AQTA sədri Qoşqar Təhməzlinin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyada işgüzar səfərdədir
22 Dekabr 2022 10:31






Dekabrın 21-də Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin rəhbərliyi ilə nümayəndə heyətinin Rusiya Federasiyasına işgüzar səfəri başlayıb.
Səfər çərçivəsində AQTA sədrinin Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”), Rusiya Federasiyasının İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidmətinin (“Rospotrebnadzor”) və digər müvafiq qurumlarının rəhbərliyi ilə görüşləri nəzərdə tutulub.
Görüşlərdə qida təhlükəsizliyi ilə bağlı ikitərəfli münasibətlər, qarşılıqlı maraq doğuran məsələlər, həmçinin imzalanması nəzərdə tutulan “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında Saziş” layihəsinin razılaşdırılması, FGIS “Argus-Fito” və “AQTIS” sistemlərinin inteqrasiyası üzrə işlərin davam etdirilməsi, “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Rusiya Federasiyasının İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət Federal Xidməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş” layihəsi müzakirə ediləcək.
Rusiya Federasiyasına işgüzar səfər zamanı 2023-cü il 1 yanvar tarixindən qüvvəyə minəcək “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, ölkəmizə qida və yem məhsullarının, o cümlədən qida ilə təmasda olan material və məmulatların idxalı ilə əlaqədar nəzərdə tutulan yeniliklər də diqqət mərkəzində olacaq.
Görüşlərdə Qoşqar Təhməzli Rusiya Federasiyasından ölkəmizə idxal olunan qida məhsulları partiyalarında aşkarlanmış uyğunsuzluqların gələcəkdə təkrarlanmaması və aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi, o cümlədən idxal-ixrac prosesləri zamanı ortaya çıxan texniki çətinliklərə çevik reaksiya verilməsi məqsədilə təkliflərini çatdıracaq.
Oxşar xəbərlər

“İbrahim Kabab Evi” ictimai iaşə obyektində nöqsanlar aşkarlanıb
Bakı şəhəri, Nəsimi rayonu, H.Aslanov küçəsi, ev 85, m. 20 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Nəbiyev İbrahim Ağaisa oğluna məxsus “İbrahim Kabab Evi” ictimai iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Baxış zamanı iaşə obyektində istehlaka təqdim edilən ətlərin baytarlıq müşayiətedici sənədlərinin olmadığı aşkarlanıb. Ət və ət məhsullarından, alət və avadanlıqlardan götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində uyğunsuzluqlar müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək ictimai iaşə obyektində işlərin görülməsi, xidmətlərin göstərilməsi məhdudlaşdırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.

Xırdalanda ictimai iaşə obyektində normativ tələblərin pozulduğu aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Məmməd Tofiq oğluna məxsus “Məhəllə” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Etiket məlumatları və müvafiq müşayiətedici sənədləri olmayan məhsulların satışa çıxarıldığı müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.
