AQTA Xaçmazda qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə regional müşavirə keçirib
16 Dekabr 2019 10:05
AQTA Xaçmazda qida sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirib. Tədbirdə AQTA-nın sədr müavini Balarəhim Quliyev əhalinin təhlükəsiz qida məhsulları ilə təmin olunması istiqamətində son illər həyata keçirilən tədbirlər haqqında iştirakçıları məlumatlandırıb. Qida sənayesi sektorunda müasir standartların tətbiqindən danışan B.Quliyev idxal-ixrac əməliyyatları zamanı qida məhsullarının təhlükəsizliyinin təmin olunmasına nəzarət imkanlarının genişləndiyini vurğulayıb. O bildirib ki, həyata keçirilən islahatlar Azərbaycanın kənd təsərrüfatı və qida sənayesi sektorları üzrə ixracatın inkişafına töhfə verməklə yanaşı, daxili və beynəlxalq bazarlarda istehlakçıların ehtiyaclarına cavab verən yüksək keyfiyyətli və təhlükəsiz məhsulların istehsalına köməklik göstərir.
Regional bölmənin inzibati ərazisinə daxil olan digər rayonların icra hakimiyyətinin nümayəndələrinin də iştirak etdiyi tədbirdə sahibkarları maraqlandıran məsələlər müzakirə olunub. Tədbir iştirakçıları idxal-ixrac əməliyyatları zamanı fitosanitar müşahidələrin aparılması ilə yerində tanış olublar.
Daha sonra tədbir iştirakçıları Xaçmaz rayonunda fəaliyyət göstərən, müasir tələblərə cavab verən kəsim məntəqəsinin fəaliyyəti ilə tanış olub. Eyni zamanda rayonda heyvandarlıq və bitkiçilik sahəsində fəaliyyət göstərən sahibkarlarla görüşüblər.
Görüşdə Xaçmaz,Quba,Qusar,Siyəzən, Şabran və Xızı rayonundan olan fermerlər, heyvandarlıq və bitkiçilik məhsullarının istehsalı və emalı ilə məşğul olan sahibkarlar, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Görüşdə heyvan sağlamlığı sahəsinə nəzarət sisteminin formalaşdırılması, heyvan kəsiminin tənzimlənməsi, bitkiçilik məhsulların zərərli orqanizmlərinə qarşı mübarizə tədbirlərinin aparılmasının vacibliyi diqqətə çatdırılıb. Zərərli orqanizmlərə qarşı istifadə olunan kimyəvi maddələrin ən son həddə istifadə olunması və bu zaman norma və qaydalara riayət olunması tövsiyə edilib. Həmçinin aqrokimyəvi maddələr və digər bitki mühafizə vasitələrinin tətbiqi və istifadəsi zamanı təhlükəsizlik, şəxsi gigiyena qaydalarına əməl edilməsi diqqətə çatdırılıb. Görüdə heyvan sağlamlığı və dövlət baytarlıq nəzarəti sahəsində münasibətlərdə şəffaflığın və operativliyin təmin edilməsi mövzusunda fikir mübadiləsi aparılıb, eləcə də sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Oxşar xəbərlər
Fermer üçün yeni mərhələ: heyvanın identikləşdirilməsindən məhsulun izlənilməsinədək
Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı çərçivəsində heyvanların identikləşdirilməsi sisteminin təkmilləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur. Dövlət Proqramının tədbirlər planının 8.5.3-cü bəndinə əsasən həyata keçiriləcək tədbirlər ilk növbədə heyvan sahiblərinin təsərrüfatlarında heyvanların uçotunun və hərəkətinin daha dəqiq izlənilməsinə imkan yaradacaq. Bu isə fermer üçün təsərrüfatındakı heyvanlarla bağlı məlumatların daha sistemli şəkildə aparılması deməkdir. Heyvanın identikləşdirilməsi onun hansı təsərrüfata məxsus olduğunu, hərəkətini və baytarlıq məlumatlarını izləməyə imkan verəcək. Nəticədə xəstəliklərin aşkarlandığı hallarda risk altında olan heyvanların və təsərrüfatların daha sürətli müəyyənləşdirilməsi, müvafiq baytarlıq tədbirlərinin vaxtında həyata keçirilməsi mümkün olacaq. Sistem fermer üçün heyvanların sağlamlıq vəziyyətinə nəzarətin gücləndirilməsinə də şərait yaradacaq. Xəstəliklərin yayılmasının qarşısının daha effektiv alınması təsərrüfatların qorunmasına, heyvan itkilərinin və bununla bağlı iqtisadi zərərlərin