AQTA sədrinin müavini İstanbulda beynəlxalq forumda iştirak edib
7 İyun 2026 15:22
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Əziz Şərifov İstanbulda keçirilən “Sıfır Tullantı Forumu 2026” çərçivəsində “Məhsul yığımından sonrakı itkilərin azaldılması – Qida təchizat zəncirində səmərəliliyin artırılması” mövzusunda keçirilən tədbirdə iştirak edib.
Tədbir çərçivəsində AQTA sədrinin müavini Türkiyə Respublikasının kənd təsərrüfatı və meşəçilik nazirinin müavini Ahmet Gümen ilə görüş keçirib.
Görüş zamanı “Sıfır Tullantı” konsepsiyası çərçivəsində fikir mübadiləsi aparılıb, qida itkiləri və israfının azaldılması istiqamətində Azərbaycanda həyata keçirilən tədbirlər barədə məlumat verilib.
Tərəflər qida təhlükəsizliyinin təmin edilməsi, heyvan və bitki sağlamlığının qorunması, eləcə də qarşılıqlı ticarət əlaqələrinin genişləndirilməsi sahəsində əməkdaşlığın uğurla davam etdiyini qeyd ediblər. Qida təhlükəsizliyi nəzarətinə aid məhsullar üzrə iki ölkə arasında ticarət dövriyyəsində müşahidə olunan müsbət dinamika və bu istiqamətdə perspektivdə görüləcək işlər müzakirə olunub.
Görüşdə heyvan mənşəli qida məhsullarının ixrac prosedurlarının sadələşdirilməsi, Azərbaycanda istehsal olunan süd və balıq məhsullarının, həmçinin sümük ununun Türkiyə bazarına ixracı ilə bağlı görülən işlər nəzərdən keçirilib. Bu məhsulların ixrac prosesinin sürətləndirilməsi istiqamətində əməkdaşlığın davam etdirilməsi barədə razılıq əldə olunub.
Eyni zamanda, iri və xırdabuynuzlu heyvanların identifikasiyası sahəsində fikir mübadiləsi aparılıb. Naxçıvan Muxtar Respublikasının əlverişli coğrafi mövqeyi və logistik imkanlarının regionun ixrac potensialının artırılmasında rolu da müzakirə mövzularından biri olub.
Görüşün sonunda qarşılıqlı əməkdaşlığın bundan sonra da intensiv şəkildə davam etdirilməsinin vacibliyi vurğulanıb.
Oxşar xəbərlər
Fındıq istehsalçıları və ixracatçıları ilə görüş keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fındıq istehsalçıları və ixracatçılarının iştirakı ilə onlayn görüş keçirib. Görüşdə fındıq bağlarında zərərli orqanizmlərin, xüsusilə qəhvəyi mərmər bağacığının (Halyomorpha halys) yayılmasının qarşısının alınması, mütəmadi monitorinqlərin aparılması və kompleks mübarizə tədbirlərinin tətbiqi müzakirə olunub. Həmçinin bitki mühafizə vasitələrindən düzgün istifadə, pestisid qalıqlarına dair normalar və ixrac ölkələrinin fitosanitar tələbləri barədə məlumat verilib. İstehsalçı və ixracatçıların qarşılaşdıqları problemlər dinlənilib, onların həlli yolları və müvafiq tədbirlərin görülməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
AQTA sədri Yunanıstanın Azərbaycandakı səfiri ilə görüşüb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Maria Papakonstantinu ilə görüşüb. Görüş zamanı Q.Təhməzli ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi ilə bağlı görülən işlər, həmçinin bu istiqamətdə beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə səfiri məlumatlandırıb. İki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın gücləndirilməsi, o cümlədən qida məhsullarının dövriyyəsinin genişləndirilməsi müzakirə olunub, idxal və ixrac üzrə statistik göstəricilər nəzərdən keçirilib. Sonda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Qax rayonunda qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Şəki-Zaqatala regional bölməsinin fitosanitar müfəttişləri tərəfindən qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib. Tədbirlər zamanı Qax rayonunun Qaradolaq, Qındırğa və Alatəmir kəndlərində sakinlərlə görüşlər keçirilib. Sakinlərə zərərvericinin yayılma xüsusiyyətləri, kənd təsərrüfatı bitkilərinə, xüsusilə meyvə və digər bitkilərə vurduğu zərər, məhsul itkisinə səbəb ola bilən amillər, eləcə də zərərvericiyə qarşı mübarizə üsulları barədə ətraflı məlumat verilib. Bildirilib ki, hazırda havaların soyuması və zərərvericinin mövsümi inkişaf xüsusiyyətləri ilə əlaqədar qışlama yerlərinə doğru kütləvi miqrasiyası müşahidə olunur. Payız-qış dövründə ən səmərəli və təhlükəsiz yanaşmalardan biri zərərvericinin mexaniki üsulla (əl ilə, süpürgə və ya tozsoran vasitəsilə) toplanaraq məhv edilməsidir. Bu tədbirlərin vaxtında və kütləvi şəkildə həyata keçirilməsi növbəti vegetasiya dövründə zərərvericinin sayının və yayılma ehtimalının azaldılmasında mühüm əhəmiyyət daşıyır. Tədbirlərdə kənd sakinlərini maraqlandıran suallar cavablandırılıb, praktiki tövsiyələr verilib, maarifləndirici bukletlər paylanılıb. İctimai yerlərdə isə zərərverici ilə mübarizəyə dair məlumatlandırıcı posterlər yerləşdirilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş