AQTA yanında İctimai Şuraya növbəti seçkilər keçirilib
12 Aprel 2023 17:04
12 aprel 2023-cü il tarixində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yanında İctimai Şuranın üzvlərini müəyyənləşdirmək məqsədilə səsvermə keçirilib. Seçki komissiyasının qərarına əsasən cari ilin 3 fevral tarixli elanı əsasında İctimai Şuraya üzvlüklə bağlı müraciət edən hər bir vətəndaş cəmiyyəti institutunun nümayəndəsi namizəd kimi qeydə alınıb. Səsvermə prosesində 52 vətəndaş cəmiyyəti institutunun nümayəndəsi iştirak edib.
Səsvermə prosesinin mövcud qanunvericiliyin tələblərinə əsasən təşkilini, eyni zamanda tam şəffaf və ədalətli keçirilməsini təmin etmək məqsədilə, bütün lazımi sənədləri özündə ehtiva edən məlumat löhvələri, səsvermə qutusu və digər lazımi avadanlıqlarla təmin edilmiş seçki otağı hazırlanıb. Bununla yanaşı, seçici sayını nəzərə alaraq, seçki komissiyasının qərarına əsasən 56 nüsxə seçki bülleteni hazırlanaraq çap edilib.
Seçki prosesinin sonunda səsvermə qutusu açılıb və Seçki Komissiyasının üzvlərinin iştirakı, müşahidəçilərin nəzarəti altında səslər hesablanıb. Səsvermənin nəticələrinə əsasən namizədliyi irəli sürülmüş 12 namizəddən aşağıda adları qeyd olunan 9-u AQTA yanında İctimai Şuranın üzvü seçilib.
1. Abbasov Pərvin Əkbər oğlu - “Report” İnformasiya Agentliyinin baş redaktorunun müavini
2. Abdullayev Əbdülhüseyn Məmməd oğlu - “Azərbaycan Gübrə İstehsalçıları və İdxalatçıları Assosiasiyası” İctimai Birliyinin sədri
3. Eyyubov Samir Kürdoğlu oğlu - "Azərbaycan Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları Assosiasiyası”nın İdarə Heyətinin sədri
4. Məmmədov Amin Fəramiz oğlu - Azərbaycan Milli QHT Forumunun (MQF) Beynəlxalq Əlaqələr Mərkəzinin Rəhbəri
5. Qaraşov Fərhad Arif oğlu - “Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri
6. Quliyev Bəşir Şain oğlu - “Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası”nın İdarə Heyətinin sədri
7. Səfərov Nazim Faiq oğlu - “Azərbaycan Heyvandarlıq Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri
8. Şamilov İlqar Şahvələd oğlu - "Qidalanma və Sağlamlıq" İctimai Birliyinin sədri
9. Zülfüqarlı Aytac Sədrəddin qızı - Qadın və Uşaqların İnnovativ Maarifləndirilməsinə Dəstək İctimai birliyinin sədri
AQTA yanında İctimai Şura qida təhlükəsizliyi sahəsi üzrə qanunvericilik bazasının təkmilləşdirilməsinə, ümumdövlət və yerli səviyyədə qərarların qəbuluna, institusional inkişafın və ölkədə qida təhlükəsizliyinin təmin edilməsinə əhəmiyyətli töhfə verəcəkdir. Eyni zamanda, qida təhlükəsizliyi sahəsində hazırlanacaq qanunvericilik aktları, qaydalar, texniki normativ hüquqi aktlar və digər metodiki göstərişlər ictimai rəy nəzərə alınmaqla, sahibkarların, istehlakçıların və vətəndaş cəmiyyəti üzvlərinin iştirakı təmin olunmaqla təkmilləşdiriləcəkdir.
Qeyd edək ki, İctimai Şura mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflığı, ictimai nəzarətin həyata keçirilməsi, dövlət siyasətinin formalaşdırılması, icrası və qərarların qəbulu zamanı ictimai rəyin nəzərə alınmasını təmin etmək məqsədilə “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təsis edilən və ictimai əsaslarla fəaliyyət göstərən birlikdir.