azaldılmasına xidmət edəcək. Heyvanların identikləşdirilməsi eyni zamanda heyvan mənşəli məhsulların izlənəbilənliyinin təmin olunmasında mühüm rol oynayacaq. Beləliklə, məhsulun hansı təsərrüfatdan əldə edildiyi barədə məlumatların müəyyənləşdirilməsi qida təhlükəsizliyi zəncirində nəzarətin gücləndirilməsinə imkan verəcək. Dövlət Proqramının icrası çərçivəsində heyvan sahiblərinin identikləşdirmə prosesi barədə məlumatlandırılması və bu istiqamətdə maarifləndirmə tədbirlərinin davam etdirilməsi də nəzərdə tutulur. Beləliklə, identikləşdirmə sistemi fermer üçün yalnız heyvanların qeydiyyata alınması deyil, həm də təsərrüfata nəzarətin gücləndirilməsi, heyvan sağlamlığının qorunması, risklərin vaxtında müəyyənləşdirilməsi və istehsal olunan məhsulların izlənəbilənliyinin təmin edilməsi baxımından əhəmiyyət daşıyır. Bu yanaşma fermer üçün heyvanın qeydiyyatından başlayaraq onun sağlamlıq vəziyyətinin izlənilməsinə, daha sonra isə heyvan mənşəli məhsulların hərəkətinin izlənilməsi imkanlarının genişləndirilməsinə şərait yaradacaq.
Heyvan bazarlarında yeni mərhələ: müasir infrastruktur və gücləndirilmiş baytarlıq nəzarəti
Ölkə üzrə heyvan bazarlarında ötən ildən başlanan yenidənqurma işlərinin əsas hissəsi artıq yekunlaşıb. Yenilənmiş bazarlarda müasir baytarlıq-sanitariya tələblərinin tətbiqi, heyvanların identifikasiyası və hərəkətinin izlənilməsi üçün zəruri infrastruktur yaradılıb. 1 il ərzində ümumilikdə ölkə üzrə 22 heyvan bazarı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Kollegiyasının Qərarı ilə təsdiq edilmiş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun yenidən qurularaq istifadəyə verilib. Yenidənqurma işləri zamanı əvvəlki bazarlarda mövcud olan baytarlıq-sanitariya və sanitar-gigiyenik tələblərə əməl olunması ilə bağlı çatışmazlıqların aradan qaldırılmasına xüsusi diqqət yetirilib. Bu istiqamətdə sahibkarlıq subyektləri ilə AQTA-nın birgə fəaliyyəti nəticəsində böyük bir layihə qısa zaman kəsiyində icra edilib. Müasir heyvan bazarlarında heyvanların baytar nəzarətində qəbulu, identifikasiyası və hərəkətinin izlənilməsi həyata keçirilir. Bu tədbirlər heyvan xəstəliklərinin vaxtında aşkarlanmasına, onların yayılma riskinin azaldılmasına və ümumi epizootoloji təhlükəsizliyin təmin edilməsinə imkan yaradır. Beləliklə, yenilənmiş və yeni inşa edilən heyvan bazarları yalnız alqı-satqı məkanı deyil, həmçinin heyvan sağlamlığının qorunması, baytarlıq nəzarətinin və sanitariya tələblərinin təmin edildiyi müasir infrastruktur kimi fəaliyyət göstərir. Daha ətraflı:
Daşkəsəndə heyvanların identifikasiyası ilə bağlı maarifləndirici tədbir keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Gəncə-Daşkəsən regional bölməsi və Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə heyvanların identifikasiyası işlərinin təşkilinə həsr olunmuş maarifləndirici görüş keçirilib. Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzinin, rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin nümayəndələrinin, həmçinin rayon ərazisində fəaliyyət göstərən heyvandarlıq təsərrüfatı sahiblərinin iştirak etdikləri görüşdə heyvanların identifikasiyasının əhəmiyyəti barədə ətraflı məlumat verilib. Tədbirdə bildirilib ki, heyvanların fərdi identifikasiyası baytarlıq tədbirlərinin daha dəqiq və səmərəli həyata keçirilməsinə, xəstəliklərin vaxtında aşkarlanmasına və onların yayılmasının qarşısının alınmasına mühüm töhfə verir. Eyni zamanda, diqqətə çatdırılıb ki, identifikasiya prosesi Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) vasitəsilə icra olunur. Sistem vasitəsilə heyvanların qeydiyyatı və onlar barədə məlumatların elektron uçotunun aparılması təmin olunur.
Giriş