AQTA yanvarın 1-dən qüvvəyə minəcək yeni qanunla bağlı sahibkarlara müraciət edib
21 Dekabr 2022 11:15
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 2023-cü il yanvarın 1-dən qüvvəyə minəcək “Qida təhlükəsizliyi haqqında” Qanunla bağlı sahibkarlara müraciət edib.
Qanunun qəbul olunması ölkədə insanların həyat və sağlamlığına mümkün təhlükənin qarşısının alınmasında, qida məhsullarının istehsal və emalı zamanı təhlükəsizlik və minimum keyfiyyət tələbləri ilə bağlı norma və qaydalara əməl edilməsinə dövlət nəzarətinin gücləndirilməsində əhəmiyyətli rol oynayacaq.
Məlum olduğu kimi, yeni qanun qida təhlükəsizliyi sistemi üzrə bir çox yeniliklərin hüquqi bazasını formalaşdırmaqla yanaşı, sahibkarlara dövlət dəstəyi siyasəti çərçivəsində bəzi inzibati prosedurların sadələşdirilməsini də nəzərdə tutur.
AQTA qida sahəsində fəaliyyət göstərən hər bir sahibkarı bu qanunun müddəaları ilə yaxından tanış olmağa və öz fəaliyyətlərini yeni qanunun tələblərinə uyğun qurmağa çağırır.
Bildirilir ki, yeni qanuna əsasən, 1 yanvar 2023-cü il tarixindən etibarən sahibkarlıq subyektlərini bir sıra yeniliklər gözləyir. Yeni ildən etibarən təsdiqi tələb olunan xaricdəki qida obyektlərindən məhsul idxalına yalnız obyekt təsdiq edildikdən sonra icazə veriləcək. Bəzi ölkələrin təsdiq sisteminin ekvivalentliyinin tanınması avtomatik olaraq, bəzi ölkələrdə isə qiymətləndirmə aparılmaqla həyata keçiriləcək. Bioloji aktiv qida məhsulları, qida və yem əlavələri və təbii mineral sular dövlət qeydiyyatına alındıqdan sonra onların istehsalı, emalı və dövriyyəsinə icazə veriləcək. Qida məhsullarının, o cümlədən mineral suların üzərində “müalicəvi” sözünün yazılmasına icazə verilməyəcək və bu cür məhsulların idxalı, istehsalı mümkün olmayacaq. Qida məhsullarının markalanmasında Azərbaycan dilində məlumatlar olmadıqda, həmin məhsulların idxalına və dövriyyəsinə icazə verilməyəcək. Qida məhsullarının markalanmasında qida məhsullarına xas olmayan təsir və ya xassələrin göstərilməsinə, habelə eynixassəli oxşar qida məhsullarının hər birinə məxsus xassələrin xüsusi xassələr kimi təqdim edilməsinə icazə verilməyəcək. Bəzi yüksək riskli qida məhsullarının idxalı üçün həmin məhsulların təhlükəsizliyini təsdiq edən sənədlə müşayiət olunması tələbi qüvvəyə minəcək. Bütün qida və yem məhsulları məhsul idxal olunmamışdan əvvəl bildiriş göndərildikdən, idxal olunduqdan sonra isə sənəd nəzarəti, eynilik nəzarəti və fiziki nəzarətdən keçdikdən və idxal sağlamlıq aktı verildikdən sonra dövriyyəyə buraxılacaq. Qida ilə təmasda olan material və məmulatların idxalı zamanı onlara Agentlik tərəfindən verilən idxal sağlamlıq aktı, yerli istehsal olduqda isə obyektlərin qeydiyyatı tələb olunacaq. Aşağı riskli məhsullara aid qida obyektlərinin qeydiyyatı avtomatik, yüksək riskli məhsullara aid obyektlərin təsdiqi isə tələblərə uyğunluğu qiymətləndirilməklə həyata keçiriləcək. Obyektlərin və subyektlərin qeydiyyatı dövlət rüsumu tələb olunmadan, təsdiqi isə mikro və kiçik sahibkarlıq subyektləri üçün rüsumsuz, orta və iri subyektlər üçün isə vahid məbləğ (150 manat) olmaqla ödəniləcək. Yem məhsullarının dövlət qeydiyyatı “yem zəncirinə” nəzarətlə əvəz olunacaq. Özəl laboratoriyalar akkreditasiya ilə yanaşı, AQTİ-nin səriştəlilik sınaqlarından keçdikdən sonra onların nəticələri qəbul ediləcək.
Sahibkarların nəzərinə çatdırırıq ki, yeni qanunla bağlı sualları yarandığı təqdirdə, Agentliyin “1003-Çağrı Mərkəzi”nə zəng vuraraq müraciət edə bilərlər. “Qida təhlükəsizliyi haqqında” Qanunun tam mətni və izahedici məlumatlarla AQTA-nın media resurslarından – afsa.gov.az saytı və sosial şəbəkə hesablarından tanış olmaq mümkündür.
Oxşar xəbərlər

