AQTA təsərrüfatlarda bruselyoz xəstəliyi ilə bağlı monitorinqlər keçirib
19 Avqust 2020 16:29
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları “Azərbaycan Respublikasında 2020-ci il üçün epizootiya əleyhinə profilaktik və diaqnostik Tədbirlər Planı” üzrə ölkənin müxtəlif rayonlarında ümumilikdə 160 südçülük istiqamətli təsərrüfatlarda monitorinqlər keçirib. Bakı şəhəri, Abşeron, Xızı, Gəncə, Samux, Goranboy, Bərdə, Ağcabədi, Şəmkir, Tovuz və Ağstafa rayonlarındakı bəzi təsərrüfatlarda iri və xırdabuynuzlu heyvanlar arasında bruselyoz xəstəliyi aşkarlanıb. Xəstəliyin aşkarlandığı qeyri-sağlam təsərrüfatlarda təlimata uyğun olaraq sağlamlaşdırıcı tədbirlər həyata keçirilib.
Yoxlamaların nəticəsi olaraq emal müəssisələrinə, ticarət şəbəkələrinə və ya süd dəyər zəncirinin digər seqmentlərinə daşınan xam südün ilkin istehsal sahəsindən (fermadan) pasterizasiya olunduqdan sonra çıxarılması, bu məqsədlə təsərrüfatların gündəlik istehsal gücünə uyğun pasterizasiya qurğusu ilə təmin edilməsi, süd və süd məhsullarının (pendir, qatıq, kəsmik və s.) kustar üsullarla qablaşdırılaraq pərakəndə şəkildə satışının qarşısının alınması istiqamətində inzibati və maarifləndirici tədbirlərin, damazlıq və yetişdirilmə məqsədilə satılan heyvanların satışına ancaq karantində saxlanılaraq bruselyoza görə laboratoriya müayinəsi aparıldıqdan sonra həyata keçirilməsi tapşırılıb.
Hazırda ölkəmizdə, bruselyoz xəstəliyinə qarşı aparılan nəzarət tədbirləri çərçivəsində beynəlxalq qurumlar tərəfindən qəbul olunmuş prinsiplərə uyğun olaraq hər il respublika ərazisində xəstəliyin yayılmasının müəyyən olunması üçün seromonitorinqlər keçirilir, iri və xırdabuynuzlu heyvanlar arasında Ümumdünya Heyvan Sağlamlı Təşkilatının (OIE) təlimatlarına uyğun peyvəndləmələr aparılır. Aparılan bütün peyvəndləmə tədbirləri təlim keçmiş baytar həkimlər tərəfindən təlimata uyğun olaraq soyuq zəncir prinsipi gözlənilməklə həyata keçirilir.
Oxşar xəbərlər
Ağdam, Xocavənd və Xocalı rayonlarında fitosanitar monitorinqlər keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ regional bölməsinin əməkdaşları tərəfindən Ağdamın Şıxbabalı, Muğanlı, Xaçındərbətli, Qızılı Kəngərli, Xıdırlı, Şelli, Gülablı kəndlərində, Xocavəndin Tuğ qəsəbəsi və Şexer kəndində, Xocalının Əsgəran qəsəbəsində yerləşən nar və üzüm bağlarında monitorinqlər keçirilib. Karantin tətbiq edilən zərərli orqanizmlərin vaxtında aşkar olunması və yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən monitorinqlər zamanı fitosanitar müşahidələr aparılıb, sirayətlənmə əlamətləri olan bitkilərdən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Bununla yanaşı, sahibkarlar meyvə bağlarında rast gəlinən təhlükəli zərərvericilər və xəstəliklər barədə məlumatlandırılıb. İxrac potensialının artırılması üçün profilaktik fitosanitar tədbirlərin görülməsi, istehsal sahələrində bitki sağlamlığının izlənilməsinin təmin edilməsi, bitki mühafizə vasitələrinin tətbiqi zamanı qanunvericiliyin tələblərinə və təhlükəsizlik qaydalarına, aqrotexniki qaydalara riayət olunması barədə müvafiq tövsiyələr verilib və maarifləndirici söhbətlər aparılıb.
Fındıq istehsalçıları və ixracatçıları ilə görüş keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fındıq istehsalçıları və ixracatçılarının iştirakı ilə onlayn görüş keçirib. Görüşdə fındıq bağlarında zərərli orqanizmlərin, xüsusilə qəhvəyi mərmər bağacığının (Halyomorpha halys) yayılmasının qarşısının alınması, mütəmadi monitorinqlərin aparılması və kompleks mübarizə tədbirlərinin tətbiqi müzakirə olunub. Həmçinin bitki mühafizə vasitələrindən düzgün istifadə, pestisid qalıqlarına dair normalar və ixrac ölkələrinin fitosanitar tələbləri barədə məlumat verilib. İstehsalçı və ixracatçıların qarşılaşdıqları problemlər dinlənilib, onların həlli yolları və müvafiq tədbirlərin görülməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Qax rayonunda qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Şəki-Zaqatala regional bölməsinin fitosanitar müfəttişləri tərəfindən qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib. Tədbirlər zamanı Qax rayonunun Qaradolaq, Qındırğa və Alatəmir kəndlərində sakinlərlə görüşlər keçirilib. Sakinlərə zərərvericinin yayılma xüsusiyyətləri, kənd təsərrüfatı bitkilərinə, xüsusilə meyvə və digər bitkilərə vurduğu zərər, məhsul itkisinə səbəb ola bilən amillər, eləcə də zərərvericiyə qarşı mübarizə üsulları barədə ətraflı məlumat verilib. Bildirilib ki, hazırda havaların soyuması və zərərvericinin mövsümi inkişaf xüsusiyyətləri ilə əlaqədar qışlama yerlərinə doğru kütləvi miqrasiyası müşahidə olunur. Payız-qış dövründə ən səmərəli və təhlükəsiz yanaşmalardan biri zərərvericinin mexaniki üsulla (əl ilə, süpürgə və ya tozsoran vasitəsilə) toplanaraq məhv edilməsidir. Bu tədbirlərin vaxtında və kütləvi şəkildə həyata keçirilməsi növbəti vegetasiya dövründə zərərvericinin sayının və yayılma ehtimalının azaldılmasında mühüm əhəmiyyət daşıyır. Tədbirlərdə kənd sakinlərini maraqlandıran suallar cavablandırılıb, praktiki tövsiyələr verilib, maarifləndirici bukletlər paylanılıb. İctimai yerlərdə isə zərərverici ilə mübarizəyə dair məlumatlandırıcı posterlər yerləşdirilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş