AQTA sədri taxılçılıq, un və çörək istehsalı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirib
10 Fevral 2023 10:43
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) taxılçılıq, un və çörək istehsalı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş təşkil olunub.
Tədbir əhalinin ərzaqlıq taxılla dayanıqlı təminatı sahəsindəki vəziyyəti bir daha nəzərdən keçirmək, bu sahədə fəaliyyət göstərən sahibkarlarla əməkdaşlığı daha da genişləndirmək, onları mövcud qanunvericilik və tələblər barədə məlumatlandırmaq, işlərinin beynəlxalq standartlara uyğun təşkilinə kömək göstərmək, həmçinin təkliflərini dinləmək və təkliflər üzrə müvafiq işlərin həyata keçirilməsini təmin etmək məqsədilə təşkil olunub.
Görüşdə AQTA sədri Qoşqar Təhməzli taxıl istehsalı, emalı və idxalı sahəsində görülən və həyata keçirilməsi vacib olan işlərdən danışıb. Q.Təhməzli bildirib ki, ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müəyyənləşdirilmiş tədbirlər çərçivəsində əhalinin strateji ərzaq məhsulu olan ərzaqlıq taxılla dayanıqlı təminatı prioritet istiqamətdir. Həmçinin yerli taxılın keyfiyyət, təhlükəsizlik və fitosanitar tələblərə uyğunluğunun təmin edilməsi vacibdir. AQTA sədri çıxışında idxal zamanı taxılda aşkarlanan zərərli orqanizmlər və onlarla mübarizə üsullarından da bəhs edib. Ölkənin fitosanitar vəziyyətinin sabit saxlanılmasında sahibkarların üzərinə xüsusi məsuliyyət düşdüyünü vurğulayıb. Q.Təhməzli bu il yanvarın 1-dən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, qida məhsullarının, o cümlədən unun zənginləşdirilməsinin mümkün olduğunu önə çəkib. AQTA sədri bu istiqamətdə pilot layihənin həyata keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb. Müəyyən ediləcək dəyirmanlarda zənginləşdirilmiş unun hazırlanmasının və həmin undan istehsal ediləcək çörəklərin satış məntəqələrində istehlakçılara təklif olunmasının planlaşdırıldığını bildirib. Q.Təhməzli eyni zamanda una qatılan qida əlavələrinin tənzimlənməsinin, həmçinin çörəklərin qablaşdırılması və etiketlənməsi qaydalarına əməl edilməsinin zəruri olduğunu vurğulayıb.
Tədbirdə AQTA-nın Aparat rəhbəri Elxan Mikayılov ölkə ərazisində fəaliyyət göstərən un və çörək istehsalı müəssisələrində həyata keçirilən nəzarət tədbirləri barədə məlumat verib. Bildirib ki, 2022-ci il ərzində 5-i planlı, 2-si plandankənar olmaqla 7 un və 13-ü planlı, 15-i plandankənar olmaqla 28 çörək istehsalı müəssisəsində yoxlama aparılıb. Aşkar edilmiş uyğunsuzluqlarla əlaqədar 2 çörək istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb. 6 un və 15 çörək istehsalı müəssisənin vəzifəli şəxsi barəsində inzibati tənbeh tədbiri görülüb. 2023-cü il ərzində isə 17 un dəyirmanında və 154 çörək istehsalı müəssisəsində planlı yoxlamanın keçirilməsi nəzərdə tutulub. Eyni zamanda cari dövr ərzində 102-si yerli və 5-i idxal məhsulundan istehsal olunan 107 çörək məmulatından nümunə götürülərək müayinə üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib. Nümunələrin sınaq nəticəsinə əsasən, 33 məhsul normativ sənədlərin tələblərinə cavab verib. 74 nümunənin müayinələri isə davam etdirilir.
Tədbirdə çıxışlardan sonra sahibkarların fikir və təklifləri dinlənilib. Həmçinin səsləndirilən fikir və təkliflərlə bağlı aidiyyəti üzrə müvafiq göstərişlər verilib.
