AQTA yanında İctimai Şurada təmsil olunmaq üçün müraciət edən 12 şəxsin hər biri namizəd kimi qeydə alınıb
15 Mart 2023 17:04
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yanında yaradılacaq İctimai Şuranın fəaliyyətində iştirak etmək istəyən namizədlərin müraciət müddəti artıq başa çatıb. Təqdim olunan sənədlər İctimai Şuranın Seçki komissiyası tərəfindən baxılıb və İctimai Şurada təmsil olunmaq üçün müraciət edən hər bir şəxsin müraciəti müsbət qiymətləndirilib. Beləliklə müraciət edən 12 şəxsin hər biri namizəd kimi qeydə alınıb.
Namizədliyi qeydə alınmış 12 şəxsdən 9-u vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri tərəfindən gizli səsvermə yolu ilə seçiləcək. Vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri fəaliyyət göstərəcək İctimai Şuranın üzvlərinin say həddinə uyğun və ya bundan az sayda namizədə səs verə bilərlər.
İctimai Şuranın tərkibini müəyyən etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş “İctimai Şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin 3.2-ci maddəsinə əsasən səsvermə prosesində təmsilçilərinin iştirak etməsini istəyən vətəndaş cəmiyyəti institutları səsvermədə iştirak edəcək şəxslər barədə zəruri məlumatları (adı, soyadı, atasının adı, təvəllüdü, yaşayış yeri, əlaqə vasitəsi) cari ilin 15 mart tarixindən etibarən 10 iş günü ərzində seçki komissiyasına (e-mail: shura@afsa.gov.az, əlaqə: (+994 12) 565-12-72 (daxili 209) ) təqdim etməlidirlər. Qeydiyyatdan keçmiş vətəndaş cəmiyyəti institutu nümayəndələri şəxsiyyəti təsdiq edən sənədin əsli və ya surəti ilə 2023-cü il 12 aprel tarixində saat 10:00-da Agentlik Aparatının inzibati binasında keçiriləcək AQTA yanında İctimai Şuranın seçkilərində iştirak edə bilərlər.
Rəy və təkliflər üçün Agentliyin yuxarıda qeyd edilən nömrələrinə müraciət edə bilərsiniz.
Namizədliyi qeydə alınmış şəxslər:
1. Aytac Zülfüqarlı – “Qadın və Uşaqların İnnovativ Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təsisçisi
2. Amin Məmmədov - Azərbaycan Milli QHT Forumunun (MQF) Beynəlxalq Əlaqələr Mərkəzinin rəhbəri
3. Samir Eyyubov - "Azərbaycan Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları Assosiasiyası”nın İdarə Heyətinin sədri
4. Fərhad Qaraşov - “Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri
5. Nazim Səfərov - “Azərbaycan Heyvandarlıq Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri
6. Əbdülhüseyn Abdullayev - “Azərbaycan Gübrə İstehsalçıları və İdxalatçıları Assosiasiyası” İctimai Birliyinin sədri
7. Bəşir Quliyev - “Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası”nın İdarə Heyətinin sədri
8. Pərvin Abbasov - Jurnalist, “Report” İnformasiya Agentliyinin baş redaktorunun müavini
9. İlqar Şamilov - "Qidalanma və Sağlamlıq" İctimaiBirliyinin sədri
10. Tariyel Eyvazov - “Qarabağ Müharibəsi, əlilləri,veteranları və şəhid ailələri” İctimai Birliyinin üzvü
11. Nuranə Abdullayeva - “Fizioterapiyanın İnkişafına Kömək” İctimai Birliyinin İdarə Heyətinin sədri, pediatr
12. Kübra Ələkbərova - “Təmas Regional İnkişaf İctimai Birliyi”nin icraçı direktoru, Gəncə Dövlət Universitetinin dosenti
Oxşar xəbərlər

Xırdalanda ictimai iaşə obyektində normativ tələblərin pozulduğu aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Məmməd Tofiq oğluna məxsus “Məhəllə” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Etiket məlumatları və müvafiq müşayiətedici sənədləri olmayan məhsulların satışa çıxarıldığı müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

İmişlidə fəaliyyət göstərən çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları İmişli şəhəri, N.Savalanov küçəsində fəaliyyət göstərən, Fərmanov Dirbaş Veysəl oğluna məxsus çörək emalı müəssisəsində yoxlama keçirib. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin məhsulların saxlanma şəraitinə və temperatur rejiminə əməl olunmadığı, emal prosesinin qaydalara uyğun həyata keçirilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.