklərindən azad zona ilə bağlı təsərrüfatlarda epizootoloji monitorinq və digər zəruri tədbirlər həyata keçirilib.
“InterFood Azerbaijan” və “Caspian Agro” sərgilərində 30-dan artıq ölkədən 450-dək şirkət öz iştirakını təsdiq edib. Sərgilər Bakı Ekspo Mərkəzinin bütün pavilyonlarını və açıq sahəsini əhatə edir.
Xatırladaq ki, “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri bu il 4 gün ərzində təşkil ediləcək.
Oxşar xəbərlər
AQTA-da tələbələr istehsalat təcrübəsi keçib
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbələri Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində istehsalat təcrübəsi keçiblər. Təcrübə proqramı çərçivəsində tələbələr ilkin istehsal müəssisələrində, o cümlədən istixanalarda aparılan monitorinqlərdə iştirak ediblər. Monitorinqlər zamanı onlar bitkiçilik məhsullarının ilkin istehsalı prosesi, istehsal sahələrində sanitar-gigiyenik vəziyyətin qiymətləndirilməsi və qida təhlükəsizliyi tələblərinə əməl olunması istiqamətində həyata keçirilən tədbirlərlə yerində tanış olublar. Tələbələr ilkin istehsal mərhələsində qida təhlükəsizliyinin təmin edilməsi, eləcə də mümkün risklərin müəyyənləşdirilməsi və qarşısının alınması istiqamətində praktiki biliklər əldə ediblər. Eyni zamanda, nəzəri biliklərinin praktikada tətbiqi, monitorinq prosesinin təşkili və müvafiq tələblərin icrası ilə bağlı təcrübə əldə ediblər. Bu cür təcrübə proqramları gələcək aqrar sahədə mütəxəssislərin peşə hazırlığının gücləndirilməsi, praktiki bilik və bacarıqlarının inkişaf etdirilməsi, həmçinin qida təhlükəsizliyi ilə bağlı ixtisaslı kadr potensialının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
İdxal olunan baytarlıq preparatında uyğunsuzluq aşkarlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı "Spektra-Vet" MMC-nin respublikamıza idxal etdiyi baytarlıq preparatlarının sınaq nəticələrində uyğunsuzluq aşkarlanıb. Belə ki, Çin Xalq Respublikasından idxal edilən “Farmazin Tylo” əmtəə nişanlı baytarlıq preparatı məhsul partiyasından götürülmüş nümunələrdə pH göstəricisinin normativ texniki tələblərə cavab vermədiyi müəyyən edilib. Uyğunsuzluqla əlaqədar qanunvericiliyə müvafiq qərar qəbul edilərək, 5010 ədəd 50 ml-lik, 3006 ədəd 100 ml-lik məhsul məhv edilib.
Qida mifləri: Evdə hazırlanan konserv daha təhlükəsizdirmi? - Video
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) “Qida mifləri” rubrikasının budəfəki buraxılışında evdə hazırlanan konservlərin mağazadan alınan konservlərdən daha təhlükəsiz olması ilə bağlı mövcud fikirlərə aydınlıq gətirilib. Bildirilib ki, konservin təhlükəsizliyi onun harada hazırlanmasından deyil, düzgün emal edilməsindən, qablaşdırılmasından və müvafiq şəraitdə saxlanmasından asılıdır. Evdə hazırlanan konservin tərkibini bilmək onun təhlükəsizliyinə zəmanət vermir. Düzgün emal edilməyən məhsullarda Clostridium botulinum bakteriyasının toksini əmələ gələ bilər. Bu toksinin səbəb olduğu botulizm nadir, lakin həyati təhlükəli xəstəlikdir. Xüsusilə ət, balıq, quş əti və zəif turşulu tərəvəzlərdən hazırlanan konservlərdə təhlükəsizlik qaydalarına əməl olunması vacibdir. Belə məhsulların otaq temperaturunda təhlükəsiz saxlanması üçün yalnız bankaların qaynadılması və ya qapağın kip bağlanması kifayət etmir. Məhsula uyğun, elmi cəhətdən sınaqdan keçirilmiş reseptə və düzgün istilik emalı qaydalarına əməl olunmalıdır. Konserv seçərkən etiketdəki məlumatlara, yararlılıq müddətinə, qablaşdırmanın bütövlüyünə və saxlanma göstərişlərinə diqqət yetirmək tövsiyə olunur. Qapağı şişmiş, sızan və ya ciddi zədələnmiş qabların içindəkini istehlak etmək olmaz. Şübhəli məhsulun dadına baxmaq da təhlükəlidir, çünki botulinum toksini məhsulun görünüşünü, qoxusunu və dadını dəyişmədən mövcud ola bilər. Daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz:
Giriş