Oxşar xəbərlər
Alma və armud bağlarında dəmgil xəstəliyinə qarşı mübarizə tədbirləri
Bitki sağlamlığının qorunması istiqamətində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin fitosanitar müfəttişləri tərəfindən bitkiçilik təsərrüfatlarında mütəmadi monitorinqlər aparılır, təsərrüfat sahiblərinə bitki xəstəliklərinin vaxtında aşkarlanması və onlara qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi ilə bağlı maarifləndirici məlumatlar verilir. Cari mövsümdə respublikanın Şimal və Şimal-Şərq bölgələrində müşahidə olunan qeyri-sabit hava şəraiti, yağıntılı günlərin tez-tez təkrarlanması və havanın nisbi rütubətinin yüksək olması alma və armud bağlarında dəmgil xəstəliyinin inkişafı və yayılması üçün əlverişli şərait yarada bilər. Dəmgil tumlu meyvə bitkilərində, xüsusilə alma və armudda geniş yayılmış göbələk mənşəli xəstəliklərdən biridir. Xəstəlik əsasən bitkinin yarpaqlarını, zoğlarını və meyvələrini zədələyir. Yarpaqların səthində əvvəlcə zeytuni-qonur, sonradan isə daha tünd rəng alan ləkələr əmələ gəlir. Güclü sirayətlənmə zamanı yarpaqlar quruyaraq vaxtından əvvəl tökülə bilər. Bu isə fotosintez prosesinin zəifləməsinə və məhsuldarlığın aşağı düşməsinə səbəb olur. Yoluxmuş meyvələrin səthində tünd rəngli, aydın seçilən ləkələr yaranır. Meyvələr inkişafın erkən mərhələsində zədələndikdə ləkələrin altında mantarlaşmış toxuma əmələ gəlir, nəticədə meyvələrin normal inkişafı pozulur, forması dəyişir və zədələnmiş hissələrdə çatlar yaranır. Yetişməyə yaxın dövrdə yoluxmuş meyvələrdə isə ləkələr əmələ gəlsə də, deformasiya və çatlama daha az müşahidə oluna bilər. Dəmgil xəstəliyi məhsulun xarici görünüşünü və əmtəəlik keyfiyyətini aşağı salır, meyvələrin saxlanma qabiliyyətinə mənfi təsir göstərərək məhsul itkilərinin artmasına səbəb ola bilər. Xəstəliyin inkubasiya müddəti ətraf mühit şəraitindən, temperaturdan və yarpaqların nəm qalma müddətindən asılı olaraq dəyişir və əlverişli şəraitdə təxminən 8–21 gün davam edə bilər. Yüksək nisbi rütubət və yağıntılı hava şəraiti göbələyin inkişafı və xəstəliyin yayılması üçün əlverişli şərait yaradır. Xəstəliyin əsas ilkin infeksiya mənbələrindən biri torpağa tökülmüş yoluxmuş yarpaqlardır. Yaz aylarında həmin yarpaqlarda formalaşan sporlar külək və yağıntılar vasitəsilə yayılaraq yeni yarpaqları və meyvələri yoluxdura bilər. Yağıntılı hava şəraiti davam etdikdə vegetasiya dövrü ərzində təkrar yoluxma riski də artır. Dəmgil xəstəliyinin yayılmasının qarşısını almaq və məhsul itkilərini azaltmaq üçün aqrotexniki, sanitariya və kimyəvi mübarizə tədbirləri kompleks şəkildə həyata keçirilməlidir: • Sanitariya tədbirləri: Vegetasiyanın sonunda yerə tökülmüş yoluxmuş yarpaqlar və meyvələr bağdan yığılmalı, qüvvədə olan fitosanitar və ekoloji tələblərə uyğun qaydada məhv edilməli və ya zərərsizləşdirilməlidir. Bu tədbirlər növbəti vegetasiya dövründə ilkin infeksiya mənbələrinin azalmasına kömək edir. • Budama və çətirin seyrəldilməsi: Ağacların vaxtında budanması, sıxlaşmış budaqların seyrəldilməsi və çətirdaxili havalanmanın yaxşılaşdırılması təmin edilməlidir. Bu, yarpaqların uzun müddət nəm qalmasının qarşısını almağa və xəstəliyin inkişaf riskini azaltmağa