AQTA ticarət və ictimai iaşə müəssisələrində monitorinqləri davam etdirir
31 Yanvar 2023 11:49
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirləri davam etdirir.
Nəzarət tədbirləri çərçivəsində satış şəbəkələrində məhsulların qida təhlükəsizliyi sahəsində tələblərə uyğunluğunun müəyyən edilməsi məqsədilə 2022-ci il 1 noyabr – 2023-cü il 19 yanvar tarixlərində, ümumilikdə 1584 ticarət və 662 ictimai iaşə müəssisəsində monitorinq həyata keçirilib. Monitorinq zamanı 61 ticarət və 20 ictimai iaşə müəssisəsində mənşəyi məlum olmayan, minimum keyfiyyət və təhlükəsizlik göstəricilərini təsdiq edən müşayiətedici sənədləri olmayan 468.86 kq qatıq, 39 litr süd, 170.115 kq pendir, 7 kq şor, 1 kq süzmə, 1006 kq müxtəlif növ turşu, 226.5 kq müxtəlif növ mürəbbə, 40.3 kq üzüm tənəyi, 24 kq yağ, 14 litr nar şirəsi, 20 kq düşbərə, 3.85 kq marinə edilmiş mal əti, 10 kq şirniyyat, 4 litr şərab, 2 litr kompot, 5 ticarət müəssisəsində isə əsas qablaşdırmanın üzərində etiketlənmə təmin olunsa da, satış vitrinində çəki ilə satılan məhsulların üzərində istehsal, son istifadə tarixi və s. məlumatları olmayan 67.4 kq pendir məhsulu aşkarlanıb. Aşkar edilmiş faktlarla bağlı qanunvericiliyə uyğun olaraq həmin məhsullar satışdan kənarlaşdırılaraq müəssisə rəhbərlərinə icrası məcburi göstərişlər verilib.
Qeyd edək ki, naməlum şəraitdə, sanitariya-gigiyena norma və qaydalarına riayət etmədən qidaların hazırlanması insanların sağlamlığı üçün ciddi təhlükə mənbəyidir. “Qida təhlükəsizliyi haqqında” Qanuna əsasən, istehsal və emal zamanı qida məhsullarının təhlükəsizliyi sahəsində müəyyən edilmiş tələblərə cavab verən qida xammalından, ilkin istehsal məhsullarından, inqrediyentlərdən və qeydiyyatdan keçmiş qida və yem əlavələrindən istifadə olunmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydalar”ının 4.6-cı bəndinə əsasən, keyfiyyətini və təhlükəsizliyini təsdiq edən sənədləri olmayan və texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən malların satışı qadağandır.
Qanunvericiliyin bu tələbləri sahibkarlıq fəaliyyəti ilə məşğul olan bütün subyektlər, o cümlədən kiçik və mikro sahibkarlar üçün məcburidir. İstehsal və ya emal olunan qida məhsullarının qanunvericiliyin tələblərinə uyğunlaşdırılması təmin edilməlidir. Bununla əlaqədar ticarət şəbəkələrinin rəhbərlərinə müvafiq qanunvericiliyə uyğun olaraq, satışa yalnız sənaye üsulu ilə, qida təhlükəsizliyi qeydiyyatından keçmiş müəssisələrdə hazırlanmış və müvafiq müşayiətedici sənədləri olan qida məhsullarının çıxarılması barədə xəbərdarlıq məktubları ünvanlanıb.
AQTA istehlakçıları bir daha ölkədə qida təhlükəsizliyi qeydiyyatından keçməyən müəssisələr tərəfindən istehsal olunan və qida təhlükəsizliyi sertifikatı olmadan idxal edilən məhsulları əldə etməməyə, habelə məhsulun etiketində qanunvericiliklə nəzərdə tutulmuş məlumatların, xüsusilə də məhsulun adı və tərkibi, istehsal və son istifadə tarixi, istehsalçı müəssisənin adının qeyd olunmasına diqqət yetirməyə çağırır. Bu istiqamətdə qarşılaşdıqları neqativ hallarla bağlı “1003-Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur.
Oxşar xəbərlər

Saxta süd məhsullarının sosial media səhifəsində satışa çıxarıldığı müəyyən edilib
Sosial media platformasında satışı həyata keçirilən qaymağın keyfiyyətinin aşağı olması ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə daxil olan müraciət əsasında Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi, “Salty Park” yaşayış kompleksi, giriş 1, ev 295 ünvanında yoxlama keçirilib. Baxış zamanı fiziki şəxs Nəzərova Könül Sabir qızının istehsalçı müəssisələrdən tərkibində quru süd və süd yağı əvəzedicisi olan müxtəlif növ süd məhsullarını (qaymaq, pendir və s.) alıb etiketini çıxararaq, “təbii süd məhsulu” adı altında, müşayiətedici sənədləri olmadan “TikTok” və “İnstagram” sosial media səhifələrində satışını həyata keçirdiyi aşkarlanıb. Eyni zamanda süd məhsullarının temperatur rejimi gözlənilmədən, soyuducu avadanlıqla təmin edilməyən minik avtomobili vasitəsilə müştərilərə çatdırıldığı müəyyən edilib. Faktla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb, qanunsuz fəaliyyətin qarşısı alınıb. Qeyd edək ki, saxta məhsulların satışı istehlakçıların hüquqlarının pozulmasıdır. Saxlama şəraitinə riayət olunmadan məhsulların satışı isə mikrobioloji çirklənməyə səbəb ola bilər ki, bu da insan sağlamlığı üçün təhlükəli hesab olunur. Vətəndaşlar qida təhlükəsizliyi sahəsində istehlakçı hüquqlarının pozulması və qanunazidd hallarla rastlaşdıqda, bu barədə konkret faktlarla Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat verə bilərlər. Müraciət daxil olduqdan dərhal sonra araşdırmalara başlanılacaq və qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcəkdir.

Bərdədə heyvan satışı bazarında ciddi nöqsanlar müəyyən edilib
Bərdə rayonu, Alpoud kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus heyvan satışı bazarında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı plandankənar yoxlama aparılıb. Baxış zamanı bazarda satışa çıxarılan müxtəlif çeşiddə ət məhsullarının və unlu qənnadı məmulatlarının temperatur rejiminə əməl edilmədən və birbaşa günəş şüaları altında saxlandığı, əl yuma çanaqlarının mövcud olmadığı, qida məhsulları ilə təmasda olan səthlərin korroziyaya uğradığı və natəmiz olduğu, qida məhsulları üçün ayrıca yuma sahəsinin təşkil edilmədiyi, işçi heyətin gigiyena qaydalarına riayət etmədiyi və xüsusi geyimlə təmin olunmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi aşkarlanıb. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

Sabirabadda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb
Sabirabad rayonu, Qaragüney kəndində fəaliyyət göstərən Bayramov İlqar Musa oğluna məxsus ”Dərələyəz” kafesində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları yoxlama keçirib. Baxış zamanı kafedə sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu, qida məhsullarının saxlanması zamanı temperatur rejiminə əməl olunmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi, işçinin tibbi müayinədən keçmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı kafenin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.