AQTA sədri Masallıda vətəndaşları qəbul edəcək
6 Aprel 2024 12:27

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2024-cü ilin aprel ayı üzrə regionlarda vətəndaş qəbulu qrafikinə uyğun olaraq, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli aprelin 25-i saat 10:00-da Masallı Rayon Heydər Əliyev Mərkəzində Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Cəbrayıl rayonlarından olan vətəndaşları qəbul edəcək.
Vətəndaşlar Agentliyin səlahiyyət dairəsinə aid məsələlərlə (qida məhsullarının təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarətinə dair normativ tənzimləmə, qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatı, qida təhlükəsizliyi, fitosanitar və baytarlıq sertifikatlarının verilməsi və s.) bağlı adını, soyadını, atasının adını, müraciətinin məzmununu, yaşadığı ünvanı və telefon nömrəsini göstərməklə, info@afsa.gov.az elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq aprelin 24-dək qəbula yazıla bilərlər.
Eyni zamanda AQTA-nın region üzrə yerli bölmələrində işlə təmin olunmaq istəyən, qida məhsulları mühəndisliyi, istehlak mallarının ekspertizası və marketinqi, metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi, tibbi profilaktika, aqronomluq, bitki mühafizəsi, kimya, biologiya, torpaqşünaslıq və aqrokimya, baytarlıq ixtisasına yiyələnmiş vətəndaşlar müraciət edə bilərlər.
Oxşar xəbərlər

Qoşqar Təhməzli qida sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edəcək
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin növbəti vətəndaş qəbulu Agentliyin inzibati binasında mayın 1-i saat 14:00-da keçiriləcək. Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı, daşınması, satışı və sair sahələrdə çalışan şəxslər onları narahat edən məsələlərlə bağlı Agentlik sədri ilə görüşə bilərlər. Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək info@afsa.gov.az elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 50) 515 51 87 nömrəsinə zəng etməklə, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla qəbula yazıla bilərlər.

Qoşqar Təhməzli Ağsuda vətəndaşları qəbul edib
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli aprelin 25-i Ağsuda Ağsu, İsmayıllı, Qobustan, Şamaxı rayonlarından olan vətəndaşları qəbul edib. Qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad edilib. Qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib, bir qismi yerində öz həllini tapıb, qaldırılan bəzi məsələlər araşdırılması üçün nəzarətə götürülüb. Qida sahəsində işlə təmin olunmaq istəyən müvafiq ixtisaslara yiyələnmiş vətəndaşların müraciətlərinə də baxılıb. Agentliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Göygöldə "Dost" kafesində normativ tələblərin pozulduğu müəyyən edilib
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Göygöl rayonu, Balçılı kəndində fəaliyyət göstərən “Dost” kafesində yoxlama keçirib. Baxış zamanı ictimai iaşə obyektində sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin normativ tələblərə cavab vermədiyi, soyuducuda mal qonşuluğu prinsipinin pozulduğu və etiketlənməsi aparılmayan qida məhsulları aşkarlanıb. Emal sahəsində ayrıca yuma çanaqlarının təşkil edilmədiyi, havalandırma sisteminin təchiz edilmədiyi, döşəmə və divar səthlərinin təmirsiz olduğu, qida ilə təmasda olan işçilərin tibbi müayinədən keçmədiyi və gigiyenik təlimlərə cəlb olunmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, nöqsanlar aradan qaldırılanadək iaşə obyektinin dönər hazırlanma sahəsində işlərin və xidmətlərin görülməsinə məhdudiyyət tətbiq olunub və icrası məcburi göstərişlər verilib.
