AQTA yanında İctimai Şuranın üzvü: Qanunsuz və qeydiyyatsız kəsim yerləri risk mənbəyidir
13 Noyabr 2026 15:01
Heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin olunmasında ilk növbədə heyvanın sağlamlıq statusu, ikinci mərhələdə isə ətin emalı prosesinin düzgün təşkili mühüm əhəmiyyət kəsb edir. Bu fikirləri AQTA yanında İctimai Şuranın üzvü, ADA Universitetinin dosenti Asəf Ömərov səsləndirib.
Onun sözlərinə görə, qanunsuz fəaliyyət göstərən və qeydiyyatsız kəsim yerlərində ət məhsullarının çarpaz çirklənməsi riski daha yüksəkdir. Belə məntəqələrdə heyvan mənşəli tullantıların ətraf mühitə nəzarətsiz yayılması isə ekoloji problemlərə və sanitariya-gigiyena risklərinə səbəb olur.
Asəf Ömərov qeyd edib ki, heyvanın istehlakçının gözü önündə kəsilməsi onun sağlamlığına tam zəmanət vermir. Belə ki, bruselyoz və vərəm kimi bəzi xəstəliklər kliniki əlamətlər olmadan müşahidə edilə bilər.
“Bütün bu amilləri nəzərə alaraq, heyvanların gigiyenik-sanitariya tələblərinə cavab verən və qeydiyyata alınmış kəsim məntəqələrində kəsilməsi olduqca vacibdir”, – deyə Asəf Ömərov vurğulayıb.
Daha ətraflı:
Oxşar xəbərlər
Xətai rayonunda su emalı müəssisəsində nöqsanlar aşkarlanıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində fəaliyyət göstərən fiziki şəxs Hacıyev Şükür Asif oğluna məxsus su emalı müəssisəsində plandankənar yoxlama keçirilib. Yoxlama zamanı müəssisənin sanitar-gigiyenik və sanitar-texniki vəziyyətinin qənaətbəxş olmadığı müəyyən edilib. Eyni zamanda, istehsal sahələrində gigiyenik tələblərin pozulduğu, məhsulların etiketlərində istehsalçı, suyun mənbəyi, istehsal və son istifadə tarixləri barədə məlumatların düzgün qeyd edilmədiyi aşkarlanıb. Faktla bağlı inzibati protokol tərtib olunub, qablaşdırılmış məhsullardan nümunələr götürülərək laborator müayinələrə təqdim edilib. Nöqsanlar aradan qaldırılanadək müəssisədə istehsalın dayandırılması barədə qərar qəbul edilib.
AQTA-da heyvan kəsimi məntəqələrinin fəaliyyəti ilə bağlı sahibkarlarla görüş keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) heyvan kəsimi məntəqələrinin fəaliyyəti, baytarlıq nəzarətinin gücləndirilməsi və ət məhsullarının təhlükəsizliyinin təmin olunması ilə bağlı sahibkarlar və baytar həkimlərin iştirakı ilə görüş keçirilib. Görüşdə kəsim prosesinin qanunvericiliyin tələblərinə uyğun təşkili, heyvanların identifikasiyası, kəsim əməliyyatlarının AQTİS-də qeydiyyatı və ətin dövriyyəsində izlənəbilənliyin təmin edilməsi məsələləri müzakirə olunub. Kəsim məntəqələrində aparılmış qiymətləndirmələrin nəticələri də müzakirə edilib. Bəzi məntəqələrdə baytarlıq-sanitariya və digər tələblərlə bağlı nöqsanların aşkarlandığı bildirilib, sahibkarlara çatışmazlıqların müəyyən edilmiş müddətdə aradan qaldırılması tövsiyə edilib. Bildirilib ki, qanunvericilikdə edilmiş dəyişikliklərə əsasən, kəsim məntəqələrinin sahibləri baytar həkimləri özləri seçə, həmçinin AQTİ tərəfindən cəlb edilən mütəxəssislərlə yanaşı, əlavə baytar həkimlər də iştirak edə bilər. Bu dəyişiklik kəsim prosesində baytarlıq nəzarətinin operativliyinin və səmərəliliyinin artırılmasına xidmət edir. Diqqətə çatdırılıb ki, heyvanların identifikasiyası onların mənşəyinin və hərəkətinin izlənilməsi, xəstəlik risklərinin vaxtında müəyyən edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Kəsimdən sonra müvafiq məlumatlar AQTİS-də qeydiyyata alınmalıdır. Eyni zamanda, kəsim məntəqələrindən restoranlara, şadlıq evlərinə və digər ictimai iaşə obyektlərinə göndərilən ət məhsullarının müşayiətedici sənədlərlə təmin olunması diqqətdə saxlanılmalıdır. Bununla yanaşı, qanunsuz heyvan kəsimi hallarına qarşı nəzarət tədbirlərinin gücləndiriləcəyi vurğulanıb. Qanunvericiliyin tələblərini pozan, aşkar edilmiş nöqsanları aradan qaldırmayan sahibkarlar barəsində müvafiq inzibati tədbirlər görüləcəyi bildirilib. Qeyd olunub ki, heyvan kəsimi məntəqələrində tələblərə əməl olunması, baytarlıq nəzarətinin düzgün təşkili və ətin mənşəyinin izlənilməsi istehlakçı sağlamlığının və qida təhlükəsizliyinin qorunmasının əsas şərtlərindəndir.
Qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri davam etdirilir
Qəhvəyi mərmər bağacığının yayılmasının qarşısının alınması istiqamətində Şəki-Zaqatala regionunda növbəti tədbirlər keçirilib. Tədbirlər çərçivəsində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları yaşayış məntəqələrində, təhsil müəssisələrində, ictimai yerlərdə və aqrar təsərrüfatlarda əhali ilə maarifləndirici görüşlər təşkil edib. Görüşlərdə zərərvericinin yayılma xüsusiyyətləri, kənd təsərrüfatına vurduğu zərər və mübarizə üsulları barədə məlumat verilib. Qəhvəyi mərmər bağacığının qışlamaq üçün yaşayış evlərinə, anbarlara, tövlələrə və digər qapalı məkanlara sığındığı diqqətə çatdırılıb. Bildirilib ki, payız-qış dövründə mexaniki mübarizə tədbirlərinin aparılması böyük əhəmiyyət daşıyır, aşkar edilən zərərvericilərin toplanaraq məhv edilməsi onların çoxalmasının qarşısını alır. Qeyd edək ki, qəhvəyi mərmər bağacığına qarşı mübarizə ilboyu diqqətdə saxlanılmalı, xüsusilə qış dövründə mexaniki mübarizə tədbirləri davamlı həyata keçirilməlidir. Hər bir vətəndaşın bu prosesdə fəal iştirakı mübarizənin səmərəliliyini artıracaq və kənd təsərrüfatı məhsullarının qorunmasına mühüm töhfə verəcək.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş