AQTA sədri Mərakeş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Adil Embarş ilə görüşüb
14 İyun 2022 15:07


Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Mərakeş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Adil Embarş ilə görüşüb. Görüşdə AQTA sədri Agentliyin fəaliyyət istiqamətləri, qarşıya qoyulan hədəflər, əhalinin təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərlə bağlı qonağı məlumatlandırıb.
Mərakeş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Adil Embarş ölkələrimiz arasında münasibətlərin inkişafından danışaraq, Azərbaycan və Mərakeşin beynəlxalq təşkilatlar çərçivəsində daim yaxından əməkdaşlıq etdiklərini vurğulayıb. Səfir əməkdaşlığımızın daha da gücləndirilməsi ilə bağlı bir çox istiqamətlər, o cümlədən qida təhülkəsizliyi sahəsində imkanların nəzərdən keçirilməsinin zəruriliyini nəzərə çatdırıb, xüsusən Mərakeş Krallığının Qida Təhlükəsizliyi üzrə Milli Ofisi (ONSSA) ilə ikitərəfli münasibətlərin daha yüksək səviyyəyə çatdırılması üçün əlindən gələni əsirgəməyəcəyini qeyd edib.
Görüşdə qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahələrdə ikitərəfli əməkdaşlıq üzrə normativ hüquqi bazanın yaradılması məqsədi ilə Saziş layihələrinin hazırlanması imkanları nəzərdən keçirilib. İki qurum arasında ekspertlər səviyyəsində işçı qrupların yaradılması və onlar arasında videogörüşlərin təşkili, eyni zamanda qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahədə idxal-ixrac əməliyyatlarının genişləndirilməsi məqsədilə qarşılıqlı təcrübə mübadiləsi üzrə əməkdaşlığın həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər

“İbrahim Kabab Evi” ictimai iaşə obyektində nöqsanlar aşkarlanıb
Bakı şəhəri, Nəsimi rayonu, H.Aslanov küçəsi, ev 85, m. 20 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Nəbiyev İbrahim Ağaisa oğluna məxsus “İbrahim Kabab Evi” ictimai iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Baxış zamanı iaşə obyektində istehlaka təqdim edilən ətlərin baytarlıq müşayiətedici sənədlərinin olmadığı aşkarlanıb. Ət və ət məhsullarından, alət və avadanlıqlardan götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində uyğunsuzluqlar müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək ictimai iaşə obyektində işlərin görülməsi, xidmətlərin göstərilməsi məhdudlaşdırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.

Xırdalanda ictimai iaşə obyektində normativ tələblərin pozulduğu aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Məmməd Tofiq oğluna məxsus “Məhəllə” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Etiket məlumatları və müvafiq müşayiətedici sənədləri olmayan məhsulların satışa çıxarıldığı müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.
