AQTA sədri Şirvanda vətəndaşlarla görüşəcək
29 Noyabr 2022 15:02


Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2022-ci ilin dekabr ayı üzrə regionlarda vətəndaş qəbulu qrafikinə uyğun olaraq, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli 8 dekabr saat 10:00-da Şirvan Şəhər Heydər Əliyev Mərkəzində Şirvan şəhəri və Hacıqabul, Salyan, Neftçala rayonlarından olan vətəndaşları qəbul edəcək.
Vətəndaşlar Agentliyin səlahiyyət dairəsinə aid məsələlərlə (qida məhsullarının təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarətinə dair normativ tənzimləmə, qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatı, qida təhlükəsizliyi, fitosanitar və baytarlıq sertifikatlarının verilməsi və s.) bağlı adını, soyadını, atasının adını, müraciətinin məzmununu, yaşadığı ünvanı və telefon nömrəsini göstərməklə, info@afsa.gov.az elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq dekabrın 7-dək qəbula yazıla bilərlər.
Eyni zamanda Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) qeyd olunan regionlar üzrə yerli bölmələrində işlə təmin olunmaq istəyən, qida məhsulları mühəndisliyi, istehlak mallarının ekspertizası və marketinqi, metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi, tibbi profilaktika, aqronomluq, bitki mühafizəsi, kimya, biologiya, torpaqşünaslıq və aqrokimya, baytarlıq, balıqçılıq və balıqçılıq təsərrüfatı işi ixtisasına yiyələnmiş vətəndaşlar müraciət edə bilərlər.
Oxşar xəbərlər

Xırdalanda ictimai iaşə obyektində normativ tələblərin pozulduğu aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Məmməd Tofiq oğluna məxsus “Məhəllə” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Etiket məlumatları və müvafiq müşayiətedici sənədləri olmayan məhsulların satışa çıxarıldığı müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

İmişlidə fəaliyyət göstərən çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları İmişli şəhəri, N.Savalanov küçəsində fəaliyyət göstərən, Fərmanov Dirbaş Veysəl oğluna məxsus çörək emalı müəssisəsində yoxlama keçirib. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin məhsulların saxlanma şəraitinə və temperatur rejiminə əməl olunmadığı, emal prosesinin qaydalara uyğun həyata keçirilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.
