AQTA sədri Qoşqar Təhməzli "Rosselxoznadzor"un rəhbəri Sergey Dankvert ilə görüşüb
22 Dekabr 2022 16:31


Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin rəhbərlik etdiyi nümayəndə heyətinin Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində dekabrın 22-də Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) rəhbəri Sergey Dankvert ilə görüş keçirilib.
Görüşdə qida təhlükəsizliyi ilə bağlı ikitərəfli münasibətlər, həmçinin imzalanması nəzərdə tutulan “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında Saziş” layihəsinin razılaşdırılması, FGIS “Argus-Fito” və “AQTIS” sistemlərinin inteqrasiyası üzrə işlərin davam etdirilməsi barədə müzakirələr aparılıb.
Görüş zamanı AQTA sədri 2023-cü il 1 yanvar tarixindən qüvvəyə minəcək “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, ölkəmizə qida və yem məhsullarının, o cümlədən qida ilə təmasda olan material və məmulatların idxalı ilə əlaqədar nəzərdə tutulan yeniliklərdən söz açıb. Eyni zamanda Rusiya Federasiyasından ölkəmizə idxal olunan qida məhsulları partiyalarında aşkarlanmış uyğunsuzluqların gələcəkdə təkrarlanmaması və aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi, o cümlədən idxal-ixrac prosesləri zamanı ortaya çıxan texniki çətinliklərə çevik reaksiya verilməsi məqsədilə təkliflər irəli sürülüb.
Görüşdə həmçinin iki qurumun mütəxəssislərinin iştirakı ilə baytarlıq preparatlarının dövriyyəsinə nəzarətin (farmakonəzarət) həyata keçirilməsi, bitki mühafizəsi vasitələrinin dövriyyəsinə nəzarətin təşkili, ekspertizası və texniki tənzimləməsi, qida təhlükəsizliyi və heyvan sağlamlığı istiqamətində tətbiq edilən seçilmiş metodların tətbiqi, validasiya və verifikasiya proseslərinin öyrənilməsi üzrə təcrübə mübadiləsinin təmin edilməsi müzakirə olunub.
Tədbirdə ikitərəfli əməkdaşlığın gündəliyinə daxil olan və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər

Xırdalanda ictimai iaşə obyektində normativ tələblərin pozulduğu aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Məmməd Tofiq oğluna məxsus “Məhəllə” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Etiket məlumatları və müvafiq müşayiətedici sənədləri olmayan məhsulların satışa çıxarıldığı müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

İmişlidə fəaliyyət göstərən çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları İmişli şəhəri, N.Savalanov küçəsində fəaliyyət göstərən, Fərmanov Dirbaş Veysəl oğluna məxsus çörək emalı müəssisəsində yoxlama keçirib. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin məhsulların saxlanma şəraitinə və temperatur rejiminə əməl olunmadığı, emal prosesinin qaydalara uyğun həyata keçirilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.
