AQTA sədri iri ticarət şəbəkələrinin nümayəndələri və idxalçı sahibkarlarla görüşüb
20 Oktyabr 2022 10:25


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) iri ticarət şəbəkələrinin nümayəndələri və idxalçı sahibkarlıq subyektləri ilə videokonfrans formatında görüş keçirilib.
Görüşdə AQTA sədri Qoşqar Təhməzli qida təhlükəsizliyi sahəsində həyata keçirilən tədbirlər, eləcə də ticarət şəbəkələrində qida təhlükəsizliyinə nəzarətin təkmilləşdirilməsi barədə iştirakçıları məlumatlandırıb. Agentlik sədri 1 yanvar 2023-cü il tarixindən qüvvəyə minəcək “Qida təhlükəsizliyi haqqında” Qanunda nəzərdə tutulan qida məhsullarının ölkəyə idxalı ilə bağlı dəyişikliklərdən, həmçinin heyvan mənşəli məhsulların idxalı və yem əlavələrinin dövlət qeydiyyatı ilə bağlı tələblərdən söz açıb. Bildirib ki, Qanun bir çox beynəlxalq standardların tətbiqi ilə yanaşı qida məhsullarının izlənmə sisteminin tətbiq edilməsi, qida zəncirində fəaliyyət göstərən subyektlərin (obyektlərin) qeydiyyatı və təsdiqi prosesinə yeni baxış, ümumilikdə istehlakçı hüquqlarının müdafiəsinə dövlət nəzarətinin daha da gücləndirilməsinə hədəflənib.
AQTA sədri “Qida təhlükəsizliyi haqqında” Qanunun tələblərinin icrası ilə bağlı sahibkarlıq subyektləri tərəfindən əvvəlcədən lazımi tədbirlərin görülməsinin və öz işlərini müasir standardlara və qaydalara uyğunlaşdırılmasının zəruriliyini diqqətə çatdırıb.
Daha sonra ticarət şəbəkələrinin nümayəndələrinin və idxalçıların təklifləri dinlənilib və aidiyyəti üzrə müvafiq göstərişlər verilib.
Oxşar xəbərlər

“İbrahim Kabab Evi” ictimai iaşə obyektində nöqsanlar aşkarlanıb
Bakı şəhəri, Nəsimi rayonu, H.Aslanov küçəsi, ev 85, m. 20 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Nəbiyev İbrahim Ağaisa oğluna məxsus “İbrahim Kabab Evi” ictimai iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Baxış zamanı iaşə obyektində istehlaka təqdim edilən ətlərin baytarlıq müşayiətedici sənədlərinin olmadığı aşkarlanıb. Ət və ət məhsullarından, alət və avadanlıqlardan götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində uyğunsuzluqlar müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək ictimai iaşə obyektində işlərin görülməsi, xidmətlərin göstərilməsi məhdudlaşdırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.

Xırdalanda ictimai iaşə obyektində normativ tələblərin pozulduğu aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Məmməd Tofiq oğluna məxsus “Məhəllə” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Etiket məlumatları və müvafiq müşayiətedici sənədləri olmayan məhsulların satışa çıxarıldığı müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.
