AQTA sədri UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüşüb
11 Mart 2024 14:48
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyinin yeni təyin edilmiş rəhbəri Saca Faruq Abdullah arasında görüş keçirilib.
Görüş zamanı Q.Təhməzli Saca Faruq Abdullahı UNICEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri təyin olunması münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Eyni zamanda AQTA sədri respublikamızda qida təhlükəsizliyinin təmin edilməsi ilə bağlı görülən işlər, həmçinin bu istiqamətdə beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə nümayəndəlik rəhbərini məlumatlandırıb.
Görüşdə daha sonra UNICEF-lə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələr və tədbirlər nəzərdən keçirilib, əməkdaşlığın daha da genişləndirilməsinin vacib olduğu önə çəkilib. “Azərbaycan Respublikasında ana südünün tərkibinin araşdırılması və qida dəyərinin qida əlavəsi istifadəsi ilə artırılması” layihəsi, həmçinin hamiləlik və laktasiya dövründə ana və körpələrin sağlam qidalanmasını təmin etməkdən ötrü elmi əsaslı məlumat toplusunun hazırlanması müzakirə olunub. Körpə və erkən yaşlı uşaqların qidalanması üçün nəzərdə tutulan məhsullarla bağlı qanunvericilik aktlarının təkmilləşdirilməsi istiqamətində əməkdaşlığın həyata keçirilməsi ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda “Buğda ununun zənginləşdirilməsi”nə dair layihə ilə əlaqədar zənginləşdirmə üçün istifadəsi təsdiq edilmiş resept üzrə mikronutriyent preparatlarının təchizatçılarının və həmin layihənin icrası üçün nəzarət qruplarının müəyyənləşdirilməsi müzakirə olunub. Sağlam qidalanmanın təşviqi istiqamətində AQTA tərəfindən həyata keçirilən “Şəkəri azalt, ömrünü uzat!” kampaniyasının əhəmiyyətinə toxunulub.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Azərbaycanla Yunanıstan qida təhlükəsizliyi sahəsində əməkdaşlığı genişləndirir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Yunanıstan Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin nümayəndələri arasında əməkdaşlıq perspektivlərinin müzakirəsi məqsədilə onlayn görüş keçirilib. Görüşdə Yunanıstan tərəfi ölkədə tətbiq olunan heyvanların identifikasiyası və qeydiyyatı sistemi barədə ətraflı məlumat təqdim edib. Müzakirələr zamanı heyvan növlərinə uyğun tətbiq olunan identifikasiya vasitələri (qulaq nişanları, elektron çiplər və s.), həmçinin identifikasiya və qeydiyyat sisteminə riayət olunmasına nəzarət məsələləri diqqət mərkəzində olub. Bundan başqa, Yunanıstan tərəfi ölkəmizə süd və balıqçılıq məhsullarının idxalına maraq göstərdiyini bildirib. Sonda maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.
AQTA və Qətər Bələdiyyə Nazirliyi arasında baytarlıq sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Qətər Dövlətinin Bələdiyyə Nazirliyinin təmsilçiləri arasında onlayn görüş keçirilib. Görüşdə baytarlıq sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun layihəsinin müddəaları müzakirə olunub. Eyni zamanda, qurumlar arasında qida, baytarlıq və fitosanitar sahədə gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib.
AQTA nümayəndəsi Daşkənddə Beynəlxalq Toxum Ticarəti Konqresində iştirak edib
Özbəkistanda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Toxum Assosiasiyasının (ECOSA) 9-cu Beynəlxalq Toxum Ticarəti Konqresi keçirilib. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşının iştirak etdiyi tədbirdə dövlət qurumlarının, özəl sektorun, beynəlxalq təşkilatların və toxum sənayesinin təmsilçiləri bir araya gəlib. Konqresdə regional əməkdaşlığın genişləndirilməsi, toxum ticarətinin inkişafı və beynəlxalq standartların uyğunlaşdırılması məsələləri müzakirə olunub. Keyfiyyətli toxum materialının ərzaq təhlükəsizliyinin təmin edilməsində və kənd təsərrüfatı məhsuldarlığının artırılmasında mühüm rolu vurğulanıb. Konqresin yekununda regional toxum əməkdaşlığının gücləndirilməsini, toxum ticarətinin inkişafını və beynəlxalq standartların uyğunlaşdırılmasını nəzərdə tutan Bəyannamə qəbul edilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş