AQTA sədri Salyanda vətəndaşları qəbul edib
12 Yanvar 2024 15:54
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görürlər.
Tərtib edilən qəbul cədvəlinə müvafiq olaraq, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli yanvarın 12-si Salyan Rayon İcra Hakimiyyətində Şirvan şəhəri və Salyan, Hacıqabul, Neftçala, Biləsuvar rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbuldan öncə Agentliyin sədri Qoşqar Təhməzli və Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
AQTA-nın məsul əməkdaşlarının iştirakı ilə keçirilmiş qəbula gələn vətəndaşların müraciətləri diqqətlə dinlənilib, bir qismi yerində öz həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Agentliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Qəbul zamanı qida sahəsində işlə təmin olunmaq istəyən müvafiq ixtisaslara yiyələnmiş vətəndaşların müraciətlərinə də baxılıb.
Oxşar xəbərlər

“Qurd Qapısı” restoranında ciddi nöqsanlar aşkarlandı
Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsində yerləşən, fiziki şəxs İsmayılova Fizulət Eldar qızına məxsus “Qurd Qapısı” restoranında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yoxlama keçirilib. Baxış zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik tələblərə əməl olunmadığı, emal sahəsində texnoloji ardıcıllıq prinsipinin pozulduğu, qida məhsullarının saxlanması ilə bağlı tələblərin yerinə yetirilmədiyi, soyuducu və dondurucuda müxtəlif ət məhsullarının çirklənmədən mühafizə ediləcək şəraitdə saxlanılmadığı, quru xammal anbarının və işçilər üçün soyunub-geyinmə sahəsinin təşkil olunmadığı, qida ilə təmasda olan səthlərin asan yuyulub təmizlənə bilən materialla üzlənmədiyi məlum olub. Bununla yanaşı, yoxlama zamanı yeməklərin hazırlanması və ət emalı sahəsində mexaniki havalandırma sisteminin quraşdırılmadığı, emal sahəsində divarların tamlığının pozulduğu, soyuducu rəflərdə korroziya əlamətlərinin olduğu, işçi heyətin tibbi müayinədən keçmədiyi və gigiyenik təlimə cəlb olunmadığı, həmçinin istehlaka təqdim edilən ətlərin müvafiq müşayiətedici sənədlərinin olmadığı müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, iaşə müəssisəsinin açıq sahəsində isti yeməklərin hazırlanması ilə bağlı fəaliyyətinə nöqsanlar aradan qaldırılanədək müvəqqəti məhdudiyyət qoyulub və icrası məcburi göstərişlər verilib. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Araşdırmalar davam etdirilir.

Elektron siqaret istifadəsi "Popkorn" xəstəliyinə səbəb olur
Veyp istifadə edən yeniyetmələr arasında son dövrlərdə “Popkorn" xəstəliyinin yayılması ciddi narahatlıq yaradır. Veypin insan sağlamlığı üçün bir digər təhlükəsi isə tərkibindəki "diasetil" adlı kimyəvi maddə səbəbindən yaranan popkorn xəstəliyidir. Bu xəstəlik veyp istifadə edən yeniyetmələr arasında tənəffüs sistemi ilə bağlı sağlamlıq problemlərinə yol açır. Xəstəliyin adı isə çox maraqlıdır – "popkorn". Bəs niyə popkorn? Çünki bu xəstəliyin təsiri ilə ağciyərlərdən gələn səs popkorn xırıltısını xatırladır. Diasetil maddəsi qida sənayesində aromatizator kimi istifadə edilir və təhlükəsiz sayılır. Lakin veyp mayelərinə əlavə olunaraq inhalyasiya edildikdə, yəni nəfəsə çəkildikdə tənəffüs yollarına ciddi zərər vurur. Popkorn xəstəliyi özünü əvvəlcə adi bir respirator infeksiya kimi göstərir. Quru öskürək, nəfəs darlığı, döş qəfəsində ağrılar, halsızlıq və bəzən yüksək temperatur ilə müşahidə olunur. Lakin zamanla vəziyyət pisləşir, ağciyərlərdə geriyə dönməz dəyişikliklər baş verir. Unutmayaq ki, 39 ölkə veyp istifadəsini tamamilə qadağan edib, 82 ölkə isə yalnız ciddi tənzimləmələr əsasında satışına icazə verir. Əgər sağlamlığınızı qorumaq istəyirsinizsə, veypdən imtina etmək ən düzgün addım olacaq. Unutmayın ki, sağlamlığınız ən qiymətli sərvətinizdir!

“Top Qapı” restoranının sahibi barəsində inzibati icraata başlandı
Xəbər verildiyi kimi, Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağa oğlu 26 ünvanında fəaliyyət göstərən fiziki şəxs Dadaşov Pərviz Almas oğluna məxsus “Top Qapı” ictimai iaşə müəssisəsində AQTA əməkdaşları tərəfindən keçirilən yoxlama zamanı ciddi nöqsanlar aşkarlanıb və qida obyektinin mətbəx sahəsinin fəaliyyəti həmin nöqsanlar aradan qaldırılanadək müvəqqəti məhdudlaşdırılıb. Agentlik tərəfindən həmin qərarın icra vəziyyətinin yerində yoxlanılması məqsədilə aparılan baxış zamanı “Top Qapı” restoranının məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərara əməl etmədən və göstərilən nöqsanlar tam aradan qaldırılmadan fəaliyyət göstərdiyi və müəssisədə təmir işlərinin aparıldığı bir vaxtda müxtəlif qidaların emal olunduğu müəyyən edilib. Faktla bağlı sahibkar barəsində qida təhlükəsizliyi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi çərçivəsində Agentliyin qanuni yazılı tələblərini (qərarlarını) yerinə yetirməməyə görə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati icraata başlanılıb və müəssisənin mətbəx sahəsinə nöqsanlar tam aradan qaldırılanadək yenidən müvəqqəti məhdudiyyət tətbiq olunub.