kömək edir. • Aqrotexniki qulluq: Cərgəaraları və torpaq müvafiq qaydada becərilməli, ağacların düzgün formalaşdırılması və bağın fitosanitar vəziyyətinə müntəzəm nəzarət təmin edilməlidir. • Monitorinq: Xüsusilə yaz aylarında, tumurcuqların açılması və çiçəkləmə dövründə ağaclar mütəmadi yoxlanılmalı, xəstəliyin ilkin əlamətləri vaxtında müəyyən edilməli, hava şəraiti və yoluxma riski nəzərə alınmalıdır. • Kimyəvi mübarizə: Alma və armud bağlarında dəmgil xəstəliyinə qarşı Bordo məhlulundan və digər fungisidlərdən istifadə edilə bilər. Bordo məhlulu mis sulfat və əhəng əsasında hazırlanan təmas təsirli vasitədir. Onun tətbiqi bitkinin inkişaf mərhələsi və preparatın istifadə təlimatı nəzərə alınmaqla həyata keçirilməlidir. Funqisid preparatlarının tətbiq norması, çiləmələrin sayı və müddəti yalnız təsdiq edilmiş etiket məlumatlarına əsasən müəyyən edilməlidir. Yağıntılı və yüksək rütubətli dövrlərdə xəstəliyin yayılma riski nəzərə alınmalı, mübarizə tədbirləri vaxtında aparılmalıdır. Dəmgil xəstəliyinə qarşı aqrotexniki, sanitariya və kimyəvi mübarizə tədbirlərinin vaxtında və düzgün həyata keçirilməsi xəstəliyin yayılma riskini azaltmağa, bitkilərin sağlamlığını qorumağa, itkilərin qarşısını almağa və keyfiyyətli məhsul əldə etməyə imkan verir.
Qoşqar Təhməzli sahibkarları qəbul edəcək
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli noyabrın 5-i saat 14:00-da Agentliyin inzibati binasında qida sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edəcək. Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı, daşınması, satışı və sair sahələrdə çalışan şəxslər onları narahat edən məsələlərlə bağlı Agentlik sədri ilə görüşə bilərlər. Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək info@afsa.gov.az elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 77) 100 32 56 nömrəsinə zəng vurmaqla, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla noyabrın 4-ü saat 14:00-dək qəbula yazıla bilərlər.
Fermadan süfrəyədək: Heyvan mənşəli məhsulların izlənməsi niyə vacibdir?
Ərzaq təhlükəsizliyinin təmin olunmasında heyvan mənşəli məhsulların sağlamlığı və təhlükəsizliyi mühüm əhəmiyyət daşıyır. Bu məhsulların təhlükəsizliyi isə birbaşa heyvanların sağlamlıq vəziyyəti və onların identifikasiyası ilə bağlıdır. Bu barədə ADA Universitetinin Aqrar və Qida Elmləri Məktəbinin Heyvandarlıq elmləri üzrə dosenti, professor Asəf Ömərov bildirib ki, heyvanların identifikasiyası onların vahid və unikal kod altında qeydiyyata alınmasını nəzərdə tutan kompleks sistemdir. Bu sistem vasitəsilə heyvanların keçirdiyi xəstəliklər, aldığı baytarlıq preparatları, müayinələri və digər məlumatlar vahid kod altında toplanır. Onun sözlərinə görə, identifikasiya sistemi heyvanların sağlamlıq tarixçəsini izləməyə, alıcıların heyvanlar barədə ətraflı məlumat əldə etməsinə və heyvan mənşəli məhsulların istehsaldan istehlaka qədər izlənməsinə imkan yaradır. Asəf Ömərov qeyd edib ki, rəqəmsal texnologiyaların tətbiqi bu prosesi daha da asanlaşdırır. Məhsullar üzərində yerləşdirilən QR kodlar və ya unikal kodlar vasitəsilə istehlakçılar və sahibkarlar müvafiq məlumatları əldə edə, məhsulun izlənməsini təmin edə bilərlər.
Giriş