AQTA və MEDİA jurnalistlər üçün təlim keçirir
8 Sentyabr 2023 14:19
Bu gün Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı və Medianın İnkişafı Agentliyinin (MEDİA) dəstəyi ilə media subyektlərinin nümayəndələri üçün təlim keçirilir. “Qida zəncirinin əsas mərhələlərindən biri olan qida məhsullarının daşınması xidmətinin tənzimlənməsi və bu sahədə ictimai nəzarətin rolu” mövzusunda təşkil olunan təlimdə 30-a yaxın jurnalist iştirak edir.
AQTA-nın fəaliyyətə başladığı dövrdən etibarən qida zəncirinin bütün mərhələləri üzrə əsas istiqamət kimi apardığı maarifləndirmə xəttinin davamı olaraq, növbəti təlim qida məhsullarının daşınması və çatdırılması xidmətlərinin tənzimlənməsi və bu sahədə ictimai nəzarətin rolu barədə jurnalistlərin peşəkarlığının, bu sahədə biliklərinin artırılması və ictimai nəzarətin gücləndirilməsi məqsədi ilə baş tutur.
Təlim qida məhsullarının daşınmasının müvafiq tələblərə uyğun həyata keçirilməsi, bu zaman sanitar-gigiyenik qaydalara, xüsusi temperatur rejiminə, mal qonşuluğu, eləcə də soyuq və isti zəncir prinsiplərinə əməl olunması və burada ictimai nəzarətin əhəmiyyətinə həsr olunur.
Təlimin açılışında AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri Mansur Piriyev Agentlik tərəfindən qida zəncirinin bütün mərhələləri, o cümlədən də daşınma, çatdırılma xidmətləri ilə bağlı mütəmadi olaraq maarifləndirici tədbirlərin keçirildiyini bildirib. M.Piriyev bu istiqamətdə ictimai nəzarətin təmin olunmasında media nümayəndələrinin rolunun xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
MEDİA-nın Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli isə media nümayəndələrinin peşəkarlığının yüksəldilməsi və sahəvi jurnalistika təlimlərinin keçirilməsinin vacibliyini diqqətə çatdırıb, AQTA tərəfindən növbəti belə tədbirin təşkil edilməsinin təqdirəlayiq hal olduğunu vurğulayıb.
Təlimdə AQTA-nın Aparat rəhbəri Elxan Mikayılovun “Qida zəncirinin mühüm mərhələlərindən biri olan qida məhsullarının daşınması və çatdırılması zamanı əməl edilməsi vacib qaydalar, qanunvericilik və Agentlik tərəfindən həyata keçirilən tənzimləmə işləri”, Qeydiyyat və reyestrlərin aparılması şöbəsinin müdiri Əkbər Əliyevin “Qida sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatı, qeydiyyatın əhəmiyyəti və sahibkarlar üçün yaratdığı imkanlar”, Qida zəncirinə nəzarət şöbəsinin müdiri Elşad Cəbrayılovun “Daşınma və çatdırılma zamanı aşkarlanan uyğunsuzluqlar və Agentlik tərəfindən həyata keçirilən nəzarət tədbirləri”, İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri Mansur Piriyevin “Qida məhsullarının daşınması sahəsində fəaliyyətin qanunvericiliyə uyğun tənzimlənməsində ictimai nəzarətin rolu” mövzusunda təqdimatlarla çıxış etməsi nəzərdə tutulur.
Təlimin sonunda AQTA və MEDİA-nın rəhbərliyi tərəfindən təlimdə iştirak edən jurnalistlərə müvafiq sertifikatlar təqdim olunacaq.
Oxşar xəbərlər
“Demetria” MMC-yə məxsus istixana təsərrüfatında sağlamlaşdırma tədbirləri keçirilib
Karantin tətbiq edilən zərərli orqanizmlərin vaxtında aşkarlanması, yayılmasının qarşısının alınması və bitkiçilik məhsullarının fitosanitar təhlükəsizliyinin təmin edilməsi istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi nəzarət tədbirlərini davam etdirir. Agentliyin Dağlıq Şirvan regional bölməsinin əməkdaşları “Demetria” MMC-yə məxsus istixana təsərrüfatına baxış keçiriblər. İxracı nəzərdə tutulan məhsullardan götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində qonur qırışıqlıq virusu aşkarlanıb. Virusun yayılmasının qarşısını almaq məqsədilə təsərrüfatda sağlamlaşdırma işləri aparılıb, müvafiq sanitariya və dezinfeksiya tədbirləri görülüb.
“By Fateh Gənclik” restoranının fəaliyyəti məhdudlaşdırılıb - VİDEO
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 118A ünvanında yerləşən, fiziki şəxs Mehdiyev Bəhram Müşfiq oğluna məxsus “By Fateh Gənclik” restoranında plandankənar nəzarət tədbiri aparılıb. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadan qanunsuz və antisanitar şəraitdə fəaliyyət göstərdiyi, mətbəxdə texnoloji ardıcıllığa riayət edilmədiyi, istehlaka təqdim edilən ətlərin müvafiq icazə sənədlərinin olmadığı, işçilərin ilkin və dövri tibbi müayinədən keçirilmədən fəaliyyət göstərdiyi və digər nöqsanlar aşkarlanıb. Bundan əlavə, yararlılıq müddəti ötmüş alkoqolsuz içki və qida məhsulları da aşkar edilib. Qeyd olunan uyğunsuzluqlarla əlaqədar obyektin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb və sahibkar barəsində inzibati protokol tərtib edilib. Əlavə olaraq, laborator müayinələrin aparılması məqsədilə ət məhsullarından nümunələr götürülüb. Link:
İstifadəyə yararsız pestisidlər dövriyyədən çıxarılıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Şirvan-Salyan regional bölməsinin əməkdaşları Salyan rayonu, Qarabağlı kəndində fəaliyyət göstərən, fiziki şəxs Baloğlanov Asif Balasəf oğluna məxsus bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin satışı mağazasında nəzarət tədbiri keçirib. Ticarət obyektində istehsal və son istifadə müddəti qeyd olunmayan, qeydiyyata alınmayan, istifadəsi qadağan olunmuş və müddəti bitmiş məhsullar aşkarlanıb. Həmçinin obyektdə sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulduğu müəyyən edilib. Faktla bağlı inzibati protokol tərtib olunub, icrası məcburi göstərişlər verilib, istifadəyə yararsız “Lamd-il-T 5 EC”, “Lambd-il-T 5 EC” və “Alfatoks 100 EC” əmtəə nişanlı insektisid, “Fundazol Plus 50%”, “Alfostar 80% WP” və “Thiram Forte 80% WP” əmtəə nişanlı fungisid məhsullarının dövriyyədən çıxarılmasına dair qərar qəbul edilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş