AQTA sədri Mingəçevirdə vətəndaşları qəbul edib
5 May 2023 16:10
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görürlər.
Tərtib edilən qəbul cədvəlinə müvafiq olaraq, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli mayın 5-də Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində Mingəçevir şəhərindən və Yevlax, Ağdaş, Göyçay rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Qəbuldan öncə Agentliyin sədri Qoşqar Təhməzli və Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
AQTA-nın məsul əməkdaşlarının iştirakı ilə keçirilmiş qəbula gələn vətəndaşların müraciətləri əsasən regionda bitkiçilik, heyvandarlıq və qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin fəaliyyəti, o cümlədən ixrac olunan məhsullara sertifikatların verilməsi, məhsulların laborator müayinələrinin aparılması, heyvan kəsimi fəaliyyəti və bununla bağlı Agentlik tərəfindən həyata keçirilən baytarlıq nəzarəti və digər məsələlərlə bağlı olub. Qəbula gələn hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.
Vətəndaşların müraciətlərinin bir qismi yerində öz həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Agentliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Qəbul zamanı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun region üzrə yerli bölmələrində işlə təmin olunmaq istəyən, qida sahəsində müvafiq ixtisaslara yiyələnmiş vətəndaşların müraciətlərinə də baxılıb.
Oxşar xəbərlər

AQTA sədri Oğuzda vətəndaşları qəbul edəcək
Mayın 15-i saat 10:00-da Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Oğuz Olimpiya İdman Kompleksində Oğuz, Şəki, Qax, Zaqatala, Balakən, Qəbələ rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək. Vətəndaşlar ad, soyad, ata adı, müraciətin məzmunu, yaşayış ünvanı və telefon nömrəsini göstərməklə info@afsa.gov.az elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq mayın 14-dək qəbula yazıla bilərlər. Agentliyin səlahiyyət dairəsinə aid məsələlərlə yanaşı, AQTA-nın region üzrə yerli bölmələrində işlə təmin olunmaq istəyən müvafiq ixtisaslara yiyələnmiş vətəndaşlar da müraciət edə bilərlər.

Cəlilabadda çörək istehsalı müəssisəsinin qanunsuz fəaliyyət göstərdiyi müəyyən olunub
Cəlilabad şəhəri, Cavadxan küçəsi, Cəlilabad bazarı ərazisində fəaliyyət göstərən, fiziki şəxs Qasımova Təranə Sucəddin qızına məxsus çörək istehsalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, istehsal müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Eyni zamanda sanitar-gigiyenik tələblərin pozulduğu, müvafiq təmizlik işlərinin görülmədiyi, döşəmə, divar və qida məhsulları ilə təmasda olan səthlərin yuyula bilən, korroziyaya davamlı materialla üzlənmədiyi, havalandırma sisteminin quraşdırılmadığı və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülərək sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək müvəqqəti məhdudlaşdırılıb.

Ağdaşda ictimai iaşə obyektinin qanunsuz fəaliyyət göstərdiyi aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Ağdaş şəhəri, M.İsayev küçəsində fəaliyyət göstərən, fiziki şəxs Mirzalıyev Namiq Həmdiyə oğluna məxsus ictimai iaşə obyektində yoxlama keçirib. Baxış zamanı ictimai iaşə obyektində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının, gigiyena normativlərinin tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, iaşə obyektinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, həmçinin sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, döşəmə, divar, tavanın təmirsiz olduğu və çirkləndiyi, qida məhsulları və qablar üçün ayrıca yuma sahəsinin təşkil edilmədiyi və antisanitar şəraitdə yuyulduğu, işçi heyətin tibbi müayinədən keçmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar müəyyən olunub. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək ictimai iaşə obyektinin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb edilib.