Saxta süd məhsullarının sosial media səhifəsində satışa çıxarıldığı müəyyən edilib
Sosial media platformasında satışı həyata keçirilən qaymağın keyfiyyətinin aşağı olması ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə daxil olan müraciət əsasında Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi, “Salty Park” yaşayış kompleksi, giriş 1, ev 295 ünvanında yoxlama keçirilib. Baxış zamanı fiziki şəxs Nəzərova Könül Sabir qızının istehsalçı müəssisələrdən tərkibində quru süd və süd yağı əvəzedicisi olan müxtəlif növ süd məhsullarını (qaymaq, pendir və s.) alıb etiketini çıxararaq, “təbii süd məhsulu” adı altında, müşayiətedici sənədləri olmadan “TikTok” və “İnstagram” sosial media səhifələrində satışını həyata keçirdiyi aşkarlanıb. Eyni zamanda süd məhsullarının temperatur rejimi gözlənilmədən, soyuducu avadanlıqla təmin edilməyən minik avtomobili vasitəsilə müştərilərə çatdırıldığı müəyyən edilib. Faktla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb, qanunsuz fəaliyyətin qarşısı alınıb. Qeyd edək ki, saxta məhsulların satışı istehlakçıların hüquqlarının pozulmasıdır. Saxlama şəraitinə riayət olunmadan məhsulların satışı isə mikrobioloji çirklənməyə səbəb ola bilər ki, bu da insan sağlamlığı üçün təhlükəli hesab olunur. Vətəndaşlar qida təhlükəsizliyi sahəsində istehlakçı hüquqlarının pozulması və qanunazidd hallarla rastlaşdıqda, bu barədə konkret faktlarla Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat verə bilərlər. Müraciət daxil olduqdan dərhal sonra araşdırmalara başlanılacaq və qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcəkdir.

Bərdədə heyvan satışı bazarında ciddi nöqsanlar müəyyən edilib
Bərdə rayonu, Alpoud kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus heyvan satışı bazarında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı plandankənar yoxlama aparılıb. Baxış zamanı bazarda satışa çıxarılan müxtəlif çeşiddə ət məhsullarının və unlu qənnadı məmulatlarının temperatur rejiminə əməl edilmədən və birbaşa günəş şüaları altında saxlandığı, əl yuma çanaqlarının mövcud olmadığı, qida məhsulları ilə təmasda olan səthlərin korroziyaya uğradığı və natəmiz olduğu, qida məhsulları üçün ayrıca yuma sahəsinin təşkil edilmədiyi, işçi heyətin gigiyena qaydalarına riayət etmədiyi və xüsusi geyimlə təmin olunmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi aşkarlanıb. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

Sabirabadda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb
Sabirabad rayonu, Qaragüney kəndində fəaliyyət göstərən Bayramov İlqar Musa oğluna məxsus ”Dərələyəz” kafesində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları yoxlama keçirib. Baxış zamanı kafedə sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu, qida məhsullarının saxlanması zamanı temperatur rejiminə əməl olunmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi, işçinin tibbi müayinədən keçmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı kafenin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.