AQTA və Gürcüstanın Milli Qida Agentliyi arasında zərərvericiyə qarşı birgə mübarizə tədbirləri müzakirə edilib
20 Aprel 2026 15:46
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Gürcüstanın Milli Qida Agentliyi arasında Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirlərinə həsr olunmuş görüş keçirilib.
Görüş zamanı region üçün iqtisadi əhəmiyyət daşıyan bu invaziv zərərvericiyə qarşı mübarizə sahəsində mövcud vəziyyət və qarşıda duran məsələlər müzakirə olunub. Tərəflər zərərvericinin yayılmasının qarşısının alınması və effektiv idarə olunması məqsədilə birgə fəaliyyətin gücləndirilməsinin vacibliyini vurğulayıb, bu istiqamətdə əməkdaşlıq barədə razılığa gəliblər.
Əməkdaşlıq çərçivəsində operativ idarəetmə mexanizminin formalaşdırılması üçün hər iki ölkənin aidiyyəti qurumlarının nümayəndələrindən ibarət birgə işçi qrupun yaradılması planlaşdırılır. Sözügedən qrup qərarların koordinasiyasını, məlumat mübadiləsini və tədbirlərin planlaşdırılmasını təmin edəcək, eyni zamanda regional əməkdaşlıq strategiyasının hazırlanması üzərində çalışacaq.
Bununla yanaşı, zərərvericinin yayılmasının izlənilməsi məqsədilə sərhədyanı ərazilərdə ikitərəfli razılaşdırılmış monitorinq və mübarizə tədbirləri üzrə məlumat mübadiləsinin aparılması nəzərdə tutulur. Zərərvericinin intensiv miqrasiya dövrlərində bu ərazilərdə paralel və koordinasiyalı mübarizə tədbirlərinin həyata keçirilməsi barədə razılıq əldə olunub. Bu məqsədlə ortaq mübarizə təqviminin hazırlanması planlaşdırılır ki, bu da resurslardan daha səmərəli istifadəni təmin edəcək. Məlumatların sistemli şəkildə toplanması erkən müdaxilə imkanı yaradacaq, nəticədə pestisid istifadəsinin və ümumi xərclərin azalmasına müsbət təsir göstərəcək.
Görüşdə bioloji mübarizə sahəsində təcrübə mübadiləsi də aparılıb. Qeyd olunub ki, bu yanaşma kimyəvi vasitələrin istifadəsinin azaldılmasına və ekosistemə mənfi təsirlərin minimuma endirilməsinə xidmət edir. Transsərhəd zərərvericilərlə mübarizədə regional əməkdaşlığın gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir və bu istiqamətdə birgə fəaliyyət gələcəkdə də davam etdiriləcəkdir.
Oxşar xəbərlər
Məktəbli uşaq üçün sağlam qida seçimi necə olmalıdır?
Məktəb dövrü uşağın həm fiziki, həm də zehni inkişafının ən aktiv mərhələsidir. Günün böyük hissəsini məktəbdə keçirən uşağın diqqətini cəmləməsi, dərsdə fəal olması və tez yorulmaması birbaşa onun nə ilə qidalanmasından asılıdır. Ağ çörək əvəzinə tam taxıllı və ya çovdar çörəyindən hazırlanmış sendviçlər, lavaş ruletləri kimi seçimlər uşağın qan şəkərini stabil saxlayır və dərsdə diqqətini yayındırmır. Zülal uşağa uzunmüddətli enerji verir və tez acmasının qarşısını alır. Ona görə, qaynadılmış yumurta, qızardılmamış toyuq və ya hinduşka əti, ev üsulu pendir dilimləri və ya kəsmik sağlam seçimlər ola bilər. Dilimlənmiş pomidor, xiyar, kök, alma, banan və ya giləmeyvələri isə uşağın rahat yeyə biləcəyi ölçüdə doğramaq vacibdir. Bir ovuc qovrulmamış qoz, fındıq, badam və ya xurma, ərik kimi qurudulmuş meyvələr Omeqa-3 və mineral baxımından zəngindir, beynin fəaliyyətini stimullaşdırır. Yemək çantasını uşaq üçün vizual olaraq cəlbedici edin. Rəngarəng tərəvəzlər, maraqlı bölməli lançbokslar uşaqda ev yeməyinə həvəs yaradır. Çantaya mütləq kiçik bir şüşədə sadə su qoyun. Unutmayaq ki, sağlam qidalanan uşaq — daha diqqətli, daha enerjili və daha uğurlu şagird deməkdir.