Oxşar xəbərlər
Xankəndi və Xocalıda zərərvericilərə qarşı maarifləndirmə tədbirləri keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Xankəndi şəhərində, eləcə də Xocalı rayonunun Şuşakənd, Malıbəyli və Quşçular kəndlərində fitosanitar nəzarət və maarifləndirmə tədbirləri keçirilib. Tədbirlərin əsas məqsədi qəhvəyi mərmər bağacığı və Amerika ağ kəpənəyinin ölkə ərazisində yayılmasının qarşısının alınması, bu zərərvericilərin vaxtında aşkar edilməsi və sakinlərin bu sahədə məlumatlılıq səviyyəsinin artırılmasıdır. Yerli sakinlərə karantin tətbiq edilən zərərvericilərin bioloji xüsusiyyətləri, yayılma yolları, xarakterik əlamətləri, habelə kənd təsərrüfatı bitkilərinə və yaşıllıqlara vura biləcəyi zərərlər barədə ətraflı məlumat verilib. Zərərvericilərin yayılmasının qarşısını almaq üçün xüsusilə payız-qış mövsümündə həyata keçirilməsi tövsiyə olunan mexaniki və profilaktik mübarizə tədbirləri izah olunub. Tədbirlər çərçivəsində zərərvericilərin vaxtında müəyyən edilməsi, onların mümkün yayılma ocaqlarının aşkarlanması və müvafiq mübarizə tədbirlərinin görülməsinin əhəmiyyəti diqqətə çatdırılıb, sakinlərə maarifləndirici çap materialları paylanıb.
Amerika ağ kəpənəyi və Qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirmə tədbirləri davam etdirilir
Amerika ağ kəpənəyi və Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması və zərərvericilərlə mübarizə məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən fitosanitar nəzarət və maarifləndirmə tədbirləri davam etdirilir. Zərərvericilərə qarşı bitki mühafizəsi tədbirləri çərçivəsində Şəki-Zaqatala regional bölməsinin əməkdaşları tərəfindən Oğuz rayonunun Bucaq, Bayan, Qəbələ rayonunun isə Mirzəbəyli kəndlərində sakinlərlə maarifləndirici görüşlər keçirilib. Görüşlər zamanı zərərvericilərin bioloji xüsusiyyətləri, yayılma səbəbləri, bitkilərə vurduğu zərər, xüsusilə Amerika ağ kəpənəyinin tırtıl mərhələsində yaratdığı təhlükə və ona qarşı mübarizə tədbirləri barədə vətəndaşlara məlumat verilib. Eyni zamanda, zərərvericilərin vaxtında aşkarlanmasının və onların yayılmasının qarşısının alınması məqsədilə mütəmadi müşahidə və monitorinqlərin aparılmasının vacibliyi diqqətə çatdırılıb. Tədbirlər çərçivəsində kənd sakinlərinə zərərvericilərlə bağlı maarifləndirici bukletlər təqdim olunub, onların sualları cavablandırılıb və müvafiq fitosanitar tələblərə əməl olunması ilə bağlı tövsiyələr verilib.
Qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirmə tədbirləri davam etdirilir
Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən fitosanitar nəzarət və maarifləndirmə tədbirləri davam etdirilir. Zərərvericiyə qarşı bitki mühafizəsi tədbirləri çərçivəsində Quba-Xaçmaz regional bölməsinin əməkdaşları tərəfindən Xaçmaz rayonunun Arzu kəndində kənd sakinləri ilə maarifləndirici görüşlər keçirilib. Görüşlər zamanı qəhvəyi mərmər bağacığının payız aylarında açıq sahələri tərk edərək qışlama məqsədilə evlərə, anbarlara və digər qapalı tikililərə toplanması barədə sakinlərə məlumat verilib. Eyni zamanda, zərərvericinin sayının azaldılmasında effektiv üsullardan biri olan mexaniki mübarizə tədbirləri və onların tətbiqi qaydaları izah edilib, kənd sakinlərinə qəhvəyi mərmər bağacığı haqqında məlumat kitabçaları paylanıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş