AQTA tərəfindən “COP29 tədbiri zamanı ictimai iaşə obyektlərində sanitar-gigiyenik normalara dair” təlimat hazırlanıb
30 May 2024 09:24
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ölkəmizdə keçirilməsi ilə əlaqədar “COP29 tədbiri zamanı ictimai iaşə obyektlərində sanitar-gigiyenik normalara dair” təlimat hazırlanıb.
Təlimat beynəlxalq tədbir zamanı ictimai iaşə müəssisələrində qida təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə hazırlanıb və metodiki tövsiyə xarakteri daşıyır.
Təlimatda ictimai iaşə obyektlərində qida məhsulları, işçi heyəti, təmizlik və dezinfeksiya işləri, qida tullantılarına dair qanunvericiliyin tələbləri öz əksini tapıb.
COP29-la bağlı Agentlik tərəfindən təsdiqlənmiş Tədbirlər Planına əsasən hazırlanan sözügedən təlimatın ictimai iaşə müəssisələrində paylanılması nəzərdə tutulub. Təlimatla aşağıdakı fayl vasitəsilə tanış ola bilərsiniz:
Oxşar xəbərlər
Qoşqar Təhməzli çay, duz, qənd və şəkər emalı, idxal-ixracı və istehsalı sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edəcək
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli hər həftə Agentliyin inzibati binasında vətəndaşları qəbul edir. Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı sahəsində çalışan şəxslər onları narahat edən məsələlərlə bağlı Agentlik sədri ilə görüşə bilərlər. Bu çərçivədə növbəti qəbul yanvarın 23-ü saat 15:30-da çay, duz, qənd və şəkər emalı, idxal-ixracı və istehsalı sahəsində fəaliyyət göstərən sahibkarlarla keçiriləcək. Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək info@afsa.gov.az elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 50) 515 51 87 nömrəsinə zəng etməklə, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla qəbula yazıla bilərlər.
Şadlıq sarayında saxta alkoqollu içkilər aşkarlandı
Daha bir şadlıq sarayında saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb. Paytaxtın Sabunçu rayonu, Sülh küçəsi, ev 4D ünvanında fəaliyyət göstərən “Bəyaz” şadlıq sarayında yoxlama aparılıb. Fiziki şəxs Zahirova Elnarə Seyidəhməd qızına məxsus müəssisədə yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ tələblərin pozulması faktları müəyyən edilib. Belə ki, qida təhlükəsizliyi reyestrindən çıxarışı olmadan fəaliyyət göstərən müəssisədə aşkar saxtalaşdırma əlamətləri olan 62 ədəd hər biri 700 ml “Organic” əmtəə nişanlı premium araqlarının satışının həyata keçirildiyi məlum olub. Həmin məhsulların üzərində qanunvericiliyə uyğun olaraq tam, dolğun şəkildə markalanma aparılmayıb. Uyğunsuzluq aşkarlanan məhsullardan nümunələr götürülüb. Sınaqların aparılması məqsədi ilə laboratoriyaya təqdim edilib. Faktla bağlı müvafiq tədbirlər görülüb. Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən saxta, istifadəyə yararsız məhsulların satışının qarşısı alınaraq dövriyyədən çıxarılıb. Araşdırmalar davam etdirilir.
Virus aşkarlanan pomidor məhsulu partiyası məhv edilib
Ölkəmizə idxal olunan qida məhsullarına nəzarət tədbirləri zamanı Türkmənistandan gətirilən pomidor məhsulunda virus aşkarlanıb. “Dəmir Yumruq-A” MMC-nin Türkmənistan Respublikasından idxal etdiyi 9000 kq pomidor məhsulu partiyasından nümunələr götürülüb. Laborator müayinə nəticəsində həmin məhsul partiyasında “Pomidor meyvələrinin qonur qırışıqlıq virusu” aşkarlanıb. Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən faktla bağlı qanunvericiliyə uyğun olaraq məhsul partiyası məhv edilib. Agentlik qeyd edir ki, yoxlama zamanı aşkarlanan bu virus yalnız bitki örtüyünə ziyan vurmaqla iqtisadi zərərə səbəb ola bilər.