Təhlükəli arıqlama məhsulları aşkarlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sosial şəbəkələr vasitəsilə onlayn satışı həyata keçirilən, arıqlama məqsədilə istifadə edildiyi iddia olunan müxtəlif növ çay, kofe, bioloji aktiv qida məhsulları, idman qidaları və digər məhsullarla bağlı monitorinqləri davam etdirir. Monitorinq tədbirləri çərçivəsində “slimming.body.azerbaijan”, “korol_baku” adlı “Instagram”, həmçinin “fit_yasam_soutfit” adlı “TikTok” hesabları vasitəsilə satışı həyata keçirilən müxtəlif məhsullarla bağlı araşdırmalar aparılıb. Laborator müayinələr nəticəsində hər üç məhsulun tərkibində istifadəsinə yol verilməyən təhlükəli maddə - sibutramin maddəsi aşkarlanıb. Qeyd edək ki, sibutramin qida komponenti deyil, mərkəzi sinir sisteminə təsir göstərərək iştahanı azaldan sintetik dərman maddəsidir. Ciddi sağlamlıq riskləri nəzərə alınaraq, sibutraminin istifadəsi dünyanın bir sıra ölkələrində, o cümlədən Azərbaycanda qadağan edilib. Məlumat üçün bildirək ki, sibutraminin istifadəsi arterial təzyiqin yüksəlməsi, ürək ritminin pozulması, taxikardiya, infarkt, insult və digər ağır ürək-damar fəsadlarının yaranmasına səbəb ola bilər. Araşdırma zamanı “Slimming Body Max Hunger Buster”, “Korol Poxudeniya” və “Sout Fit Extra” adlı məhsulların idxal sağlamlıq aktlarının olmadığı, qeydiyyata alınmadığı və ölkəyə qanunsuz yolla gətirildiyi müəyyən edilib. Qeyd edək ki, sözügedən məhsulların satışını həyata keçirən hər üç sosial şəbəkə hesabı geniş izləyici auditoriyasına malikdir, eləcə də həmin məhsullar sosial media platformalarında tanınmış şəxslər tərəfindən reklam edilir. AQTA bir daha bildirir ki, sosial şəbəkələrdə məhsulun geniş auditoriyaya təqdim olunması və ya tanınmış şəxslər tərəfindən reklam edilməsi onun təhlükəsizliyinə və qanunvericiliyin tələblərinə uyğunluğuna zəmanət vermir. İstehlakçıların sağlamlığı üçün potensial təhlükə yaradan, qanunvericiliyin tələblərinə cavab verməyən və tərkibində istifadəsinə yol verilməyən maddələr aşkarlanan məhsulların satışının və reklamının təşviqi yolverilməzdir. AQTA bu istiqamətdə sosial şəbəkələrdə monitorinqləri davam etdirir. Link
Dövlət Proqramı qida təhlükəsizliyi üzrə kadr hazırlığını gücləndirəcək
Ölkə başçısının Sərəncamı ilə təsdiq olunmuş 2027–2032-ci illər üçün Dövlət Proqramında qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahələrində ali təhsil üzrə kadr hazırlığının müasir tələblərə uyğunlaşdırılması nəzərdə tutulur. Mövcud tədris proqramlarının təkmilləşdirilməsi və yeni fənn proqramlarının hazırlanaraq tədrisə başlanması planlaşdırılır. Məktəblərdə isə sağlam qidalanma və zoonoz xəstəliklərlə bağlı məlumatların dərsliklərə daxil edilməsi nəzərdə tutulur. Bununla şagirdlərin qida təhlükəsizliyi və sağlam qidalanma barədə məlumatlılığının artırılması hədəflənir.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş